İdman

“Qəbələ” azarkeşləri Gəncəyə gəlməsə daha yaxşıdı, bu onların xeyrinə olar”

“Azarkeşlərimiz hər zaman olduğu kimi sabah üz-üzə gələcəyimiz “Qəbələ” ilə oyunu da səbirsizliklə gözləyir. Rəqibimiz zəif deyil. Ancaq onlar da bilsinlər ki, bura Gəncədi. “Kəpəz” azarkeşləri sona qədər komandasına dəstək olacaq”.

İdmanxeber.com-a açıqlamasında bu sözləri klubun azarkeşlərlə əlaqələndiricisi və təhlükəsizlik xidmətinin rəisi Elmar Əliyev deyib. Gəncə futbolunun irəli getməsi üçün əlindən gələni əsirgəməyən “amiqo” yeni baş məşqçiləri Yunis Hüseynovun təyinatı haqda da danışıb. O, təcrübəli çalışdırıcının “sarı göylər”ə öz töhvəsini verəcəyini düşünür:

“Kəpəz” hazırda adına layiq olmayan pillədə qərarlaşıb. Ancaq inanırıq ki, əslən gəncəli olan Yunis Hüseynov doğma yurdunun klubunu bu “qara zolaq”dan çıxaracaq. Baş məşqçi özü hər şeyi bizdən yaxşı bilir. İnanmaq lazımdı, inam olmayan yerdə, uğur qazana bilmərsən”.

Əliyev hər zaman olduğu kimi sonda rəqib komandanın azarkeşlərinin bostanına “daş atmağı” da unutmadı:

“Qəbələ” azarkeşləri bu oyuna gəlməsələr daha yaxşıdı, bu onların xeyrinə olar. Onsuz da meydanı başıaşağı, üzgün, məğlub tərk edəcəklər. Qələbə “Kəpəz”indi !”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43