Müsahibə

Qay: “Buna görə də Bakıda maşın idarə edərkən hər zaman diqqətli olmalısan” (MÜSAHİBƏ)

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksey Qay Ukrayna mətbuatına geniş müsahibə verib. 


– Roman Qriqorçuk bildirib ki, həyat yoldaşı uşaqların Bakıya uyğunlaşmasının çətin olacağını söyləyərək onu Azərbaycana getməkdən daşındırmaq istəyib. Səndə də uyğunlaşmaqla bağlı hər hansı şübhə var idi?

– Bəli, Ukraynanı tərk etmək istəmirdik. Digər tərəfdən çox gözəl anlayırdıq ki, orada qalmaq asan olmayacaq. Bununla belə, Azərbaycana səfərin yenilik baxımından əla olacağını düşündüm. Ümumiyyətlə, əminəm ki, əgər ailəm yanımdadırsa, hər şey yaxşı olacaq.

– Ən çox nəyə uyğunlaşmaqda çətinlik çəkdin?

– Ümumilikdə problemim olmadı. Sadəcə, mentalitet bir qədər fərqlidir. Bakıda maşın sürmək çətindir. İnsanlar ümumilikdə qaydaları bilmir. Sənin yoluna çıxa bilərlər, davamlı olaraq siqnaldan istifadə edirlər. Buna görə də Bakıda maşın idarə edərkən hər zaman diqqətli olmalısan.

– Qəza törətməmisən? 

– Hələ ki, hər şey qaydasındadır.

– “Qəbələ”yə keçidin Azərbaycan azarkeşləri tərəfindən birmənalı qarşılanmadı. Onlar 32 yaşlı futbolçunun əvəzinə daha ciddi oyunçunun transfer olunmasının tərəfdarı idilər.

– Bu barədə mənə kimsə nəsə deməyib. Mən öz yolumla gedirəm. Özümə əminəm və məni başqa heç nə maraqlandırmır. Belə yanaşmalara əhəmiyyət vermirəm. Demək olar ki, bu, mənim həyat prinspimdir.

– “Qəbələ”də ukraynalı futbolçu qrupunun olduğunu söyləmək olarmı?

– Ukraynalı futbolçuların qrup şəklində hərəkət etdiyini söyləməzdim. Bəli, məni daha çox ukraynalı futbolçularla birgə görmək mümkündür. Ancaq bu da normaldır. Ümumiyyətlə isə meydana çıxıb qələbə qazanmaq üçün komandadakı bütün futbolçular mütləq dost olmalıdırlar.

– Komandan Avropa Liqasının qrup mərhələsinə qədər çətin yol keçdi. Elə bir anın oldu ki, sən artıq heç nəyin sizə kömək etməyəcəyini və növbəti mərhələyə yolunuzun bağlandığını düşündün?

– Heç vaxt tamamilə oyuna nazarət edirik deyə bir hissimiz olmadı. Avropa Liqasında bütün oyunlarımız çətin keçdi. Ancaq sonda qrup mərhələsinə vəsiqə qazana bildik.

– “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Azərbaycanda onu ən çox azarkeşlərin davamlı olaraq stadionlara gəlməməsinin narahat etdiyini bildirib. Səni Azərbaycanda ən çox nə narahat edir?

– Mən Syominlə tamamilə razıyam. Stadionlar bəzən boş, bəzən də dolu olur. Düşünürəm ki, biz öz oyunumuzla azarkeşləri stadionlara cəlb etməliyik. Nəzərə alaq ki, futbol Azərbaycanda yalnız inkişaf edir. Hər kəs belə müddətdən keçir. 

– Bir neçə həftə əvvəl “Qəbələ”nin futbolçusu Cavid Hüseynov jurnalistin ölümünə görə həbs olunub. Bu hadisə komandaya necə təsir etdi?

– Bu barədə danışmaq və ya hər hansı bir qiymət vermək istəmirəm. Bu hadisədə müsbət heç nə yoxdur. Qoy, lazımi orqanlar öz qiymətlərini versin.

– Bir az da Qriqorçuk haqda danışaq. Onun “Çernomorets”lə müqayisədə işinə yanaşmasında hansı dəyişikliklər olub?

– Praktiki olaraq heç bir dəyişiklik yoxdur. “Çernomorets”də necə idisə, elə də qalıb. Hər şey açıq və aydındır. Ən azından mənim üçün belədir.

– Bəs digər futbolçular üçün necədir? Qriqorçuk ilk vaxtlar futbolçuların nəzəri məşğələlərə gecikdiklərini söyləyib.

– Bəli, belə hallar olub. Ancaq indi hər kəs toparlanıb. Artıq nəyi etməli və nələrdən qaçmalı olduğumuzu bilirik. Qriqorçukun əsas şərtlərindən birinin nizam-intizam olduğu hər kəsə bəllidir. 

– “Panatinaikos”la cavab matçında Dodo komanda yoldaşları ilə birgə vurduğu qolların sevincini baş məşqçisi Qriqorçukla qeyd etdi. Necə oldu ki, Qriqorçuk qısa zaman kəsiyində futbolçularla ümumi dil tapdı?

– Əvvəlcə, oyunçuların əksəriyyəti üçün bu yeni və qeyri-adi idi. Onlar hər şeyi dərhal qəbul etmirdirlər, bunun zəruri olduğunu anlamırdılar. Ancaq indi nəticə var. Heç kəsin şübhəsi yoxdur ki, düzgün yoldayıq. İndi komanda baş məşqçi üçün oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43