13 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın rəqibini lap yaxından tanıyaq: İdealdan uzaq müdafiə, zəif hücum – YAZI

Ötən həftənin cümə günü atılan püşk nəticəsində Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi bəlli oldu. Son 5 namizəd məlum olanda çoxları “Norşellann”i arzulasa da, bəxtimizə Frankfurt “Ayntraxt”ı düşdü. İndi bu rəqibi hərtərəfli incələyəcəyik. İndidən və yaxın keçmişdən, yəni ötən mövsümdən danışacağıq. Görəsən, necə oldu ki, “qartallar” avrokuboklara vəsiqə qazandı? Armin Fenin yetirmələrinin əsas gücü nədədi? “Ayntraxt”ın zəif nğqtələri hansılardı? Bu və digər suallara cavab tapmaq istəyən yazını sona qədər oxusun…

D-2-dən elitaya, dərhal da Avropaya

2011/12 mövsümünün yekunlarına əsasən Almaniyanın elitasına yüksələn komandalar arasında Frankfurt təmsilçisi də vardı. Çoxları Fenın çalışdırdığı komandanın 1-ci bundesliqada yerini qorumağa çalışacağını proqnozlaşdırarkən, “qartallar” hamını təəcübləndirdi. Lap startdan “Bavariya” ilə şərikli liderlik edən kollektiv ilk dəfə 5-ci turda heç-heçə etməklə xal itirdi. Sentyabrı 6 oyuna 16 xallıq nəticə və itkisiz irəliləyən “Bavariya”dan iki xallıq geriləmə ilə bitirən frankfurtlular sonradan məcburən “əyləci basmalı oldu”. Münhenqladbaxdakı oyun ilk qolsuz matç və ilk məğlubiyyətlə yadda qaldı. Get-gedə geriləmənin yaşanması da normal qarşılanırdı. Həmin vaxt mütəxəssislər enişin daha sürətli olacağını düşünsə də, “Ayntraxt” heç də tam bərbad oynamırdı. Məhz bunun və rəqiblərin daha pis vəziyyətdə olmasının nəticəsi sonda özünü turnir cədvəlində əks etdirdi. Frankfurtlular son turda evdə “Volfsburq”la matçda onlara lazım olan 1 xalı qazanmaqla AL-ə “bilet sifariş etdi”. Nəticədə elitaya qayıdan kimi ilk mövsümdəcə Avropa səhnəsinə vəsiqə təmin olundu. Həmin anadək bundesliqa tarixində elitadakı ilk mövsümündə avrokuboklara vəsiqə qazanan 11 komanda var idi. “Ayntraxt” 12-ci halın səbəbkarı oldu. Maraqlıdı ki, sonuncu belə hal 2006-cı ildə məhz “qartallar”ın adı ilə bağlı idi. O vaxt kubokun finalında oynamış “Ayntraxt” kuboku qazanan “Bavariya”nın ÇL-ə vəsiqə qazanmasının hesabına sevinmişdi. Sırf çempionatdakı çıxışın sayəsində belə uğur qazananların sayı isə 7-di.

Qeyd edək ki, “qartallar” sonuncu dəfə 2006-cı ildə avrokuboklarda (UEFA kuboku) iştirak edib və qrupda qalib. Daha əvvəl isə 11 iilik Avropa həsrəti yaşanmışdı. Həmin dövrdə komanda elita ilə 2-ci bundesliqa arasında gedib-gəlirdi.


Bir atımlıq barıt?

Yuxarılda “Ayntraxt”ın əla startını və sonradan yaşanan qeyri-sabitliyi qeyd etdik. İlk dövrəni iki qələbə qazanaıb 4-cü pilləyə – “ÇL zonası”na qayıtmaqla başa vuran Fenin komandası yanvarda yenə ləngər vurudu. Artıq əvvəlki – uğurlu, qələbə qazanmağı bacaran, hər rəqibə problem yaradan – komanda nəzərə çarpmırdı. Sadəcə, rəqiblər də növbə ilə böhrana düşürdülər deyə, “Ayntraxt” elə 4-cü pillədə qalırdı. Bu vəziyyət “Şalke-04”ün ÇL-də “Qalatasaray”a məğlubiyyəti və bütün diqqətini daxili arenaya yönəltməsi ilə dəyişdi. Artıq Helzenkirhen klubu ÇL iddialarını ortaya qoymuşdu. “Qartallar”ın ardıcıl 6 oyunda qələbəyə, 5 matçda isə ümumiyyətlə, qola həsrət qalması “Şalke-04”ün işini asanlaşdırdı. Zaman keçdi, “Ayntraxt” yenə qeyri-sabit oynadı və “Frayburq”u da özündən irəli buraxdı. Mənzərəyə geniş nəzər salsaq, frankfurtluların məhz ilk dövrədə, daha doğrusu, mövsümün lap əvvəlində topladığı ehtiyatın bəhrəsini gördüyünü deyə bilərik. Özünüz baxın, komanda ilk dövrədəki göstəriciləri ilə (30 xal) 4-cü idisə, ikinci dörədə toplanan 21 xal yalnız 12-ci nəticədi. Özü də “qartallar” mümkün xalların tən yarısını – 50 faizini (102 xaldan 51-ni) toplamaqla Avropaya vəsiqə əldə edib.


