“Oyundan əvvəl həm futbolçular, həm də baş məşqçimiz “Kəpəz”in ciddi rəqib olduğunu bilirdik. İkinci hissədə 30 dəqiqə bizə çətin anlar yaşatdılar. Doğurdan da bizim üçün çətin oyun oldu”.
İdmanxeber.com-un məlumatına görə, bu fikirləri “Kəpəz”lə matçdan (3 – 0) sonra “Qarabağ”ın futbolçusu Coşqun Diniyev bildirib.
Gənc yarımmüdafiəçi “Kəpəz”in ciddi rəqib olduğunu deyib: “Bu gün əlimizə düşən şanslardan istifadə edə bildik. “Kəpəz”in futbolçularının irəli atılmağı işimizi asanlaşdırdı. Bunun nəticəsində 2-ci və 3-cü qolları vurduq. “Kəpəz” bizi yaxşı təhlil etmişdi. Onlardan bu cür oyun gözləyirdik. Mən deyərdim ki, “Kəpəz” “Qəbələ”dən sonra ən ciddi rəqiblərimizdəndi. Hələ çempionluq haqda nəsə demək olmaz. 20-yə yaxın oyunumuz qalıb. Elə oyunlar olacaq ki, biz də xal itirəcəyik”.
Diniyev “Tottenhem”lə oyun haqda da danışıb: “Tottenhem”lə oyunda 3 xala ümüd edirik. Onlar da qələbə qazanmaq istəyir, biz də. Qalib gəlmək üçün meydana çıxacağıq. Hər iki komandanın şansı var. Ayın 26-sı bizi çətin oyun gözləyir”.