Dünya futbolu

“Qızıl Top” kimin haqqıdı? – YAZI

Bu il “Qızıl Top” mükafatının qalibini bəlli etmək çox çətin olacaq. Əsas namizədlər bildiyimiz kimi Messi, Ronaldo və Riberidi. Bu mükafatın son 4 qalibi olan Messinin bu, mükafatı 5-ci dəfə qazanması real görsənə bilər. Həmçinin qalib Ronaldo və Riberi də ola bilər.

Ümumiyyətlə, “Qızıl Top” nədi və bu mükafat hansı oyunçuya verilir?

Düzdü, bu sual hamımız üçün olduqca asan görünür, amma qeyd etmək yerinə düşər ki, bu mükafatı bir oyunçuya il ərzində göstərdiyi performansına görə verilir. Bu performansa oyunçunun şəxsi və klub çərçivəsindəki nailiyyətləri daxildi. Yəni, mükafatı qazanacaq olan oyunçunun klub çərçivəsində bir uğuru olmasa da, ən azından özünə aid bir titulu mütləq və mütləq olmalıdı. Artıq aydın oldu ki, “Qızıl Top” hücum mövqeyində oynayan oyunçulara verilir. İstisnalar var. Məsələn, Kannavaro, Lev Yaşin və s. Bu futbolçuların ampulaları başqa idi, amma onlar da bu mükafata sahib çıxıblar.

Bəs niyə bu mükafat ancaq forvardlara verilir?

Çünki onlar həmişə, hər an, hər saniyə, diqqət mərkəzində olublar və öz oyunları ilə göz oxşayıblar. Bu il də bu mükafat hücum mövqeyində oynayan futbolçuya veriləcək. Bunlar qeyd etdiyim kimi, Messi, Ronaldo və Riberidi. Gəlin indi obyektiv və tərəfsiz kimi bu mükafatı kimin qazanacağına aydınlıq gətirək. Başlayaq Riberidən…

1) Xaynkesin dövründə “Bavariya”nın necə bir futbol nümayiş etdirdiyini futbol azarkeşləri çox gözəl bilir. Son iki ildə bu klub Avropanın ən nüfuzlu turniri sayılan Çempionlar Liqasının finalına çıxıb və bunların birində qalib olub. Bununla yanaşı, “Bavariya” həmişə stabil oyun oynayan komanda olaraq yaddaşlarımıza həkk olub və indi də onlar öz futbol adət-ənənəsinə sadiq qalaraq, hər oyunda eyni tərz oyun nümayiş etdirirlər. Rəqib istər zəif olsun, istər güclü. Eyni oyun, eyni sxem, eyni taktika. Xaynkesin gedişi və Qvardiolanın bu komandaya baş məşqçi olaraq təyin olunması “Bavariya”nın gücünü birə on artırdı. Bu mövsüm məğlub olmayan üç komandadan biri məhz elə “Bavariya”dı. Şəxsi fikrimcə, “Bavariya”da konkret lider oyunçu yoxdu. Hər oyunçunun ampulasından asılı olmayaraq, komanda həmişə kollektiv oyun göstərir və burda hansısa bir oyunçunun lider olduğunu və komandanı təkbaşına qələbələrə doğru apardığını demək çox çətindi. Lakin bu il Riberi digərlərindən fərqlənərək, ön plana çıxıb. Çox gözəl texnikaya malik olan Riberi bəzi oyunlarda göstərdiyi performansla diqqəti cəlb etməyi bacarıb. Bunun da nəticəsi olaraq, “Bavariya” bu il mümkün olan altı tituldan dördünü qazana bilib və bu uğurlarda Riberinin danılmaz rolu var. Misal üçün, UEFA Superkubokun finalında “Çelsi”yə qarşı keçirilən oyun. Bu oyunda Riberinin göstərdiyi oyuna tərif yağdırmaq belə kifayət etməz. Ancaq onun özünə aid bir nailiyyəti yoxdu. Bir az öncə qeyd etdim ki, “Bavariya” həmişə kollektiv oyun göstərir və burda hansısa bir oyunçu ön plana çıxmır. Buna görə də Riberinin şəxsi bir göstəricisi yoxdu. Fikirləşərsiz ki, bunu deməyimlə Riberinin bu mükafatı qazana bilməyəcəyimi nəzərdə tuturam. Qismən belədi, Çünki “Qızıl Top” oyunçuya şəxsi göstəricisinə görə verilir, ancaq bu yoxdusa komanda uğuru irəli sürülür. Burda da Riberinin kifayət qədər uğuru var. Hal-hazırkı səsvermələrə nəzər yetirsək, Riberinin Ronaldo və Messidən xeyli geridə qaldığını söyləmək lazımdı. Lakin bütün bunlara baxmayaraq, Riberi bu mükafatı qazansa, haqqına qazanmış olacaq.

