Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – APOEL matçı bir sıra yubileylərlə əlamətdar ola bilər.
Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada qələbə qazansa, avrokuboklar tarixində özünün 40-cı uğuruna imza atacaq.
Bu, qitə miqyaslı turnirlərdəki 110-cu görüşə təsadüf edə bilər. İndiyədək 109 avrokubok oyunu keçirən Ağdam klubu 39 qələbə qazanıb, 29 heç-heçə edib və 41 dəfə uduzub. 106 qol vuran təmsilçimiz 133 top buraxıb.
Kipr çempionu üzərində qələbə həm də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün 40-cı olacaq. İndiyədək 39 avrokubok görüşündə qələbə sevinci yaşayan 47 yaşlı mütəxəssis ilk uğuruna “Neftçi”də, digər 38 qələbəyə indiki komandasında şahidlik edib.
“Qarabağ” qalib gəlsə, Çempionlar Liqasında 15-ci dəfə qələbə qazanacaq. İndiyədək keçirdiyi 35 matçda 14 qələbə, 13 heç-heçə və 8 məğlubiyyəti olan komanda 37 qol vurub və 27-ni buraxıb.
Azərbaycan klublarının Çempionlar Liqasındakı qələbə sayında da yubiley qeydə alına bilər. İndiyədək keçirilən 77 matçda təmsilçilərimiz 24 dəfə qalib gəliblər və eyni sayda heç-heçəyə imza atıblar. 29 dəfə uduzan komandalarımızın top fərqi 73-96-dır (APA).