“Xəzər Lənkəran”, “Neftçi” və “İnter”dən sonra “Qəbələ” də Topaz Premyer Liqasının III turunda “Sumqayıt”la keçirdiyi oyunla (2:1) bağlı hakimlikdən narazı qaldığını rəsmi saytı vasitəsilə bəyan edib.
Yayılan məlumatda bunlar qeyd olunub:
“19.08.2013 tarixində Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qəbələ” matçının hakimlər briqadasının qərəzli idarəçiliyi sayəsində komandamız çempionatda ilk məğlubiyyətini aldı. “Qəbələ” İdman Klubu olaraq, bəyan edirik ki, klubumuz çempionatda medallar uğrunda deyil, hər şeydən öncə şəffaflıq uğrunda mübarizə aparacaq. Amma Azərbaycan futboluna zərrə qədər xeyri dəyməyən Rəhim Həsənov, Orxan Məmmədov, Rövşən Acalov kimi “hakimlər”in nə haqqı var ki, bu ölkədə futbolun şəffaflığı və inkişafı üçün milyonlar xərcləyən insanların əziyyətini hər vəchlə yerə vursunlar. Özü də bu hadisələr – “Sumqayıt”ın qapısına 2 penaltinin verilməməsi, 2 tura cəmi 1 sarı vərəqə alan “Qəbələ”nin oyunçularının hər qayda pozuntusuna sarı vərəqə göstərilməsi, rəqibin isə ən kobud “cərimələri”nə göz yumması – matçı tribunadan izləyən AFFA Baş katibi Elxan Məmmədovun gözü qarşısında baş verir. Daim imkanlı şəxsləri, böyük şirkətləri futbola cəlb etməyin vacibliyi vurğulanır. Sizcə hansı imkanlı şəxs, böyük şirkətin rəhbəri futbol biliyi şübhə altında olan orxanların, rəhimlərin öz hissiyatı, ləyaqəti ilə oynamasına razı olar? Peşəkar Futbol Liqasının, Hakimlər Komitəsinin daim müdafiə etdiyi, səhvlərini təcrübəsizliklə əlaqələndirdikləri bu gənc hakimlərin bizim onlara inamımıza, dəstəyimizə baxmayaraq, heç də deyildiyi qədər “ədalətli”, “təmiz” və “perspektivli” olmadıqlarına, “təcrübəsiz gənclər”in artıq sifarişlər üçün hazır olduqlarına siz də şahid olun.
1.Bu epizodu hakim oyundankənar vəziyyət kimi dəyərləndirir. Halbuki topun ötürüldüyü anda Viktor Mendinin müdafiəçidən arxada olduğu açıq aşkar görünür. Epizod yan xətt hakimi Rövşən Acalovun çoxsaylı qərəzli qərarlarından biridir.
2. Şərhə ehtiyacı olmayan epizod…
3.Epizodda “Sumqayıt”ın 5 nömrəli futbolçusu Kərim Diniyevin “Qəbələ”nin 9 nömrəli futbolçusu Viktor Mendini cərimə meydançası daxilində yıxdığı aydın şəkildə görünür. Maraqlıdır, görəsən bu epizodda belə hakimin qərarına necə haqq qazandıracaqlar?
4. Epizodlarda “Sumqayıt”lı futbolçuların açıq şəkildə əllə oynadığı görünür. Hakimin fiti isə bir çox bənzər epizodda olduğu kimi yenə susur. Görüntüdə yer alan ikinci epizodun davamında referi rəqib futbolçunun qayda pozuntusuna göz yumur, əsəblərini cilovlaya bilməyən Lorenzo Ebesilio da Volodimir Levin, Leonardo da Silva kimi hakim təxribatının qurbanı olur”.