27 Dekabr 2024
Müsahibə

“Qəbələ”nin baş meneceri: “Avroliqada səhv bağışlanılmır” – MÜSAHİBƏ

“Qəbələ”nin baş meneceri Zaur Əzizov “Qəbələ İK” qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdm edirik:

– “Qəbələ”nin avrokuboklarda cari mövsümdə çıxışını, ümumilikdə, necə dəyərləndirərdiniz?

– Komandamızın qısa müddət ərzində yeni heyətlə, kifayət qədər dəyişiklikdən sonra avrokuboklarda ciddi rəqibləri üstələməsi, ilk növbədə, sevindirici haldır. Futbolçuların meydançada göstərdiyi oyun, əzmkarlıq, həqiqətən, fərəhləndiricidir. Mərhələdən-mərhələyə komanda olmaq yolunda irəli addımlar atırıq. Göstərdiyimiz oyun, eyni zamanda komanda daxilində ab-hava bizi sevindirir. Komandamızın potensialı gələcəyə nikbin, ümidlə baxmağa əsas verir.

– Avropa Liqasında püşkdən öncə minimal vəzifənin mərhələ keçmək olduğunu demişdiniz. Artıq “Qəbələ” III təsnifat mərhələsində çıxış edir. İndi vəzifə nədən ibarətdir?

– Vəzifə həmişə uğurlu çıxış etməkdir. Oyun öncəsi yalnız növbəti matçı düşünürük. Fərqi yoxdur, çempionat, kubok, avrokubok və ya yoxlama oyunu. Çünki hər matçın öz əhəmiyyəti var.

– Ancaq hələ ki qrupa düşmək haqda yox…

– Sözsüz. Avropa Liqası çempionat oyunları deyil. Burada səhv, meydançada istənilən yanlış hərəkət bağışlanmır. Müxtəlif amillər – futbolçuların əhval- ruhiyyəsi, hazırlıq planları – bunlar da önəmli məsələlərdir. Buna görə hazırda bütün diqqət “Apollon”u keçməyə, növbəti matça yönəlib. Baş məşqçimiz çempionatı düşünəndə də eyni prinsiplərə əsaslanır. Yəni çempionat başlamamış 2-ci, 3-cü turları düşünmürük. Belə daha doğrudur.

– Növbəti sınaqdan danışırıqsa, rəqib “Apollon”dur. Halbuki, bizə “Standard”, “Vest Hem”, Dortmund “Borussiya”sı kimi güclü komandalar düşə bilərdi…

– “Apollon” rəqiblərimiz arasında, bəlkə də, ən ortababıdır. Bəzən fikirlər səslənir ki, “Qəbələ”yə zəif rəqib düşüb. Əlbəttə, “Borussiya” və “Vest Hem”lə müqayisədə belədir. Ancaq “Apollon”a zəif komanda demək də doğru deyil. Bu, son 2 ildə Avropa Liqasının qrupunda oynamış komandadır. Bizim klublar üçün qrup mərhələsində oynamaq uğurdursa, Kipr təmsilçiləri ardıcıl bir neçə ildir buna nail olurlar. Hətta qrupdan çıxıb, irəli gedən komandaları da olub. Avropa təcrübəsi yetərincə olan bu komandanın heyətində kifayət qədər güclü futbolçular oynayır. “Apollon” “Qəbələ” ilə oyuna qədər cari mövsümdə Avropa Liqasında keçirdiyi 4 oyunda qapısından qol buraxmamışdı. Bu, ciddi nəticə idi.

– Komandamız ev oyunlarında qalib gəlsə də, səfərdə hələ ki buna nail ola bilmir. Rəqib meydanında qələbə qazanmağa nə mane olur?

– Üzləşdiyimiz komandalar elə rəqiblər deyil ki, onlara uduzmaq uğursuzluq kimi qələmə verilsin. Rəqiblərimizi zəif hesab edənlərlə razılaşmıram. “Çukariçki”yə məğlub olmağı faciə adlandıranlar, sadəcə, komandanın adına baxırlar. Daha demirlər ki, “Çukariçki” Serbiyada hazırda “Partizan”la “Srvena Zvezda”nın əsas rəqibi sayılır.

– “Çukariçki” gümüş medalçı “Srvena Zvezda”ya çempionatda, çempion “Partizan”a isə ölkə kubokunun finalında qalib gəlib.

