18 Yanvar 2022
Ölkə futbolu

“Qəbələ”nin meneceri: “Qarşı tərəfə təklifimizi bildirmişik, cavab gözləyirik”

“Qəbələ”nin baş meneceri Nail Kərimov “West Hospital”la əməkdaşlıq müqaviləsinin təqdimetmə mərasimindən sonra fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, Kərimov jurnalistlərin suallarını cavablandırıb:

– Bu əməkdaşlıq akademiya komandalarını da əhatə edəcək?
– Bütün klubu əhatə edəcək. Bura aşağı yaş qrupları da daxildir. Ancaq bu komandalarda ciddi zədələr az olur və əksəriyyəti öz tibbi personalımız tərəfindən aradan qaldırılır. Bəzən müraciətlər gəlir, bu zaman yeni tərəfdaşımız bizə köməklik edəcək.

– Qarşıda yeni əməkdaşlıqlarla bağlı konkret planlar var?
– Mövsümün əvvəlində biz yeni əməkdaşlıq müqaviləsi imzaladıq. Bu, büdcəmizə dəstək oldu. “West Hospital”la əməkdaşlığımız ikincidir. Bundan sonra 3-cü tərəfdaşla münasibətlərimizin rəsmiləşdirilməsi gözlənilir. Ancaq hələ danışıq mərhələsi olduğundan, ad açıqlamaq düzgün olmaz.

– Hospitalın nümayəndəsi sizinlə Antalya toplanışına gedəcək?
– Yerində baş verən hadisələrə müdaxiləni əsasən klub həkimləri edir. Məsələ ciddiləşəndə xəstəxanalara müraciət edirik. Təcili müdaxilə lazım olarsa, Türkiyədə ediləcək, Bakıya dönmək mümkündüsə, bu variantı seçəcəyik.

– Ürfan Abbasov zədəlidir. O, əməliyyat olunacaq?
– İlk diaqnoz əməliyyat göstərildi. Sonrakı məsləhətləşmələr bir aylıq müalicənin işə yaraya biləcəyini göstərdi. Praktikada belə hadisələr baş verib. Hazırda bir aylıq müalicəni üstün tuturuq. Bu müddətin sonunda yenidən baxış keçiriləcək.

– Bir ay az müddət deyil. Həmin mövqeyə oyunçu gətirəcəksiz?
– Mətbuatda bu haqda məlumat çıxmışdı. Turan Manafovla danışıqlar aparırıq. Qarşı tərəfə təklifimizi bildirmişik, cavab gözləyirik.

– “Qəbələ” bu əməkdaşlıqdan maddi qazanc əldə edəcəkmi?
– Maddi qazancımız da var. Amma bunun ənənəyə çevrilməsi bizim üçün vacibdir. Klubumuzun son illərdə yanaşması mümkün qədər tərəfdaşın toplanması istiqamətindədir. Bunu Avropada izləyirik. 2-3-cü liqa klublarının da çoxlu sayda əməkdaşlıq müqavilələri var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizin qapıçısı zədələndi – FOTO

admin

AFFA azarkeşlərə görə “Qarabağ”ı cəzalandırdı

admin

“Simurq” Bakıya itkilərlə gəlir

admin