İdman

“Qələbədə azarkeşlərin də böyük payı oldu” – millimizin oyunçusu

“Kosovonu məğlub etmək sevindirici haldır. İlk dəfədir ki, azarkeşlərimiz önündə dünya çempionatının seçmə mərhələsində qələbə qazandıq. Çox çətin oyun oldu. Kosovo olduqca sərt komandadır. Biz də əla mübarizə apardıq, gücümüzü göstərdik. Bu qələbədə azarkeşlərin böyük payı oldu”.

Bu sözləri İdmanxeber.az saytına basketbol üzrə milli komandamızın oyunçusu Şirzad Şirzadov DÇ-2027 seçmə mərhələsi çərçivəsində qalib gəldiyimiz Kosovo oyunu (87:77) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Hədəfimiz qrupdan çıxmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Dünənki görüşdə ab-hava möhtəşəm idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Öz vaxtlarını ayırıb matçımıza, bizə dəstək olmağa gəliblər. Heyətimiz də güclüdür. Cavan oyunçular çoxluq təşkil edir. Əminəm ki, bu heyətlə yaxşı işlər görəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda İsveçrə, İrlandiya və Kosovo komandaları ilə birgə mübarizə aparır. Yığmamız qrupun ilk görüşündə səfərdə İsveçrəyə məğlub olub.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43