Kateqoriyasız

“Qarabağ”dan xal alan yeganə komanda da bizik” – “Sabah”in futbolçusu

“Sabah”ın futbolçusu Coy Lens Mikels komandasının cari mövsümdəki çıxışı və Almaniya yığmasının bu il Qətərdə keçiriləcək dünya çempionatındakı şansları ilə bağlı müsahibə verib.

– Azərbaycan Premyer Liqasının XIV turunda “Qarabağ”la qolsuz heç-heçə etdiniz. Görüşün bəzi anlarından rəqibdən üstün oyun sərgilədiniz. Qələbə qolunu vurmağa nə mane oldu?

– Bu qarşılaşmada əvvəlki matçlarımızdan fərqli idik. Düşünürəm ki, yaxşı oynadıq. Lakin əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fikrimcə, bu baxımdan bir qədər bəxtimiz gətirmədi.

– “Qarabağ”ı çempionluq yarışında büdrədə biləcəyinizə inanırsınız?

– İlk olaraq onu deyim ki, biz yalnız növbəti matç haqqında düşünürük və qarşıdakı oyuna köklənirik. Məncə, onları büdrətmək çox çətindir. Nəzərə alaq ki, “Qarabağ”dan xal alan yeganə komanda da bizik.

– “Sabah”ın cari mövsüm çıxışı barədə nə deyə bilərsiniz?

– Komandamın çıxışını çox yaxşı dəyərləndirirəm. Lakin bütün bunların bünövrəsi ötən mövsümdən qoyulub. Məhz həmin vaxt bu komandanın çox yaxşı potensiala malik olduğunu və daha yaxşı nəticələr əldə edəcəyini deyirdim. Hazırda da bunun şahidi oluruq.

– Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?

– Burada heç bir oyun asan keçmir. Qalib gəlmək üçün hər oyunda maksimum güc sərf etməlisən.

– Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı da fikirlərinizi almaq istərdik. Almaniya millisi mundialda nəyə nail ola bilər?

– Ümid edirəm ki, onlar ən azı yarımfinaladək irəliləyə biləcəklər. Lakin hansı nəticənin qeydə alınacağını yarışın sonunda birlikdə görəcəyik.

– Sizcə, DÇ-2022-nin əsas favoriti hansı komandadır?

– Fransa və Braziliya yığmalarını budəfəki dünya çempionatının əsas favoritləri hesab edirəm.

– Mundialla bağlı hansısa planlarınız varmı?

– Dünya çempionatına evdə, nişanlım və övladlarımla birlikdə baxacağıq (gülür). (report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43