Milli komandamızın “Avro-2016″nın seçmə mərhələsində rəsmi oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə başa çatır.
İdmanxeber.com-un “Qəbələ İK” qəzetinə istinadən verdiyi məlumata görə, “Qəbələ” geridə qalan 3 turun yekunlarına əsasən cari mövsümə uğurlu start verməsi ilə diqqət çəkib.
Ən uğurlu start
“Qırmızı-qaralar” fasiləyə şərikli lider kimi yollanmışdı. Sadəcə, “Qarabağ“ “Qəbələ”ni top fərqində deyil, çox qol vurduğuna görə turnir cədvəlində qabaqlayıb. “Qəbələ”nin hər 3 turda meydanı qolsuz tərk etməməsi də diqqət çəkir. 3 turda 7 xal qazanaraq lider mövqeyə yüksəlməsi “Qəbələ”nin tarixində ən uğurlu startdır.
Hətta “qırmızı-qaralar” üçün ən yaxşı mövsümlər olan ötən 2 çempionatda da başlanğıc bu qədər uğurlu olmayıb. Komanda yalnız bu mövsüm ilk 3 turda məğlub olmayıb. 10 mövsümdə ilk 3 turdan sonra nəticələr aşağıdakı kimi olub:
2006/07 – 1 xal
2007/08 – 6 xal
2008/09 – 6 xal
2009/10 – 4 xal
2010/11 – 0 xal
2011/12 – 5 xal
2012/13 – 4 xal
2013/14 – 6 xal
2014/15 – 6 xal
2015/16 – 7 xal
Zets – qol vuran ilk bosniyalı
Çempionatın başlanğıcında vurulmuş 5 qoldan 4-ü yenilərin payına düşür. Hücumçular – Sergey Zenyov, Aleksey Antonov və Ermin Zets artıq milli çempionatımızda qol hesabını açıblar. Samir Zərgərov “Qəbələ”yə 6 ildən sonra qayıdışını çempionatda ilk oyununda qolla qeyd edib. Bununla da 29 yaşlı futbolçu komandasının heyətində 11-ci dəfə fərqlənib. Aleksey Qay isə “Qəbələ”də 5-ci qolunu vurub. Təcrübəli futbolçu həm də ilk dəfə penaltidən rəqib qapısına yol tapıb.
Zets “Qəbələ”də qol hesabını Qəbələdə keçirdiyi ilk oyununda açıb. Yeri gəlmişkən, o, 5-ci matçında (3-ü Avropa Liqası, 2-si çempionat) fərqlənib. Ermin həmyerlisi Miliya Slobodan Jijiçdən (2008/09 mövsümü) sonra “Qəbələ”də çıxış edən 2-ci bosniyalı futbolçudur. “Qırmızı-qaralar”ın heyətində 15 matç keçirən Jijiç fərqlənə bilmədiyindən, Zets “Qəbələ” tarixinə qol vuran ilk bosniyalı futbolçu kimi düşüb.
1 oyunla 2 seriyaya davam
“Qəbələ” “Kəpəz”lə matçda 2 seriyasını davam etdirib. Əvvəla, “Qəbələ” Gəncə təmsilçisiylə ev oyunlarında uduzmur və ardıcıl 3-cü qələbəsini qazanıb. Həm də komanda tarixi rekordunu – çempionatda 16 oyunluq məğlubiyyətsiz seriyanı təkrarlayıb. Daha öncəki rekord 2011-ci ildə qeydə alınmışdı. Uğurlu seriya bu il fevralın 19-da evdə “Xəzər Lənkəran” üzərində qazanılan qələbə ilə başlanıb. “Qəbələ” sentyabrın 13-də “İnter”lə səfər matçında da uduzmazsa, 10 illik tarixində yeni rekorda imza atacaq.