Müsahibə Ölkə futbolu

“Qarabağ”ın Azərbaycanda rəqibi yoxdur” – Ponomaryov

17 illik jurnalist təcrübəmdə İqor Ponomaryov haqqında dəfələrlə yazmalı olmuşam. Və bunu böyük məmnuniyyətlə etmişəm. Uşaqlıqdan pərəstiş etdiyin şəxslə ünsiyyətdən gözəl nə ola bilər ki? İqor Ponomaryovun Azərbaycan və Sovet futbolunun ən parlaq nümayəndələrindən olduğu sirr deyil. Ötən əsrin 70-ci illərində futbolla maraqlanan hər kəs onun futbol ulduzunun necə parladığını yaxşı xatırlayır. O, xüsusilə məhsuldar ötürmə ustası və mahir penalti icraçısı idi. Rəqibin qapısına 11 metrlik cərimə zərbəsi elan olunan anda hər kəs kənara çəkilirdi, çünki penalti məhz Ponomaryovun müstəsna səlahiyyəti idi.

Bu il bu görkəmli futbolçunun 60 yaşı tamam olub. İqor Ponomaryov 24 fevral 1960-cı ildə Bakıda anadan olub. “Region Plyus” jurnalı bu münasibətlə yubilyarla söhbətləşmək qərarına gəlib.

– 60 yaşda özünüzü necə hiss edirsiniz?

– Özümü gənc, gözəl, gümrah, enerjili hiss edirəm və əhvalım əladır. Sözün yaxşı mənasında, döyüş ruhundayam.

– Futboldan kənarda qalmaq çətin deyil? Yoxsa sizinçün belə daha yaxşıdır?

– Bu suala birmənalı cavab vermək çətindir. Bəzən futbolda olmaq, futbolla yaşamaq istəyirsən – bu, mənim bacardığım, ruhuma yaxın işdir. Məşqçi və pedaqoq kimi çox iş görə bilərəm. Düşünürəm ki, hələ də «xərcləmədiyim» böyük məşqçi enerjim və təcrübəm var. Bəzənsə düşünürsən ki, bütün bu əsəb, intriqa nəyimə gərəkdir? Bəzən hansının daha yaxşı olduğunu özün də başa düşmürsən.

– Deyirdiniz ki, İspaniyada biznesiniz var. Restoran biznesidir, ya başqa işdir?

– Daşınmaz əmlak sektoru.

– Uğurlu futbolçu biznesdə də uğur qazana bilərmi?

– Hər şey insanın şəxsi keyfiyyətlərindən asılıdır. Əlbəttə ki, həm də uğurun üzünüzə nə dərəcədə güldüyü önəmlidir.

– Azərbaycan futbolu kənardan necə görünür?

– Təəssüf ki, bu haqda yaxşı heç nə deyə bilməyəcəyəm. Son dəfə 2009-cu ildə «Xəzər Lənkəran» klubunda çalışmışdım. 10 il sonra Azərbaycana «Sabah»a kömək etmək üçün gəldikdə gördüm ki, hələ də 2009-cu ilin çempionatındayıq. Sanki o vaxtdan 10 il keçməmişdi. Yeni heç nə yox idi. Artıq 2020-ci ildir, səviyyə isə olduğu kimi qalır.

– Necə düşünürsünüz, məşqçi kimi özünüzü doğrulda bilmisinizmi?

– Düşünürəm ki, yox. Halbuki, bunun üçün şərait olub və var. Məşqçi karyeramda yanlışlığa yol verərək, bir dövrdə yalnız Azərbaycanda işləmək qərarı qəbul etdim. Məsələyə çox dar çərçivədə, yalnız bir istiqamətdə baxırdım. Başqa sözlə, Azərbaycan futboluna sadiqliyim mənə mane oldu. Düşünürdüm ki, doğulduğum yerdə bir işə yaramalıyam. Amma belə olmadı – bundan tərəflərdən heç biri qazanmadı. Halbuki, mən faydalı ola bilərdim. Özüm də inkişaf edərdim, rəhbərliyim altında yaxşı futbolçular da yetişərdi. Buna əminəm.

– AFFA Azərbaycan millisinə baş məşqçi axtarışını davam etdirir. Belə təklif alsanız, razılaşarsınızmı?

– Heç kəsdən belə təklif almamışam. Mən Azərbaycan millisinə başçılıq edərkən yüksək səviyyədə iş təcrübəm belə yox idi. Lakin işimin öhdəsindən gəldim. Demək, mən bunu bacarıram. İllər keçməsinə baxmayaraq, gördüyüm iş insanlar, futbolsevərlər tərəfindən qiymətləndirilir və bu, çox xoşdur.

