Kateqoriyasız

“Qarabağ” “Zenit”lə birgə Rusiyada çempionluğa oynaya bilər” – Murad Musayev

Azərbaycan Premyer Liqasında XI turun “Neftçi” – “Sabah” (2:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Parlaq oyun izlədik. 90 dəqiqə gərginlik var idi. Keyfiyyətli qollar vurduq. “Neftçi” kimi komandaya qarşı 90 dəqiqə oynamaq lazımdır. Qollardan sonra üstünlüyü rəqibə verdik. Hesab 3:0 olanda 4-5-ci qollar üçün çalışmalıyıq. Komandadan razı qaldım. Amma bəzi məqamlarda inkişaf etməliyik.

– Yayda yeni futbolçular cəlb olundu və bu, komandanın oyununa təsir etdi. Başqa nəyi dəyişdiz?
– Mütəmadi işin bəhrəsidir. Tək mənim yox, rəhbərliyin və futbolçuların da böyük əməyi var. Dayanmamalı, işləməliyik. “Qəbələ” ilə oyuna hazırlaşmalıyıq.

– Bu oyunu Rusiya Premyer Liqa matçları ilə müqayisə etmək olarmı?
– Əlbəttə, müqayisə etmək olar. “Qarabağ” “Zenit”lə birgə Rusiyada çempionluğa oynaya bilər. “Neftçi” isə ilk “8-lik”də qərarlaşmaq gücündədir. Ümid edirəm ki, biz də bunu bacararıq. Azərbaycan çşempionatı barədə fikrim dəyişib. Bütün gücünü qoymasan heç bir qəribə qalib gələ bilməzsən.

– 3-cü qoldan sonra komandanın oyununu itirməsi nə ilə əlaqədar idi?
– Bu psixoloji məsələdir. Bir səhv bizə təsir etdi. Kaşuku itirdik. Oyunumuzu itirdik. Rəqib uzun ötürmələrlə təzyiq edirdi. Bu oyun bizim üçün dərs olmalıdır. 90 dəqiqə mübvarizə aparmalıyıq.

– Yalnız “Qarabağ”dan geri qalırsız. Onların hegemonluğuna son qoya biləcəyinizi düşünürsüz?
– Səmimi desəm, bu, çox çətindir. Klub çox gəncdir, ilk addımlarıımzı atırıq. “Qarabağ”a və turnir cədvəlinə baxmamalı, növbəti oyuna hazırlaşmalıyıq. Komanda ilə 4-5 il işləsəydim, nəsə söz verə bilərdim. İndi konkret nələrsə deyə bilmərəm.

– Davit Volkov “Zirə”də fərqli performans göstərirdi, “Sabah”da hələ ki bunu görmürük. Bunun səbəbi oyun üslubunuza uyğunlaşa bilməməsidir, yoxsa fərqli səbəblər görürsüz?
– Razıyam. Çox böyük potensialı var. Məşqlərdə 100 faiz çalışır. Daha yaxşı oynaya bilər. Fərqli kollektiv, mühitdir. Ümid edirəm ki, istədiyimiz Davidi qarşıdakı oyunlarda daha yaxşı görə bilərik.

– Kaşukun durumu məlumdur?
– Xəstəxanaya apardılar. Ümid edirəm ki, sınma olmayacaq. Ağlayırdı. Həkimlər də narahat idilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43