Məşqçinin təsiri göz önündədi

Bu uğurda Fenin əməyini danmaq olmaz! 2007-ci ildə o qədər də güclü olmayan “Ştutqart”ı bundesliqada çempion edən Armin o vaxt liqanın ən yaxşı məşqçisi seçilmişdi. Onun uğurları kimi “Qroyter” (1997) və “Retlingen” (2000) komandalarını 2-ci bundesliqaya yüksəltməsini də qeyd etməliyik. 2011-ci ilin yayında Kristof Dauma xələf olan Fe “Ayntraxt”a gələn kimi “qartallar”ı elitaya çıxardı. Sonrakı 1 ildə isə hamı onun “Ayntraxt”ından danışırdı.


Taktika və ulduzsuz heyət

Fe “Ayntraxt”da əsasən 4-2-3-1 sxeminə güvənir. Lazım gəldikdə orta xətt oyunçularının universallığı sayəsində 4-3-3-ün də istifadəsi problem yaratmır. Bizim üçün ümidverici məqam Frankfurt klubunun heyətində ulduz futbolçunun olmamasıdı. Kollektiv bu yoxluğu komanda oyunu nümayiş etdirməklə hiss etdirməməyə çalışır. Daha çox sürətli futbola üstünlük verən komandada cinahlar əsas qüvvə sayılır. Daha doğrusu, hər şey cinahların çıxışından asılı olur. Çünki oyun əsasən cinah keçidləri və mərkəzə ötürmələr üzərində qurulur. Cinahlarda Ayqner və İnui çox hərəkətli və texnikalı oyunçulardı. Deməli, “Qarabağ” rəqibin bu silahını zərərsizləşdirməlidi. Maraqlıdı ki, cari mövsümün yeganə çempionat matçında Fe fərqli taktikada istifadə edib. O, komandasını meydana 4-3-1-2 düzülüşü ilə buraxıb. Özü də irəlidə yeni oyunçulara şans verilib. Fasilədə bunun səhv olduğunu anlayan Fe Ayqner və İnui kimi insaydları meydana buraxmaqla əvvəlki sxemə qayıdıb. Lakin yenə vəziyyəti düzəltmək mümkün olmayıb.


Zəif hücum

İndi isə rəqibi amplualar üzrə təhlil edək. “Ayntraxt”ın ən zəif mövqeyi hücumdu desək, yanılmarıq. Ötən mövsüm heyətdə olan 4 hücumçu birgə cəmi 6 (!) qol vurmağı bacarıb. Hətta bəziləri komandanın hücumçusuz oynadığını da deyirdi. Məhz buna görə də klub yayda forvard axtarırdı. Osseanla yollar ayrılıbsa, “Hoffenhaym”dan Xoselu icarəyə götürülüb. Əslində heç o da ötən mövsüm bombardirlik keyfiyyətlərini nümayiş etdirməyib. Ümumiyyətlə, frankfurtluların yayda gücləndiyini, yaxud zəiflədiyini söyləmək çox çətindi. Çünki nə adlı-sanlı transfer edilib, nə də aparıcı oyunçular itirilib… Həm də yeni gələnlər vaxta ehtiyac duyur.


Məhsuldar və əsas təhlükə mənbəyi olan orta xətt

Əvəzində “qartallar”ın qollarının əksəriyyətini yarımmüdafiəçilər vurur. Ötən mövsüm “Ayntraxt”ın vurduğu 49 qoldan 31-də İnui-Mayer-Ayqner triosunun imzası var idi. “Qarabağ” da məhz bu futbolçulardan çəkinməlidi. Onlar arasında Mayer xüsusi seçilir. 30 yaşlı Aleksander həm də “ikinci forvard” kimi oynamağı xoşlayır. Qollarının çoxunu isə cinah ötürmələri zamanı rəqibi qabaqlamaq, yaxud uca boyu (196 sm) sayəsində “ikinci mərtəbə”də əla oynamaq bacarığının hesabına vurur. O həm də komandanın ştatlı penalti vuranıdı. “14” nömrənin son 4 mövsümün 3-də (2009/10 – 10 qol, 2011/12 – 17, 2012/13 – 16) “Ayntraxt”ın ən məhsuldar oyunçusu olduğunu xüsusi qabardaq. Elə cari mövsümdəki hələlik yeganə qol da onun ayağına yazılıb. Orta xəttdəki digər aparıcı sima Rodedi. Sebastyan dayaq xavbeki mövqeyindəki çıxışıyla “Bavariya” və “Borussiya” (D) kimi komandaların da maraq dairəsinə düşmüşdü. Ö, 2012/13 mövsümündə 1766 ötürmə verib ki, bu “qartallar”ın heyəində ən yüksək göstəricidi. Özü də həm hücumlara qoşulan, həm də müdafiəyə yardım edən Rodenin ötürmələrinin 85,5%-i ünvanına çatıb. Yəni komandada oyun quruculuğu məhz Sebastyanın üzərinə düşür. Ona pressinq tətbiq edib hücumları başlamasına mane olmaq isə “Qarabağ”ın futbolçularının üzərinə düşən əsas məsələlərdəndi.


