23 Dekabr 2024
Kateqoriyasız

“Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım” – Rəşad Sadıqov

“Bizim üçün gərgin oyun oldu. Çempionatın sonuna yaxınlaşdıqca, futboldan savayı futbolçularda əlavə psixoloji basqı olur. Bunu ilk yarıda hiss edirdik. Gözləyirdik ki, ilk yarı bizim üçün daha çətin olacaq. Səbrli, təmkinli oynayaraq, ikinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq. Şükür Allaha istədiyimizə nail olduq. İkinci hissədə daha hücumameyilli oynadıq, qol epizodlarımız da var idi. Qələbə qazanmasaydıq belə, futbolçularımdan razı qalacaqdım. Xüsusilə də ikinci yarıda göstərdiyimiz futbola görə. Çox vacib, kritik oyun idi. “Qəbələ” də bu gün məğlub olmuşdu. Üçüncülük üçün vacib və önəmli qələbə oldu. Bu cür qələbələr komandadakı özünəinamı artırır. Futbolçular sona qədər mübarizə apardı, ruhdan düşmədilər. Ən vacibi də o idi ki, kor-koranə hücum etmirdilər. Düşünülmüş hücumlar etməyə çalışırdılar. Bu da mənim üçün çox vacib idi. “Sumqayıt” son oyunda “Qəbələ”yə qarşı çox yaxşı oyun keçirmişdi. Görünürdü ki, komandada canlanma və irəliləyiş var. Bu gün də onun şahidi olduq. Çox yaxşı oyun keçirdilər. Bizə vacib olan qələbəni qazandığımıza görə Allaha şükür edirəm”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib. Premyer Liqanın 24-cü turunda “Sumqayıt”a qarşı keçirilən matçdan sonra mətbuat konfransında danışan Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

– Coşqun Diniyev mərkəzdə çox top itkilərinə yol versə də, demək olar ki, sona qədər onu meydanda saxladınız. Bu, ona olan inamdan irəli gəlirdi, yoxsa onu əvəzləyəcək ehtiyat oyunçu yox idi?
– Yox, ehtiyatda oyunçumuz var. Əvvəlcə Davit Volkovu meydana buraxaraq hücum xəttini gücləndirdik. Hücumdakı kreativliyi artırmaq üçün Ahmet Ayzayanı da oyuna buraxdıq. Oyunun sonlarına yaxın Coşqun yorulmuşdu. Çünki o, həm keçən oyunda, həm də bu oyunda ilk dəqiqələrdən meydanda çox işləyirdi. İmkan olsaydı, 5-10 dəqiqə daha tez dəyişmək olardı. Coşqunun yaxşı oynadığı matçlardan biri oldu. Top itkiləri olacaq. Aparıcı oyunçumuzdu, arxadan oyunumuzun qurulmasında əsas iş ondan keçir. Top itkiləri qaçılmazdı. Əsas olan futbolçunun oyuna yanaşması və verilən tapşırıqları icra etməsidi. Bu baxımdan da hər hansı problem hiss etmədim.

– Ağır oyun olduğunu özünüz də vurğuladınız. Yorğunluğun fonunda “Neftçi” ilə kubok matçına hazırlaşmaq çətin olmayacaqki?
– Bu, bizim üçün elə oyun idi ki, bundan sonraki oyunu fikirləşə bilməzdik. Kubok oyunu elədir ki, uduzsan kənarda qalırsan. Finala çıxmaq belə, avrokuboklara vəsiqə vermir. Mənim üçün “Zirə”nin avrokuboklar yolunda, bu oyun daha önəmliydi. Bütün gücümüzü, fikrimiz bu oyuna yönəltdik. Bundan sonra artıq “Neftçi” ilə cavab oyununu fikirləşəcəyik. Beş gün keçdikdən sonra oynayacağıq. “Neftçi” də az güc sərf etməyib. “Səbail”lə gərgin oyun keçirib, bildiyim qədərilə azlıqda qalıb. Hər iki komandanın şəraiti eyni olacaq. Burada daha soyuqqanlı və inamlı oynayan növbəti mərhələyə keçəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43