Ölkə futbolu

“Qarabağ” yeni transferini təqdim etdi

2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” bu dəfə qapı xəttini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu İslandiya yığmasının qapıçısı  Hannes  Tur Halldorssonla iki illik müqavilə bağlayıb. Komandanın Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi kontrakta qol çəkib.

Yeni transfer karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra KR (İslandiya), “Brann” (Norveç), “Sandnes” (Norveç), NEK (Hollandiya), “Bodo/Qlimt” (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu klubda 69 matçda meydana çıxıb.

Hannes 2012-ci ildə milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-ci ildə Avropa Çempionatının final mərhələsində çıxış edib. Burada da İslandiyanın oynadığı 5 oyunun hamısında “çərçivə”ni qoruyub.

Halldorsson DÇ-2018 seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı 1 penalti qurtarmaqla diqqət mərkəzinə düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43