Təyyarə qəzasında sağ çıxan Braziliyanın “Şapekoense” komandasının qapıçısı Cekson Folman protez ayağı ilə qol vurub.
İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı oyunçu xeyriyyə matçında fərqlənib.
29 noyabr 2016-cı ildə baş vermiş faciədən sonra ayağı amputasiya olunan Folmanla yanaşı, sağ qalan müdafiəçilər – Alan Ruşel və Helio Sampyer Neto da bu qarşılaşmada iştirak ediblər.
Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan “Şapekoense” klubunu üzvlərinin də göyərtəsində olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb. Faciə nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib. Həyatını itirənlər arasında yer alan Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, “İnter” və “Xəzər Lənkəran”da çıxış ediblər. Qəza zamanı ümumilikdə 77 nəfərdən cəmi 6-sı sağ qalıb. Onlardan 3-ü futbolçu olub.