26 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ” 10 futbolçusundan ayrı düşdü

“Qəbələ”nin 10 futbolçusu yığma komandalara dəvət alıb. Azərbaycanın U-19 millisi 5, U-21 millisi 2, əsas yığma komandası isə 1 futbolçuya dəvət göndərib. Sloveniya və Qvineya yığmaları hərəyə 1 oyunçunu heyətinə çağırıb.

Azərbaycanın U-19 millisinin sentyabrın 5-dək Bakıda, 5-dən 11-dək isə Rusiyanın Novorossiysk şəhərində baş tutacaq təlim-məşq toplanışında “Qəbələ”ni Sadiq Quliyev, Elvin Camalov, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov təmsil edəcək.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də İsrailə qarşı səfər oyununda Ürfan Abbasov və Amit Quluzadə forma geymək şansı qazanıb.

Volodimir Levin isə Azərbaycanın əsas yığmasına dəvət alıb. Müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Gan şəhərində baş tutacaq İsrail-Azərbaycan matçına hazırlıq məqsədilə təşkil olunan təlim-məşq toplanışına çağırılıb. Xatırladak ki, millimiz sentyabrın 1-dən 3-dək Bakıda, sentyabrın 4-dən etibarən isə Ramat Gan şəhərində təlim-məşq toplanışında olacaq.

Daha iki futbolçu -Deyan Kelhar (Sloveniya) və Omar Kalabane (Qvineya) milli komandalarının heyətinə dəvət alıb. Kelhar dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya-Albaniya (6 sentyabr) və Kipr-Sloveniya (10 sentyabr) matçlarında yer ala bilər. Qvineya yığmasının kapitanı statusunu daşıyan Kalabane dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Misir-Qvineya görüşündə meydançaya çıxmaq şansı qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43