09 Fevral 2023
Ölkə futbolu

“Qarabağ”da qapıçı transferinə ehtiyac var”

“Klublarımızın təlim-məşq toplanışından yaxşı istifadə etdiklərini düşünürəm. Özlərinə uyğun rəqiblər seçə bildilər. Antalyada bunun üçün yaxşı şərait var. Komandaların inkişaf üçün yaxşı addımlar atdılar. Yoxlama oyunlarının bəzilərini izləmək şansım oldu. Klublar pis mübarizə aparmırdılar. Oyunçular tam olmasa da, optimal formalarına yaxın idilər”.

Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin sabiq baş məşqçisi Sənan Qurbanov Premyer Liqa təmsilçilərimizin Antalya toplanışını dəyərləndirərkən deyib. 42 yaşlı çalışdırıcı “Qarabağ”ın üç yoxlama görüşündə də məğlub olmasına və qapıçı Şahruddin Məhəmmədəliyevin zədələnməsinin ardından yeni transferə ehtiyac olub-olmamasına münasibət bildirib:

“Qarabağ” hər zaman yoxlama oyunlarında məğlub olandan sonra bunlardan dərs çıxara bilir. Səhvlərə düzəliş etməyi bacarırlar. Bu baxımdan komandada həyəcan siqnalının olduğunu düşünmürəm.

Komanda da gözlənilmədən ciddi itki oldu. Şahruddinin zədələnməsi planları poza bilər. Bildiyim qədəri ilə axtarışlar davam edir. Bəlkə də yeni oyunçular gələcək. “Qarabağ”da qapıçı transferinə ehtiyac var. Üstəlik, komandanın az müddət sonra avrokuboklarda görüşü var.  “Gent”ə qarşı  uğurlu nəticə əldə etmək olar. “Qarabağ” belə oyunlar üçün kifayyət qədər təcrübəlidir”.

Qurbanov fasilədən sonra çempionatın daha gərgin keçəcəyini açıqlayıb. O, Ağdam təmsilçisinin birinciliyi verəcəyinə inanmadığını bildirib:

“Fasilədən sonra çempionatın daha da qızğınlaşacağını düşünürəm. Sonlara yaxın bizi həyacanlı oyunlar gözləyir. “Qarabağ”la “Sabah”ın arasında 7 xal fərq var. Ağdam klubunun bu qədər xal itirməsi çətin görünür. Məncə, daha çox “Sabah”la “Neftçi” arasında ikincilik mübarizəsi gedəcək.

“Ağ-qaralar”da hər kəsin transfer gözlədiyi bir məqamda Yusuf Lavalın gedişi  gözlənilməz oldu. Yeni oyunçulardan Kilian Lebonu qeyd etmək istərdim. Oyununu izləmək şansım oldu. Bacarıqlı futbolçu olduğunu göstərdi, komandaya faydalı olacaq. “Neftçi” bu transferlərlə kifayətlənməyəcək. Daha çox oyunçuya ehtiyacı var. Komandaya yeni futbolçular qoşulsa, oyunda da dəyişiklik görəcəyik. Bunlar nəticəyə də təsir edə bilər”.

Gənc çalışdırıcı kubok oyunları barədə isə bunları deyib:

“Qarabağ” və “Sabah”ın mübarizəni dayandırması digər klublar üçün şans yaradır. Bəlkə də elə bu səbəbdən “Neftçi”ntitulu qazanması daha üstün görünür. Klubun adı favorit hesab olunsa da bu, kifayyət deyil. Mübarizə aparmaq lazımdır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43