Ölkə futbolu

“Qəbələ” “Lion”la əməkdaşlığa başlayır

“Qəbələ” Futbol Akademiyasının məşqçi heyəti nəzəri və praktiki  biliklərinin artırılması məqsədilə daha bir işgüzar səfər gerçəkləşdirəcək.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, akademiyanın nümayəndə heyəti fevralın 12-dən 17-dək  Fransanın “Lion” klubunun qonağı  olacaq.  

Nümayəndə heyətinin tərkibinə “Qəbələ” Furtbol Akademiyasının  hollandiyalı direktoru Stenli Brard və onun müavini Nail Kərimov,  eləcə  də akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov  (U-17), Zaur Hacıyev  (U-16), Hüseynqylu Quliyev (U-15) və Xaqani Məmmədov  (U-14) daxil ediliblər.

Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan “Lion” klubunun fəaliyyəti istiqamətləri ilə yaxından tanış olmaqdır. Yeri gəlmişkən, klubun rəsmən adı “Olimpik” olsa da, yerli futbolsevərlər bu komandanı daha çox “Lion” kimi tanıyırlar.

Səfər proqramı “Qəbələ” məşqçilərinin işgüzar gəzintisinin maraqlı və faydalı olacağını vəd edir. Belə ki, “Qəbələ”nin nümayəndələri səfər zamanı Lion klubunun futbol akademiyasının fəaliyyəti ilə tanış olacaq, müxtəlif yaş qruplarının məşqlərini izləyəcək və yerli  mütəxəssislərlə  təcrübə mübadiləsi aparacaqlar. Bundan başqa nümayəndələr Fransa  klubunun əsas komandasının 2 matçını canlı izləyəcəklər. Onlar Fransa çempionatının “Lion” – “Monako” oyununu, habelə Avropa Liqası turniri çərçivəsində “Lion” –  “Viktoriya” (Plzen,Çexiya) matçına yerli arenada tamaşa edəcəklər.

Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüf deyil. Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı 5 klub sırasındadır. “Lion”nun futbol akademiyası Avropa ölklərinə peşəkar futbolçu ixracına görə “Barselona”dan sonra ikinci  sıradadır. Dəfələrlə  Fransa  çempionatının qalibi olmuş və ölkə  kubokunu qazanmış “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasının yetirmələrindən təşkil olunub. Bu baxımdan  Avropanın ən öncül akademiyasında olmaq, burada görülən işlərlə yaxından tanış olmaq “Qəbələ”li mütəxəssilər üçün çox faydalı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43