Kateqoriyasız

“Qarşıdakı oyunda məğlub olmaq limitimiz var” düşüncəsi olmamalıdı” – Qurban Qurbanov

“Qarabağ” Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində Bakıda Qazaxıstanın “Kayrat” klubunu məğlub edib.

Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Fikizi cəhətdən də, standart vəziyyətlərdə də bizə çətinlik yaratdılar. İlk hissədə çox yaxşı pressinq edirdilər, hücumlara tez çıxırdılar. İkinci yarı biz onlara çətinlik yaratdıq. Futbolçular ruhdan düşmədilər, məğlub olmaq istəmirdilər. Əgər qalib gəlmək istəyiriksə, daha istəkli olmalıyıq. Bu istəyi oyunçularda gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirem. Onlar futbolçulara güc verdilər. Çoxdan idi futbolumuzda bele atmosfer olmamışdı.

– 3 oyuna 7 xal. İşin neçə faizini görmüsüz?

– Qarşıdakı 3 oyun 9 xaldı. 2 səfər oyunumuz var. Bizim üçün heç də asan deyil. 7 xal toplasaq da, rəqiblər bizə çox ciddi yanaşacaqlar. 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Bəlkə də “Omoniya” üzərindəki 4:1 hesablı qələbədən sonra çoxları düşünürdü ki, bu gün rahat qələbə qazanacağıq. Amma dünən demişdim ki, “Kayrat”ın “Bazel”ə 2:4 hesablı məğlubiyyətinə aldanmaq olmaz. “Kayrat” çox təhlükəli komandadı. Hər 3 xal bizim üçün üstünlükdü. Qarşıdakı üç oyuna daha ciddi hazırlaşmalıyıq. Oyunumuzu daha da yaxşılaşdırıb inamımızı artırmalıyıq. Futbolçular daha da peşəkar olmalıdılar. Qalib gəlmişik deyə “qarşıdakı oyunda məğlub olmaq limitimiz var” düşüncəsi olmamalıdı.

– Rəqiblərin sizə qarşı əks hücumda oynaması çətinlik yaradır?

– Yaradır, amma məsuliyyətimizi artırır. Son vaxtlar tam hücum futbolu oynamaq istəyirik, buna fikir veririk. Amma bəzən rəqibin buna nə qədər imkan verdiyi önəmlidi. Hansı komandalara gücümüz çatacaq, mübarizə aparacağıq, tam deyə bilmərəm. Amma futbolçularım böyüyür, buna sevinirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43