"Qəbələ” klubu yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cari mövsümün startından “qırmızı-qara” formanı geyinən futbolçunun “Qəbələ”nin heyətindəki yarımillik karyerası başa çatıb.
2014-cü ilin yayında transfer olunan 23 yaşlı legioner mövsümün ilk yarısında komandanın heyətində 13 oyun keçirib. Ötən ilin avqustun 23-də keçirilən Azərbaycan Premyer Liqasının III turunun “Bakı” ilə oyununda (2:0) “Qəbələ” formasında debüt edən Markinyoş 12 çempionat matçında 700 dəqiqə meydanda olub. O, bu müddət ərzində 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib.
Markinyoş yeganə qolunu XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) vurub. Braziliyalı futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoşun “Qəbələ”də son matçı olub.
Qeyd edək ki, "Qəbələ" klubu daha öncə Yazalde Pinto ilə yollarını ayırmışdı.