Ölkə futbolu

“Qarabağ”da çatışmamazlıqlar görünürdü” – “Turan Tovuz”un futbolçusu

“İki komanda da yaxşı oynadı. “Qarabağ”ı düzgün analiz etmişdik. Fasilədən sonrakı ilk oyunda xal qazanmaq istəyirdik. Bir xal da bizim üçün yaxşı nəticə idi. Pis oynamadıq. Son dəqiqədə buraxılan qolla məğlub olduq. Rəqib üç qolu da başla vurdu. Açığı, bunu karyeramda ilk dəfədir görürəm. Futbolda belə hallar olur. Bunun üzərində işləməliyik”.

Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “Qarabağ” oyunu barədə danışarkən deyib. 30 yaşlı futbolçu komandasının xal qazanmağa layiq çıxış etdiyini bildirib:

“Rəqibdə ustalıq səviyyəsi yüksək futbolçular çoxdur. Oyunun taleyini həll edə biləcək isimlər var. İkinci hissə daha yaxşı oynadıq. İki dəfə hesabı bərabərləşdirdik. “Qarabağ”la başa-baş futbol oynamağa çalışırdıq. Ancaq rəqib elə gücdədir ki, adi səhvlərdən maksimum yararlana bilir. Bəlkə də digər klublar bundan yararlana bilməz, ancaq “Qarabağ” başqadır.

Üçüncü qol tamamən ani vəziyyət oldu. Topu itirdik, mövqelərimizdə deyildik. Çaş-baş düşdük sanki. Açığı, hesab 2:2 olduqdan sonra üçüncü qolu bizim vuracağımızı düşündüm. Artıq oyunun sonu idi, “Qarabağ”da da çatışmamazlıqlar görünürdü. Onlar da çaş-baş qalmışdılar. Sadəcə adi epizoddan qol buraxdıq və məğlub olduq.

Ş.Əliyev görüşün sonunda azarkeşlərin oyunun hakiminə sərt təpki göstərməsini də münasibət bildirib:

“Gənc hakimdir, ona da uğurlar arzulayırıq. Burada oyun aparmaq çətindir. Bölgə komandaları 90 dəqiqə rəqibə və hakimə təzyiq etməyə çalışırlar. Əsas öz oyunumza baxmalıyıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43