Beynəlxalq dərəcəli hakim Rəhim Həsənovun müsahibəsi:
– Rəhim, hakimlik həvəsi sizdə necə yarandı?
– Uşaq vaxtından futbolla məşğul olmuşam. Peşəkar şəkildə futbol oynamışam lakin sonradan dizimdən aldığım ciddi zədə səbəbindən futbolçu olmaq arzumdan vaz keçmək məcburiyyətində qalmışam. Bir müddət futbolsuz qaldım. Daha sonra dostlarım, ətrafım məsləhət gördü və hakimlikdə özümü sınamaq qərarına gəldim. İndi də şükürlər olsun ki, beynəlxalq dərəcəli hakiməm.
– Azarkeşlər və ya futbolçular tərəfindən hər hansı bir qərar görə təzyiq görəndə heç fikirləşirsinizmi ki, futbolçu olaraq qalsaydım və zədəmi sağaldım karyeramı davam etdirsəydim daha rahat olardı?
– Özünüz bilirsiniz ki, bu həyat mübarizəni sevir. Nəyəsə görə mübarizə aparmayanda həyat sənin üçün maraqsız gəlir. Mən də öz mübarizəmi davam etdirmək üçün bu peşəni seçdim. Özümü başqa sahədə görmədiyim üçün həyatımı futbolla bağladım. Bəli, arada olur ki, söyüş eşidirik ancaq biz bu sözlərə əhəmiyyət vermədən onu içimizdə boğmağa çalışırıq. Belə davranışları ciddiyə almamaq üçün də biz psixoloji hazırlıq keçiririk. Oyuna köklənəndə hər şeyi nəzərə alıram. Ola bilər, səhv də edə bilərsən ,oyun yüngül və ya ağır ola bilər. Ona görə matçdan qabaq özümü psixoloji olaraq belə məqamlara hazırlayıram. Bəzən də bu hazırlıqlar öz sözünü deyir və meydanda bizə yardım edir. Həm də mən bu işin hər bir çətinliyini göz önünə alıb bu işə qol qoymuşam. Futbol mənim həyatımdır. Əgər futbolçu ola bilməsəydim, hakim olacaqdım, hakim ola bilməsəydim, baş məşqçi kimi özümü sınayacaqdım. Bir sözlə, futbola aid hər parçanın içində özümü təsdiqləməyə çalışacaqdım.
– Ədaləti tənzimləyən bir peşənin sahibi kimi özünüz meydanda və ya ondan kənarda hər hansı bir ədalətsizliklə qarşılaşdıqda necə reaksiya verirsiniz?
– Əlbəttə ki, belə məqamlar çox olur. Həyatdır. Haqsızlıqlar da olur. Ancaq yenə də hər bir məqamda insanın köməyinə psixoloji hazırlıq səviyyəsi gələ bilər. Çalışıram verdiyim qərarı hər iki tərəfin adından verim. Özlüyümdə bunu analiz edirəm. Bəzən elə olur ki, sadəcə haqsızlığa göz yumursan.
– Belə məqamlarda haqsızlığa düçar olmuş futbolçuya, ona verdiyiniz səf qərara görə haqq qazandırısınızmı?
– İstənilən bir insanda vicdan olmaldır. Çox şükür ki, hamıda olduği kimi bu hiss məndə də var. Səhv etdiyini həmin an fərqinə varmırsan. Oyundan sonra təkrara baxdıqda səhvə yol verdiyini görürsən. O qədər olub ki, mən də hər hansı bir səhvi etmişəm və iki üç gün buna görə yata bilməmişəm. Sırf elə bir təzyiq olmasa da insan öz içində bunun ağrısını çəkir. Çox məsluliyyət tələb edən bir işin sahibiyik.
– Bu yaxınlarda UEFA-dan sizə, 21 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan Albaniya matçına təyinat gəldi. Gözlənilən təyinat oldu sizin üçün?
-Mən keçən ay da 21 yaşlıların oyununa təyinat almışdım. Moldova- Uels matçını idarə etmişdim. Həmin görüşdə də inspektor qeydlər apardı və öz raportunda qeyd etdi ki, hakimin gənc olduğundan və oyunu yaxşı idarə etdiyindən onu növbəti və önəmli matçlara təyin etmək olar. O, raport əsasında da mən növbəti görüş üçün təyinat aldım.
– Hakimlikdən başqa nə ilə məşğul olursuz ?
