“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin yubiley qolu Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.
O, “Araz-Naxçıvan”la səfər oyununda (4:1) vurduğu qolla “100”ü yarılayıb. Riçard “50”yə Premyer Liqada keçirdiyi 268-ci matçda çatıb. Yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinə ən azı 50 qol vuran 40-cı futbolçu kimi düşüb.
Qeyd edək ki, 2012/2013 mövsümündən Azərbaycanda çıxış edən millimizin sabiq üzvü ilk qoluna da həmin çempionatda imza atıb. Yalnız “Qarabağ”ın heyətində rəqib qapısına yol tapan yarımmüdafiəçi “Zirə”nin də formasını geyinib.