15 Noyabr 2024
İdman

“Qəbələ”dən Azərbaycan çempionatında 7 medal

Kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. “Qəbələ” İdman Klubunun cüdoçuları bu yarışda növbəti uğurunu qazanıb.

İdmanxeber.com-un məlumatına görə, klubun bəzi aparıcı idmançıları beynəlxalq turnirlərdə iştirak etdiyi üçün ölkə birinciliyinə qatılmasa da, “Qəbələ” təmsilçiləri yarışı 7 medalla başa vurub.

Kişilərin yarışında cüdoçuları 2 gümüş və 1 bürünc əldə edib. Rüfət Tağızadə (60 kq) və Vasif Şərbətli (90 kq) finaladək bütün rəqiblərinə qalib gəlib və yalnız həlledici qarşılaşmada tatamini məğlub tərk ediblər. Cəlil Şükürov isə (100 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Qadın idmançılar isə daha uğurlu çıxış edib. Onlardan 4-ü finaladək irəliləyib. Şəhanə Hüseynova (57 kq) həlledici görüşdə də qalib gələrək qızıl medala sahib çıxıb. Şəfəq Məmmədova (48 kq), Leyla Şahin (57 kq) və Dürsədəf Kərimova (70 kq) gümüş mükafatla kifayətləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43