16 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” Norveçdə məğlub olsa, bunu faciəyə çevirmək lazım deyil”

“Qarabağ”ı “Molde” ilə final kimi oyun gözləyir. Rəqib də bu görüşdə növbəti mərhələyə çıxmaq üçüm mübarizə aparacaq. Üstəlik öz meydanında çıxış edir və evdə məsələni həll etmək niyyətindədir. “Molde” asan təslim olmayacaq. Sabah komandamızı çox ağır oyun gözləyir”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Zaur Həşimov “Molde” – “Qarabağ” matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Norveçdə heç-heçə də yaxşı nəticə sayılacaq. Sadəcə, qrupdan çıxmaq şansını son oyuna saxlamış olacaq “Qarabağ”. Bu da riskli ola bilər. Çünki futboldur, gözlənilməz nəticələr həmişə var. Üstəlik “Hakkeni” də zəif görə bilmərik. Bakıda sürprizə imza ata bilər. Ancaq “Qarabağ” Norveçdə məğlub olsa, bunu faciəyə çevirmək lazım deyil. Çünki Ağdam təmsilçisi minimum məqsədə artıq nail olub. Komandamız qrup 3-cüsü kimi Konfrans Liqasında yoluna davam edəcək”.

Həşimov “Qarabağ”ın qış transfer pəncərəsində güclənməli olduğunu bildirib:

“İstənilən halda komanda güclənməlidir. Bir neçə mövqeyə yeni futbolçu lazım olduğu görsənir. Düzdü, qışda uğurlu transfer etmək o qədər də asan deyil. Yəqin ki, “Qarabağ” da axtarışlarına davam edir. Və bir neçə oyunçu ilə güclənəcək”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43