“Maraqlı oyun oldu. 60-65 dəqiqə “Qalatasaray”a qarşı çox yaxşı mübarizə apardıq. Sonra isə komandalar arasındakı səviyyə fərqi özünü göstərdi”.
Bu sözləri İdmanxeber.az saytına Türkiyənin I Liqa klubu “Boluspor”da çıxış edən Vüsal İsgəndərli ölkə kubokunda “Qalatasaray”a qarşı oyun (1:4) barədə danışarkən deyib. Millimizin sabiq üzvü görüşdə fərqlənməsindən də danışıb:
“Çox sevindirici haldı. Açığı, bu günə qədər hansı azərbaycanlı futbolçunun “Qalatasaray”a qol vurmadığını bilmirdim. Bunu sosial şəbəkələrdən öyrəndim. Açığı, “Qalatasaray”a vurduğum qolun karyerama necə təsir edəcəyini zaman göstərəcək. İnşallah, qolların davamı gəlsin. Əsas çempionat görüşlərində də fərqlənmək istəyirəm”.
İsgəndərli “Qalatasaray” matçının ardından hansısa futbolçudan forma alıb-almaması barədəki suala belə cavab verib:
“Nə klubda, nə də millidə oynayarkən heç bir oynçudan forma istəyən deyiləm. Nəsə belə şeylərdən xoşum gəlmir. Ancaq ən yaxın dostum Abdulkerim Bardakçının azarkeşidi, onun formasını istəmişdi. Mən də dostumun xətrinə Abdulkerimin formasını aldım”.
29 yaşlı futbolçu ölkəmizdən təkliflərinin olduğunu da sözlərinə əlavə edib:
“Qışda Azərbaycana qayıda bilərdim. Ölkəmizdən təkliflər var idi. Ancaq gəlmək istəmədim. “Boluspor”da qalmağa üstünlük verdim. Burada yaxşı çıxış edib, özümü sübut etmək istəyirəm”.
Həsən Quluzadə