– Cavadov-Ponomaryov-Əhmədov üçlüyünün meydandakı uğurunun sirrini deyə bilərsinizmi?

– Biz bir-birimizi hiss edirdik. Mən Cavadov və ya Əhmədovun olduğu nöqtəyə topu o istiqamətdə baxmadan ötürə bilərdim. Bilirdim ki, onlardan biri həmin an həmin nöqtədə olacaq. Bir-birimizə inanır, bir işi görür və hər oyunda gücümüzü 100 faiz ortaya qoyurduq.

– Fikrinizcə, müasir Azərbaycan futbolunun problemi nədir?

– Bu gün gənclərin yetişməsi üçün şərait yaxşılaşıb. Gözəl meydançalar, klublar yanında akademiyalar, uşaqlarda futbolla məşğul olmaq həvəsi. Bu gün hər bir uşaq Messi olmağı arzulayır. Uşaq futbolunun, həmçinin gənclərin yetişməsi üçün yaxşı şərait yaradılır. Premyer Liqanın çox kiçik, cəmi 8 klubdan ibarət olması isə təəssüfləndiricidir. 8 klub çox azdır. Oynamaq arzusunda olan gəncləri komandalarda yer çatmır. Klubların 50 faizini isə legionerlər təşkil edir. Mən qətiyyən buna qarşı deyiləm, əksinə, sağlam rəqabət vacibdir. Lakin gənclərin böyük futbola keçid dövründə çox perspektivli uşaqlarımızı itiririk.

– Oğlunuz sizə bənzəmədi: razısınızmı ki, Anatolinin karyerası sizinki qədər uğurlu alınmadı?

– Oğulun ataya oxşamaması yaxşıdır. Hər kəs özünə oxşamalıdır. Biz onunla tam fərqli dövrlərin insanlarıyıq. Hətta fərqli ölkələrdə böyümüşük və odur ki, hərəmiz bir cür formalaşmışıq. O, İsveç çempionatının bürünc mükafatçısıdır. Azərbaycan millisində çıxış edib, bir çox xarici klubun formasını geyib. Bir sözlə, onun futbolçu karyerasının alınmadığı qənaətində deyiləm. Düşünürəm ki, Anatoli futboldan, aşağı-yuxarı istədiyini ala bilib.

– Penalti ustası idiniz. Oyunlarınızı canlı izləmiş şəxslər deyir ki, İqor Ponomaryov topa yaxınlaşdıqda qapıçılar ciddi həyəcan keçirirdi. Bəlkə, zərbələrinizin sirrini açıqlayasınız?

– Çətindir. Soyuqqanlılıq və özünəməxsus üslub. Özümə əmin idim və zərbə anında qətiyyən həyəcanlanmırdım. Yəqin ki, 3 cəhət var: əminlik, sakitlik və soyuqqanlılıq.

– Ağdamın «Qarabağ» klubunun Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycan futbolunun ən böyük uğuru sayılır. Fikrinizcə, bu, maksimumdurmu? Avropanın klub turnirində bundan çoxuna nail ola bilmərik?

– Görünür, bu gün üçün bu, maksimumdur. «Qarabağ»ın Azərbaycanda rəqibi yoxdur və bu, onun inkişafını əngəlləyir. O, Azərbaycan çempionatının ən yaxşısıdır. Nə vaxt bizdə bu səviyyəli bir neçə sabit komanda olarsa, rəqabət və inkişaf da olacaq. Böyük nəticələrə yalnız bu halda nail ola bilərik.

– Fikirlərinizi və arzularınızı Azərbaycan futbolsevərlərilə bölüşə bilərsinizmi?

– Şükür Allaha ki, mənim bəxtim gətirib: tribunalar hər zaman tərəfdarlarla dolu olub. Meydançadakı atmosfer futbolçunun əhvalını müəyyənləşdirir, adrenalini artırır, onda özünəinam yaradır. Bu halda futbolçu kimi, azarkeşlərə bayram yaşatmaq istəyirsən. Odur ki, xalqı futbola getməyə çağırıram. Əziz valideynlər, uşaqlarınızı, ailənizi futbola aparın, dostlarınızla yığışaraq meydançalara gedin. Bu, çox gözəl hissdir və sizi əmin edirəm ki, bu zaman çox gözəl emosiyalar yaşayacaq, enerji alacaqsınız.

Sonra isə Novruz bayramı ərəfəsində (müsahibə bayramdan əvvəl götürülüb – «R+») hər kəsə sağlamlıq, gözəl bayram günləri arzulayıram!

Sənan ŞƏFİZADƏ


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43