Qapıçısı güclü, müdafiəsi idealdan uzaq “qartal”

Keçək arxa xəttə. Müdafiə də səhvsiz oynamır. Fe adətən solda Oçipka, sağda isə Yunqa güvənir. Oçipka hücumlara tez-tez qoşulması ilə seçilir. O, ötən mövsüm çempionatda 8 məhsuldar ötürmə verməklə bu baxımdan bütün komanda yoldaşlarını qabaqlayıb. Müdafiəçilər arasında assistentlik baxımından Bastian yalnız “Bavariya”lı Lamdan geri qalıb. Mərkəzdə Sambrano və Anderson daha çox şans qazanır. Amma mövsümün sonuna doğru Russ da etimad qazananlar arasında yer alırdı. Yayda “qartallar” 4 arxa xətt oyunçusu ilə yollarını ayırıb. Amma onlardan heç biri əsas heyət üzvü deyil. Və qapı. Gənc (23 yaş) Trapp “çərçivə”nin dəyişməz qoruyucusudu. Kevin 2012/13-də bundesliqanın ən yaxşı qapıçısı hesab edilib. Elə “Kikker”in orta qiymətlər cədvəlində də o 2,40-lıq göstərici ilə amplua üzrə bütün həmkarlarına yuxarıdan aşağı baxırdı. Ümumi sıralamada isə o yalnız Riberidən (2,10) geri qaldı. Trapp zədələnənə qədər çox yaxşı oynayırdı və qapısına endirilən zərbələrin 70%-ni dəf etmişdi. Məhz gənclərdən ibarət yığmanın düşəgəsində aldığı zədəyə görə çempionatın son 8 turunu buraxan Trapp hazırda ölkənin ən istedadlı qapıçılarından sayılır.


Çılğın və davakar azarkeşlər

Ötən mövsüm “böyük beşlik” ölkələrinin elitasında çıxış edən komandalar arasında azarkeş dəstəyinə görə “Ayntraxt” 13-cü sırada qərarlaşıb. Frankfurtdakı “Kommersbank Arena” “qartallar”ın ev oyunlarında orta hesabla 93,5% dolurdu. Amma bu göstəricidə frankfurtlular bundesliqa üzrə 7-cidi. Sadiq fanatlar eyni zamanda çılğınlığı ilə də seçilir. Hətta bəzən bu məqam davakarlıq səviyyəsinə də yüksəlir. Almaniyada bu klubun fanatları davakar qruplar kimi tanınır. Ötən mövsüm də ev oyunlarında belə hallar yaşanırdı. Tribunalarda atəşfəşanlıq elementləri adi hal aldığından “Ayntraxt” bir neçə dəfə cərimələnib. Klub azarkeşləri həm də pirotexnikadan istifadəyə qadağa qoyularkən buna etiraz olaraq oyunun gedişində həmin qadağanı pozmuşdu. “Fortuna” ilə görüşdə isə rəqib fanatlarla dava-dalaş düşmüşdü.


Fe ehtiyatlı danışır

“Ayntraxt” 2012/13 mövsümünü 6-cı sırada bitirsə də, bu dəfə heç kim onlardan yeni qəhrəmanlıq gözləmir. Əslində Almaniyanı AL-də təmsil edən komandalar – “Frayburq”, “Ayntraxt” və “Ştutqart” ÇL-ə yollananlardan səviyyəcə, ən əsası isə təcrübə baxımından çox geri qalır. Hətta baş məşqçi Fe də mövsümün startı ərəfəsində verdiyi açıqlamada eyni uğuru təkrarlamağın çətinliyini etiraf etmişdi: “Yenidən 6-cı yeri tutmağımız çətin məsələdi. Hə, heyəti gücləndirməyə çalışmışıq, amma rəqiblər də yerində saymayıb. Ötən mövsümkü uğurun səbəbləri arasında güclü rəqiblərin imkanlarından aşağı səviyyədə çıxışı da var. İndi isə belə olamaya da bilər. Həm də biz bir neçə cəbhədə mübarizə aparacağıq”.

Bildiyimiz kimi, “Ayntraxt” yeni mövsümün ilk turunda səfərdə “Herat”ya 1:6 hesabıyla uduzub. Berlindəki məğlubiyyətdən sonra Fenin dediyi sözləri də nəzərinizə çatdıraq: “İlk turda 1:6… Axmaq məğlubiyyətdi. İndi oyunu təhlil etmək, nəsə şərh vermək mənum üçün çox çətindi. Matçın əvvəlində biz daha yaxşı oynayırdıq. Amma “Herta” çox effektiv çıxış etdi. Onların demək olar, hər hücumu qolla nəticələnirdi. Təkbətək mübarizlərin çoxundan məğlub ayrıldıq, müdafiənin mərkəzində bərbad oynadıq. Fasilədə taktikanı dəyişsək də, bu, bəhrəsini vermədi”.


Cəfər Yaqubov, “Futbol+” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43