26 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin Premyer Liqada yubiley qələbəsi

Premyer Liqanın XIV turunda AZAL-ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” ölkə çempionatlarının güclülər dəstəsində 50-ci qələbəsini qazanıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, 2006/07 mövsümündən yüksək liqada çıxış edən “qırmızı-qaralar” yubiley qələbəsinə 109-cu matçda nail olub.

Öz meydanında 25 heç-heçə və 34 məğlubiyyəti də olan qəbələlilər çempionatdakı ev matçlarında 130-cu qolu da vurub. Bu topun müəllifi Leonardo da Silva olub. Bu 109 matçda qonaqlar 94 dəfə fərqlənib.

“Qəbələ” çempionatda ilk ev qələbəsini 2006-cı il noyabrın 27-də qazanıb. Həmin vaxt “Gilan” adlanan komanda “Gənclərbirliyi”ni məğlub edib – 2:0. 2010-cu il oktyabrın 16-da qeydə alınan “Muğan” üzərində eyni hesablı qələbə isə 25-ci olub.

Ümumilikdə isə bütün yarışlarda üst-üstə 281 oyun keçirən “Qəbələ” 120-ci dəfə meydanı qalib kimi tərk edib. Bunların 83-ü Premyer Liqa, 22-si I dəstə, 15-i ölkə kubokuna təsadüf edib.

Bundan başqa, “qırmızı-qaralar”ın bir sıra uğurlu seriyaları diqqət çəkir. Ardıcıl 5 oyundur öz meydanındakı qarşılaşmaları qol vurmadan tərk etməyən Yuri Syominin yetirmələri son 2 görüşdə qonaqları “quru” hesabla məğlub edib. Komandanın polşalı qapıçısı David Pietrzkeviç isə son 2 matçda qol buraxmamaqla “Qəbələ”dəki 2-ci “quru” matçını keçirib.

Qələbə qolunun müəllifi Leonardo da Silva mövsümdə 5-ci dəfə fərqlənib. Bununla da o, komandanın 2013/14 mövsümündə ən məhsuldar futbolçusu olub. Braziliyalı legioner 4 qol vuran Daniyel Subotii arxada qoymağı bacarıb. Klubda ilk mövsümünü keçirən Leonardo “Qəbələ” karyerasında 5 və daha çox qol vuran 24-cü futbolçudur. Bütün qollarını Premyer Liqada vuran legioner çempionatda ən azı bu qədər qol sevinci yaşayan 16-cı oyunçudur.

Qeyd edək ki, AZAL-la qarşılaşma Luis Hilarionun Premyer Liqada 75-ci oyunu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43