22 Oktyabr 2024
Ölkə futbolu

Qaldığımız yerdən davam…

Bu oyunda Fernandu Santuşla bağlı yazacaq bir şey yoxdur. Kiməsə xoş gəlsin deyə, hansısa əcnəbi mütəxəssisə nə gəldi demək, yazmaq heç də ədalətli mövqe deyil. Hə, “bunu yerli məşqçilər də edə bilər” deyirsinizsə, bu yanaşma da yalnışdı. Çünki bizə bunu edə biləcək yox, nəticə qazanacaq məşqçi lazımdır. Milli uduza-uduza gedəcəksə, kənarda hansı milliyətdən birinin durduğunun önəmi yoxdur.

Üstəlik Slovakiya oyununda milli heç də uduzmağa layiq deyildi. Hesabda geri düşəndən sonra komanda reaksiya göstərə bildi, rəqibə təzyiq edildi, bacardığımız qədər hücumlar da qururduq. Məntiqi sonluğa çatmaq konkret səviyyə, bacarıq məsələsidir ki, o da bizdə yoxdu. Bununla belə hesabı bərabərləşdirdik.

İkinci hissəni isə xüsusi vurğulamaq lazımdır. İlk 15-20 dəqiqədə kifayət qədər yaxşı oyun var idi. Sadəcə irəlidə yaradıcılıq, hücumu tamamlayacaq oyunçulara ehtiyac var. Bu işlər yalnız irəli-geri qaçan Ramil Şeydayevlə, bacarıqsız, məsuliyyətsiz Mahir Emreliylə, sonuncu dəfə qol vurduğu yadında çıxan Renat Dadaşovla olan deyil. Əgər ikinci yarının başlanğıcında rəqibə qol vura bilsəydik, işlər başqa istiqamətə gedə bilərdi. Amma olmadı. Və rəqib oyunu bərbərləşdirdi, sonrası da bəllidi.

Mahirin yaramazlığı barədə isə ümumiyyətlə, danışmağa dəyməz. Ən böyük problem millinin bu cür qeyri-peşəkar, milli-mənəvi duyğulardan uzaq oyunçulara möhtac qalmasıdır.

Nəhayət, 4 oyun və sıfır xal. Dünənki oyunun tablosuna Emrelini yaza bilərik. Ancaq ümumi mənzərə daha ağırdır.

Azərbaycan futbolu iflas edib. Sahənin bütün sütunları çöküb, məhv olub. Kağız üzərində yazı-pozudan başqa heç nə qalmayıb. Əsas millinin biabırçı nəticələri bir yana, onların yerinə gələcək gənclər də indidən məğlubiyyətlə barışıblar. Bu gün ortaya çıxaracaq nə futbolçumuz, nə də məşqçimiz var. Futbolumuz boşa verilən illərin bədəlini ödəyir. Heç kimin maraqlanmadığı, milyonlarla pulların dağıdıldığı bu yazıq sahənin axırı necə olacaq bilən də yoxdur.

Bölgələrdə stadionlar xaraba günündə qalıb, klubların akademiyası yox, futbolçu yetişdirən yox, oynamağa düz-əməlli meydança tapılmır, stadionlar boş, sponsor gəlmir və s. Görəsən dünya futbolunda bu qədər problem olan ikinci bir ölkə var? İndi biz bu ölkənin millilərindən nəticə gözləyirik. Mümkün deyil, olmayacaq.

Ən pisi də odur ki, yiyə duran, cavabdeh olan da yoxdur. İllərdir Elxan Məmmədov adlı biri tənqid edildi, nələr deyildi, bütün problemin başı kimi göstərildi. Axırda da çıxıb getdi. Gedəndə də dedilər ki, AFFA-nın işi futbolçu yetişdirmək deyil, o işə klublar baxır. Bəs klublar nə elədi? Özləri uşaq futboluna maliyyə ayırmamaqları azmış kimi, dövlətin uşaq futboluna, akademiyaya ayırdığı vəsaiti bir şəkildə əsas komandaya soxub legionerlərə xərclədi. Nəticə də ortadadır. Əsas milli, U-21, U-19, U-16 hamı uduzur. Bundan sonra da uduzmağa davam edəcəklər. Çünki olanı budur. Yeni futbolçuların inkişaf üçün nə şərait var, nə də akademiyalar. 20 ildir deyilən şeylər hələ də həllini tapmır. Futbolçu öz-özünə yetişəcək?

Az-çox ümid yeni AFFA rəhbərliyinə idi. Onlar da hələ kənardan baxırlar, nəsə gözləyirlər. Elə bil vəzifədə olduqlarını unudublar. Yeni akademiyalar, futbol məktəbləri açmaq üçün nəyi gözləyirlər? Gözləyirlər ki, milli 1-2 oyun udsun “hər şey əladı” desinlər? Olmayacaq! Rövşən Nəcəf, boşuna gözləməyin. Hərəkətə keçməsiniz, iş görməsəniz hər şey əla olmayacaq. Əksinə daha betər, daha biabırçı olacaq!

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43