– Həyatımı sırf idmana və hakimliyə bağlamışam. Başqa peşə ilə məğul olmuram. Ancaq belə boş vaxtlarım olanda, müəyyən hobbilərim var onlarla məşğul oluram. Çünki peşəkar hakim olmaq istəyirsənsə, başqa bir işi görməyə vaxtın çatmayacaq. Mən beynəlxalq dərəcəli hakiməm, işimlə əlaqədar ingilis dili kursuna gedirəm, fiziki hazırlıqlarla məşğulam, formamı nəzarətdə saxlayıram. Bunların hamısı vaxt tələb edən proseslərdir. Bundan başqa biz kamera, media önündə oluruq və bu səbəbdən görünüşümüzdə heç bir problem olmamalıdır.
– I divizyonda bu yaxınlarda keçirilən “Şahdağ”-“Araz Naxçıvan” görüşünü siz idarə etdiniz və “Şahdağ”ın futbolçusu Yusif Yusifzadə meydandan qovuldu, daha sonra AFFA iki illik onu futboldan uzaqlaşdırdı. Sizin və AFFA-nın verdiyi qərar nə dərəcədə düzgün idi?
– Bilirsiniz ki, oyunlar haqqında məlumat verə bilmərik. Ancaq onu deyim ki, qərar haqlı və yerində oldu. Görünür, futbolçu özü futbolu atmaq istəyirdi ki, belə bir hərəkətə yol verdi, yan xətt hakiminə fiziki təsir göstərdi. Normal adam bu addımı atmazdı. Təəssüflər olsun ki, gənc futbolçudur və iki il futbolsuz qalacaq.
– Gənc və təcrübəsi az olan hakimlər bəzən çox önəmli oyunlara təyinat alırlar. Belə olan halda da verdikləri bəzi qeyri-dəqiq qərarlarla oyunun nəticəsinə təsir göstərirlər. Onların təcrübəsini alternativ yollarla, yəni belə oyunlara buraxmamaqla başqa cür necə artırmaq olar?
– Yox, məulm məsələdir, ki, hakimin təcrübəsi oyunlara təyinat aldıqca artır. Futbola aid qərarları gənc hakim də tətbiq edir, bir qədər yaşlı, daha təcrübəli hakim də. Sadəcə olaraq, bəzən təcrübəli hakimlərin elə o təcrübələri, psixoloji rahatlıqları onlara köməlkik göstərir və onlar hadisələrə daha soyuqqanlı reaksiya verirlər. Ancaq hər halda təyinat almış hakimlər bu məsuliyyəti dərk etməlidirlər.
– Niyə bizdə hələki, I dərəcəli hakimlər yoxdur və “Çempionlar” və ya Avro Liqanın qrup mərhələsinə təyinat almırlar. Milli çempionatın inkişaf səviyyəsi buna təsir edir?
– Edir, bəli. Məsələn ötən il “Neftçi” Avro Liqanın qrup mərhələsinə düşdü. Bu nüans bizim işimizə yaxşı mənada təsir etdi. Təyinatlarımız artı. Hazırda Anar Salmanov II dərəcəli beynəlxalq hakimdir, mən III dərəcəli hakiməm. Təyinatlarımız olur yavaş-yavaş. Dediyiniz turnirlərə də təyinat almaq üçün I dərəcəli kateqoriyanı əldə etmək lazımdır, buna da vaxt tələb olunur. Ancaq beynəlxalq arenada, hakimlik səviyyəmizi mən normal qiymətləndirirəm.
– Oyunlara necə hazırlaşırsız?
– Bizdə həftədə iki dəfə fiziki hazırlıq üzrə məşqlər olur. İdman və Bədən Tərbiyəsi Akademiyasının kafedra müəllimi Namiq Quliyevin başçılığı altında bu məqşləri keçirik. Ara günlərdə isə özümüz məşq edirik. Mən trenajorla və üzgüçülüklə məğul oluram. Oyuna bir gün qalmış briqadamız toplaşır və görüş haqqında müəyyən diskussiyalar aparırıq. Ancaq başqa ölkələrdə fiziki məşqlər olmur. Hakimlər özləri fərdi olaraq məşq edirlər. UEFA hər bir ölkəyə məşq proqramı göndərir və onun əsasında hazırlaşırıq. Bununla belə məşqlər olduqca yardımçı olur bizə. İstənilən halda formamıza diqqət etməliyik .
İqbal Aslanov (Qafqazinfo.az)