– Bəli. Serbiya futbolunu izləməyən insanlar “Çukariçki”ni zəif komanda kimi dəyərləndirə bilərlər. Tiflis “Dinamo” sunun futbolçusu Georgi Papunaşvili “Verder”ə keçdi. “Dinamo” rəsmiləri Tiflisdə bizə dedilər ki, Avropa klubları onların daha 2 futbolçusu ilə maraqlanır. “Dinamo”ya Tiflisdə uduzmağı faciəyə çevirənlər desinlər, neçə futbolçumuzun “Verder”ə getmək ehtimalı var? Rəqib klubları dəyərləndirərkən, bu cür amillər də nəzərə alınmalıdır. Biz yeni komandayıq, oyundan-oyuna gücümüzü artırırıq. Sözsüz ki, zamana ehtiyac var. Tiflisdə və Belqradda oyun planında çətinliyimiz oldu. Amma düşünmürük ki, ümumilikdə, rəqiblərdən ciddi geri qalırdıq. Sadəcə, oyunumuza mənfi təsir edən başqa amillər də oldu.

– Yəqin ki, meydançanın ot örtüyünün bərbad vəziyyətdə olmasını demək istəyirsiz.

– “Çukariçki”nin ev oyunlarını keçirdiyi arenanın hansı meyarlara əsasən avrokubok oyunları üçün yararlı sayıldığı və qəbul edildiyi mənə çox maraqlıdır. Çünki ən minimum şərtlər, özü minimum şəkildə yerinə yetirilib, ya da yetirilməyib. Əgər futbolçu paltardəyişmə otağında oturub istidən əziyyət çəkirsə, özünə gəlmək üçün dəhlizə, yaxud çölə çıxırsa, təbii ki, bunlar onun oyununa təsir göstərəcək.

– Yeni legionerlərdən artıq öz sözünü deyənlər var. Komandamıza yay fasiləsində cəlb olunmuş əcnəbilərə necə qiymət vermək olar?

– Diqqət yetirmisinizsə, yeni legionerlər “Qəbələ”yədək karyeralarında kifayət qədər uğur qazanmış futbolçulardır. Halbuki, baş məşqçi onları bir neçə yox, hesaba vursaq, bəlkə də, 150- yə yaxın futbolçunun arasından seçib. Yeni gələnlər sırf məşqçilər korpusunun birbaşa istədiyi futbolçulardır. Ümid edirəm ki, onların “Qəbələ”də oyunu alınacaq və karyeralarına yeni nailiyyətlər əlavə edəcəklər.

– Son transferimiz Bosniya və Herseqovina yığmasının hücumçusu Ermin Zets oldu. Onun keçidi necə baş tutdu?

– Açığı, uzun müddət idi ki hücumçu, hücumameyilli futbolçu axtarırdıq. Hətta Fransanın II liqasında, “Orlean” klubunda çıxış edən hücumçu Robert Maahla ilkin razılığa gəlmişdik. Ancaq bizə məlum səbəblərdən onun keçidi alınmadı. Maah Türkiyənin “Göztəpə” klubu ilə müqavilə imzaladı. Odur ki, vaxt itirmədən yeni namizədləri nəzərdən keçirdik. Buna görə də məsələ bir az uzandı. Baş məşqçi Roman Qriqorçuk Ermin Zetsi siyahının ilk yerinə qoydu. Dedi ki, mümkündürsə, bu futbolçunu alaq.

– Demək, Qriqorçuk Zetsi yaxşı tanyır və ən çox istədiyi futbolçu olub…

– Baş məşqçi bosniyalı hücumçunu xeyli izlədikdən sonra qərar verib. Seçim üçün alternativ futbolçular olsa da, Qriqorçuk tərəddüd etmədən Zetsin üzərində dayandı. Ermin bu yaxınlarda Bosniya və Herseqovina yığmasına çağırılıb. Millidə hücumdakı komanda yoldaşları “Mançester Siti”dən Edin Dzeko ilə “Ştutqart”dan Vedad İbişeviçdir. Təbii ki, Zets yenidən onlarla millidə çıxış etmək, mütəmadi çağırılmaq üçün daha güclü çempionat seçmək istəyirdi. Ancaq onu inandıra bildik ki, biz istər ölkə daxilində, istərsə də Avropada böyük uğur qazanmaq istəyən komandayıq. Bəlkə də “Çukariçki” üzərində qələbəmiz də onun qərarına ciddi təsir etdi. Çünki bilirik ki, Türkiyədə xidmətində maraqlı olan klublar vardı. Hətta Bakıda olduğu müddətdə Türkiyədən, Yunanıstandan yeni təkliflər alırdı. Ermin son yarım ili Super Liqada keçirib və orada karyerası kifayət qədər uğurlu alınıb. Şadıq ki, onun “Qəbələ”yə keçidi baş tutdu.

– “Transfer pəncərəsi” hələ avqustun 31-də bağlansa da, Zetsin keçidi ilə yay transferlərinin başa çatdığını demək olar?

– “Apollon”la oyundan sonra bu məsələyə qayıdacağıq. Hələ tam demək olmaz ki, transfer məsələsi bitib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43