“Qəbələ” Futbol Akademiyası mövsümün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komanda oktyabrın 23-dən 26-dək Litvanın paytaxtı Vilnüsdə təşkil olunacaq “Ateitis Cup 2014” beynəlxalq turnirində iştirak edəcək. Məqsəd komandanın hazırlıq səviyyəsini daha da yaxşılaşdırmaqdır.
Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkəyə oktyabrın 22-də yola düşüb. Turnirin mükafatı uğrunda “Qəbələ” ilə yanaşı daha 11 komanda da mübarizə aparacaq. Bu 12 komanda 2 qrupa bölünüb. “Qırmızı-qaralar” B qrupunda “Orbita”, “Minsk” (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparacaq. A qrupunda isə “Barselona” Futbol Akademiyası (İspaniya), “Ateitis”(Litva), SHFS (Riqa, Latviya), “Lokomotiv” (Sankt-Peterburq, Rusiya), “Smena”, BATE (hər ikisi Belarus) çıxış edəcək.
“Qəbələ” oktyabrın 24-də keçiriləcək ilk turda “Feniks”lə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 13:50-də başlayacaq. Eyni gündə, saat 16:35-də isə Milli Futbol Akademiyası ilə görüşəcək “qırmızı-qaralar” 18:20-də Kiyev “Dinamo”su ilə görüşəcək. Ertəsi gün belaruslularla üz-üzə gələcək U-15 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. Ayın 26-da isə müvafiq yerləri tutan komandalar həlledici matçlarda qüvvəsini sınayacaq.
“Ateitis Cup” turniri müxtəlif yaş qrupları arasında olmaqla hər il keçirilir. Litvaya yollanacaq qrupa akademiyanın baş məşqçisi Halim Fıçıcı, komandanın baş məşqçisi Mehman Yunusov, qapıçı məşqçisi Sahil Kərimov, eləcə də 20 nəfərlik futbolçu heyəti daxildir: Fərman Bayramov, Sərxan Osmanov, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Məsimov, Təbriz İsazadə, Arsen Ağcabəyov, Fəqan Məsimov, Tolqar Yaqubov, Eldost Qiyasbəyli, Fərid Quliyev, Məhəmməd Abbaslı, Qabil Sabirli, Kamran Quliyev, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev,Elcan Hafizli, Elmir Tağıyev və Rəşad Bağırov.