09 Yanvar 2025
Ölkə futbolu

“Qəbələ”nin legioneri ümid verdi: “Bir qələbə ilə hər şey düzələcək”

Mövsümə gözlənilməz başlanğıc edən “Qəbələ” komandası 4 oyundan sonra xal qazana bilməyib. Əyalət təmsilçisi “Sabah” və “Neftçi”yə məğlub olmaqla yanaşı, debütant “Araz Naxçıvan” və “Sumqayıt”la görüşlərdə də meydanı xalsız tərk etdi. 

“Qırmızı-qaralar” mövsümə avrokuboklarda “Omoniya” oyunu ilə yaxşı start versə də, sonradan gözlənilməz eniş başladı və hələ də davam edir. Qarşıdakı turda isə “Qəbələ” mövsümə möhtəşəm başlanğıc edən “Zirə”ni qonaq edəcək. Bu oyun və ümumən komandadakı problemlərlə bağlı əyalət təmsilçisinin aparıcı üzvlərindən olan Əyyub Allaşla söhbət etdik:

– “Qəbələ” mövsümə evdəki “Omoniya” oyuna ilə yaxşı başladı. Bəs, bundan sonra nə baş verdi?

Bəli, həmin oyunda çox yaxşı çıxış etdik, başlanğıc üçün əla idi. Amma daha sonra durum dəyişdi. Nə baş verdiyini bilmirəm. Amma məncə, problem psixolojidir. Bu durumdan çıxmaq üçün komanda şəklində çalışmalıyıq.

– 4 oyundan sonra komandanın xalı yoxdur. Belə başlanğıc yəqin ki, gözləmirdiniz…

Təbii ki, gözlənilməzdir. Belə olacağı ağlıma belə gəlməzdi. Ancaq hələ mövsüm yeni başlayıb. Sakit, soyyuqqanlı olmaq lazımdır. Bilirəm, belə durumlarda səbir göstərmək çətindir. Vəziyyətdən çıxacağımıza inanıram. Bunun üçün isə bir olmalı, komanda şəklində daha yaxşı mübarizə aparmalıyıq. Bir qələbə hər şeyi düzəldəcək. 

– “Sabah” və “Neftçi” məğlubiyyətləri hardasa başadüşüləndir. Ancaq debütant “Araz Naxçıvan”la oyunda da xal qazana bilmədiniz..

Həmin oyunda da gördük ki, hamı hər kəsi məğlub edə bilər. Futbolda artıq belə bir şey yoxdur. “Araz Naxçıvan” I Liqadan gəlib deyə, hamıya uduzmalıdır? Məsələn, “Qarabağ” sonuncu turda xal itirdi. “Araz Naxçıvan” görüşü bizə dərs olmalıdır. Futbolda artıq kimin-kimi udacağı bilinmir. Hər şey çətinləşib. Öncədən hansı komandanın qalib gələcəyi bilinmir.

– Adətən belə vəziyyətlərdə yükü çiyinlərinə götürüb, komandanı çətin durumdan çıxaran oyunçu olmalıdır. Sanki “Qəbələ”də belə lider yoxdur…

Bəli, bacara bilərik. Amma unutmayaq ki, komandadan çox futbolçu ayrıldı. Əsas heyətdən 7-8 isim “Qəbələ” ilə vidalaşdı. Bütün çətinliklərin problemi budur. Azarkeşlər səbirli davransın və komandaya güvənsin. Düzdür, hazırda avrokubok barədə nəsə deək doğru deyil. Amma təbbi ki, orada olmağı biz də istəyirik. Gləcəkdə nələr olacağını birlikdə görəcəyik.
-Qarşıda sizi çempionatın lideri “Zirə” ilə çətin oyun gözləyir. Xal qazanmaq mümkün olacaq?
Güclü olduqlarını bilirik. Mövsümə çox yaxşı başlayıblar. Ancaq bu o demək deyil ki, “Zirə” ilə oyunda xal qazana bilməyəcəyik. Komanda şəklində oyunlara yaxşı köklənə bilsək, hamını məğlub edə bilərik. 
Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43