Kiyevin "Dinamo" klubunun sabiq hücumçusu Artyom Milevskinin azərbaycanlı meneceri Kamil Məmmədov müştərisinin Türkiyə "Qaziantepspor"undan ayrılmasına münasibət bildirib.
– Milevskiyə "Qaziantepspor"da nə oldu? Niyə müqaviləyə xitam verildi?
– Klub mövsümün əvvəlindən oyunçunun maaşını ödəmirdi. Bu üzdən FİFA-ya da şikayət ünvanlanmışdı, klubun ofisinə xəbərdarlıq məktubu göndərilmişdi. Bir sözlə, tam bir xaos hökm sürürdü. Artyom da bu üzdən klubla danışıb, müqavilənin ləğvinə qərar verdi.
– Ümumiyyətlə, "Qaziantepspor"da nə baş verir?
– Belə şəraitdə işləmək mümkünsüzdü. Yəqin ki, əksər futbolçular oradan gedəcək. Bəziləri artıq bu yöndə danışıqlar aparırlar. Bizim üçün "Qaziantepspor" tarixi başa çatıb.
– Milevski bundan sonra nə edəcək? Yəqin ki, onun Ukraynaya qayıtmaq ehtimalı daha yüksəkdi…
– İndi hamı istirahətdədi. Yeni variantlar mütləq olacaq.
Qeyd edək ki, Milevski "Qaziantepspor"da cəmi 4 ay oynadı. O, 2013-cü ilin sentyabr ayında transfer olunduğu bu komandada 8 matça çıxıb (6 çempionat, 2 kubok oyunu). Lakin həmin oyunların da heç birini 90 dəqiqə meydanda olmayıb. Bu müddətdə o, 1 qol vurub və eyni sayda da məhsuldar ötürməylə yadda qalıb.
Hazırda Milevskinin karyerasını davam etdirəcəyi ehtimal olunan klublar arasında "Qəbələ"nin də adı hallanır.