Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab görüşündə “Qarabağ”la (ilk matç: “Qəbələ”-“Qarabağ” 0:0) qarşılaşacaq “Qəbələ” bu gün paytaxtda – Tofiq Bəhramov adına mərkəzi stadionda oyun öncəsi son məşqinə çıxıb.
İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan Dieqo Kosta Silva, Rafael Santos, Omar Kalabane, Nikola Valentiç və Kamran Ağayev yer almayıb. Adıçəkilən futbolçularla yanaşı cəzalı Elnur Alahverdiyevin “Qarabağ”a qarşı oyunda meydançaya çıxmayacağı dəqiqləşib. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Xatırladaq ki, “Qəbələ” “Qarabağ”la martın 19-u saat 17:00-da paytaxtda üz-üzə gələcək. Oyun “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.