2) Növbə Ronaldonundu. Həqiqətən də super futbolçudu. Hər halda izah etməyə ehtiyac yoxdu. Bu il o, “Mançester Yunayted” dönəmində oynadığı oyunu nəhayət ki, “Real"da (Madrid) göstərə bildi. Bundan əvvəlki illərdə də əla performans nümayiş etdirib, amma bu il keçən ilkilərdən qat-qat  fərqli olaraq super oyun göstərib. Bir neçə oyunlarda dubllar, het-triklər, fantastik oyun göstərmələr, tamaşaçıların rəğbətini qazanmaq və s. və ilaxır. Bunun bir nəticəsi oldu mu? Xeyr. Gəlin açıq danışaq. Bu oyunçunun bu il heç bir nailiyyəti olmayıb. Nə klub səviyyəsində, nə də ki şəxsi səviyyədə. “Real” keçən mövsüm titulsuz qaldı. Çempionluq “Barselona”nın oldu, Kral kuboku “Atletiko"ya (Madrid) nəsib oldu. İspaniya Superkubokunu qeyd etməyə dəyməz. ÇL-da “Borusiya"ya (Dortmund) yarım finalda məğlubiyyət və bununla da tituldan məhrum oldu. Klub çərçivəsində bir dənə də olsun nailiyyəti olmadı. Şəxsi göstəricilərinə baxsaq, yenə eyni sözləri deyə bilərik. Sadəcə, 12 qolla ÇL-nın bombardiri oldu və Portuqaliya yığmasıyla 200-cü oyununa çıxdı. Bu amillərə görə oyunçu “Qızıl Top” ala bilməz.

İndi isə gələk DÇ-nın pley-off oyununa. Pley-off-da İsveçə qarşı hər iki oyunda qol vurdu, cavab oyununda het-trik etdi və komandasını DÇ-nın qrup mərhələsinə daşıdı. Ancaq bu amil onun “Qızıl Top”u qazanmasına kifayət etmir. Bu ciddi uğur kimi qələmə alınmamalıdı. Ronaldo yığmanın bir nömrəli lideri olduğu halda niyə qrupdan birbaşa deyil də pley-off-dan finala vəsiqə qazandı? Buna görə FİFA səsvermələrin vaxtını bir az da uzatdı. Yazdığım bütün bu amillərə görə Ronaldo “Qızıl Top”a layiq deyil. Bəlkə bunu bir az emosional tərzdə dedim, amma məsələyə futbol cəhətdən yanaşmaq lazımdı. Axı Ronaldo heç bir nailiyyəti olmaya-olmaya necə dünyanın ən yaxşısı seçilə bilər? Bu absurtdu. Son zamanlar göstərdiyi gözəl oyun, etdiyi o çabalar sırf “Qızıl Top”u qazanmaq üçündü. Amma bu futbolçu bu il heç nə qazanmayıb, heç bir titulu yoxdu və bu mükafatı qazana bilməz. Ən azından Messinin şansı Ronaldoya nisbətən çoxdu.

3) Messi – Bu oyunçu haqda dəfələrlə danışmaq və onun həyatından zövq almaq olar. Messini futbol tarixinin gəlmiş-keçmiş ən yaxşı oyunçusu adlandırsaq, məncə yanılmarıq. Bunu təkcə mən demirəm. Bir çox futbol mütəxəssisləri, hətta alim və professorlar da bu sözü deyir. Axı o, 4 dəfə ardıcıl dünyanın ən yaxşı oyunçusu seçilib, qırmadığı rekordlar qalmayıb. Sadəcə bir əksikliyi var, o da dünya çempionu olmaq. Bu titulu qazanmaq üçün o, qarşısına məqsəd qoyub. 2014-də dünya çempionu olmaq və bununla da futbol tarixinin bir nömrəli oyunçu statusunu özündə möhkəmləndirmək. Tərəfli-tərəfsiz Messinin oyunu hamını heyran edir. Onu bəyənməyənlər sadəcə ona paxıllıq edə bilər, başqa da heç nə.

Bu il də o, dünyanın ən yaxşı oyunçusu mükafatına namizəddi. Riberi bu il qazandığı titullarla həm Messini, həm də Ronaldonu qabaqlayır. Lakin Messi də bu mükafatı qazana bilər. Ən azından onun şansı Ronaldodan qat-qat çoxdu. Ronaldonun bu il titulsuz qaldığı halda Messi öz ölkəsinin çempionatında 46 qolla bombardir oldu və bununla da “Qızıl buts”a sahib çıxdı. Bu onun qazandığı ilk və tək şəxsi titulu oldu. Klubla da həm ölkə çempionu oldu, həm də ölkə superkubokunun qalibi oldu. Messinin bu il üç rəsmi titulu var. Bəs Ronaldonun? Demək çox təəccüblü və acınacaqlıdı, amma Ronaldonun bu il heç bir rəsmi nailiyyəti yoxdu. DÇ 2014-ə gəlincə, Argentina Messinin sayəsində qrupda birinci olaraq dünya çempionatına vəsiqə qazandı. Ancaq Ronaldolu Portuqaliya play-off nəticəsində buna nail oldu. Nəzərə alsaq ki, Ronaldo Portuqaliyanın lideridi. Portuqaliya qrupdan birbaşa vəsiqə qazanmaq əvəzinə play-off nəticəsində buna nail oldu.

Sonda bunu da demək istərdim ki, futbolda son zamanlar obyektivlik yavaş-yavaş öz təsirini itirməyə başlayır. “Qızıl Top”a bu il həm Messi, həm də Riberi layiqdi. Bu iki oyunçudan biri bu mükafata sahib çıxacaq. Riberi qazansa, artıq-əskik şərhlər olmayacaq, ancaq Messi qazansa, olacaq. Lakin olmamalıdı. Səbəbini izah etdim. Bir məlumata görə də, Ronaldo mərasimə gəlməkdən imtina edib. Bu da həm UEFA, həm də FİFA rəsmilərinə hörmətsizlik deməkdi. Ronaldonun bu il titulsuz qalmasıyla bərabər, bu hərəkəti də edəcəyi (əgər bu doğrudursa) “Qızıl Top”dan məhrum olması deməkdi. Atalar demişkən, qurunun oduna yaş yazmaq.

Ramil Qasımov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43