Noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”-“Çelsi” oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək.
İdmanxeber.com-un xəbərinə görə. bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Azərtac”a açıqlamasında deyib.
O bildirib ki, “Qarabağ”ın oyunu zamanı sadəcə “Koroğlu” metro stansiyası deyil digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Həmçinin “Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün bir sıra tədbirlər görüləcək, şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər.
N.Paşayevin sözlərinə görə, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda, ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq. Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunları zamanı da bu qayda tətbiq edilib.