Ölkə futbolu

“Qızıma görə “Qalatasaray”lı futbolçuya ağız açdım” – Coşqun Diniyev

Millimizin futbolçusu Coşqun Diniyev yaxınlarda Türkiyənin I divizion klubu “Ümraniyəspor”dan ayrıldı. Onun ayrılması klubun futbolçu qarşısında öhdəliklərini yerinə yetirə bilməməsinə görə oldu.

Ümumiyyətlə, mövsüm ərzində çoxdandır ki, Diniyevdən müsahibə götürmək istəyirdik. 28 yaşlı futbolçu mediadan qaçdığına (növbəti hissədə bunun səbəblərini izah edəcək – S.M.) görə onu müsahibəyə razı salmaq çətin olsa da, bizə geniş müsahibəyə razılıq verdi. Müsahibənin ilk hissəsində onunla Türkiyə karyerasının necə alınması, ayrılmasının detalları, qol vurduğu oyunlar, “Qalatasaray”la matç və keçəcəyi yeni klub barədə danışdıq. 

– Əvvəlcə “Ümraniyəspor”dan necə ayrıldığınızı sizin dilinizlə eşidək…
– Klubun mənə 5 aylıq borcu vardı. Ötən mövsüm bura keçəndə klubla 1 + 1 illik müqavilə bağlamışdım. Onlar da + 1 şərtindən istifadə edib, müqaviləmin müddətini 1 illik artırmışdılar. Gözləyirdim ki, mənə borcları olduqları üçün bunu etməyəcəklər. Amma onlar bunu edib, borcu ödəməyə çalışırdılar. Mən də Türkiyə Futbol Federasiyası (TFF) vasitəsilə onlara 10 gün vaxt vermişdim ki, borcu ödəsinlər. Bu müddətdə pulu ödəyə bilmədilər və TFF-yə müraciət edib, birtərəfli şəkildə müqaviləmə xitam verdirdim.

– Sizin kimi TFF-yə şikayət edənlər oldu?
– Açığı, bundan xəbərim yoxdur. Amma məndən sonra 1-2 futbolçu soruşdu ki, bunu necə etdin? Yəqin ki, əcnəbi futbolçular da TFF-yə şikayət edəcək. Türklər isə artıq bu duruma öyrəşib.

– İyunun 15-də Tuncay Şanlı ora baş məşqçi təyin olundu. Heç onun rəhbərliyi altında məşqlərə çıxa bildiniz?
– Yox. Mən təlim-məşq toplanışı başlamamış komandanı tərk etdim. Onun təyinatı zamanı isə məşqlər başlamamışdı.

– Bir az əvvələ qayıdaq. “Ümraniyəspor”a keçidiniz necə baş tutmuşdu? Ora gedəndə klubun maliyyə problemi olduğunu bilmirdiniz?
– Mənim türk menecerim var, onun vasitəsilə bu kluba keçmişdim. Hətta bir mövsüm əvvəldən onunla danışığımız olmuşdu. Demişdi ki, məndən xəbər gözlə. Bu kluba keçərkən isə araşdırmışdım. 20 klub içərisində 2-3 komandadan biri idi ki, heç kimə borcu yox idi. Ona görə bu kluba keçməyə razılıq vermişdim. Ancaq təəssüf ki, mən ora keçəndən 1 ay sonra həmin rəhbərlik istefa verib oradan ayrıldı. Səhv etmirəmsə, 8-9 il idi ki, orada prezident idi. Dedi ki, yorulmuşam. Onun gedişi ilə son 4-5 ilin sponsoru da klubdan ayrıldı. Daha sonra yeni rəhbərlik gəldi, bir neçə məşqçi dəyişikliyi oldu…

– Deyirsiniz ki, meneceriniz türkdür. Ancaq “Transfermarkt”da sizin müqavilə bağladığınız menecer şirkəti kimi “Proeleven” adlı Portuqaliya şirkəti göstərilir. Səhv məlumatdır?
– Məlumat düzdür. Sadəcə, menecerim Altuğ Günaydın Portuqaliya şirkətinin Türkiyə bölməsinin əməkdaşıdır.

– Keçmişə qayıtdıqsa, “Ümraniyəspor”dan əvvəl “Səbail”lə müqavilə bağlamağınıza da toxunaq. “Zirə”dən ayrıldıqdan sonra “Səbail”ə keçdiniz. 2-3 gün sonra müqaviləyə xitam verib, “Ümraniyəspor”la anlaşdınız…
– Orada bir az qəribə vəziyyət idi. Həmin vaxt mən artıq “Ümraniyəspor”la ilkin danışıqlar aparmışdım. Ancaq hələ ortalıqda bir şey yox idi. Bir tərəfdən də atam (Şahin Diniyevi nəzərdə tutur – S.M.) “gəl, bizimlə müqavilə bağla” deyib inad edirdi (gülür). Deyirdi ki, fikirlərindən vaz keçərlər, bilmək olmaz, gəl, müqavilə bağla. “Səbail”ə keçəndə də türklərlə ilkin danışığımın olmasını rəhbərlik bilirdi. Bağladığım müqavilədə də vardı ki, əgər xarici klubdan mənə təklif gəlsə, buraxmaqlarına şərait yaradacaqlar.

– Bəxtiyar Həsənalızadə və siz ötən mövsümün əvvəlindən, Ramil Şeydayev, Sərtan Daşqın və Vüsal İsgəndərli qış fasiləsindən sonra Türkiyədə oynamağa başladı. Vətəndən kənarda öz həmyerlilərinə qarşı rəqib kimi oynamaq necə hissdir?
– Yaxşı idi. O futbolçuların hamısı ilə yaxşı münasibətlərim var. Onlarla Türkiyədə rəqib kimi qarşılaşmaq xoş bir hiss idi. Orada çempionat daha da maraqlı olduğu üçün bir-birimizə qarşı oynamaq daha çox ləzzət edirdi.

– Orada çıxış etdiyiniz müddətdə 3 qol və 2 məhsuldar ötürmə etdiniz. Maraqlıdır ki, qollarınızı qış fasiləsinədək vurdunuz. Oktyabrın 8-də “Altay”la oyunda mərkəz xətdən reyd edib fərqləndiniz. Bunu karyeranızın ən yaxşı qolu hesab etmək olar?
– Yox. Mən ən yaxşı qolumu daha çox “Kocaelispor”a vurduğumu hesab edərdim. Amma “Altay”a vurduğum qol da mənim üçün önəmli idi. Çünki komandada ilk qolumu vurmuşdum. Ümumiyyətlə, həmin matçadək 7 oyun qalib gələ bilmirdik, son 4 matçda rəqiblərə qol vurmadan uduzurduq. Sevinirəm ki, mənim o qolumdan sonra vəziyyət düzəldi, qələbələrimizin ardı gəldi. Bu qolda rəqibin müdafiə xəttinin zəif olması da öz sözünü dedi.

– Ümumiyyətlə, dekabr ayı sizin üçün uğurlu keçdi. Dekabrın 1-də “Kocaelispor”a qol vurdunuz. 8 gün sonra “Ankara Keçiörəngücü” ilə matçda penaltidən fərqləndiniz. Necə oldu ki, penalti sizə həvalə olundu? Sonrakı oyunlarda niyə penalti nöqtəsinə siz yaxınlaşmadınız?
– Reallığı danışsaq, Türkiyədə rəhbərlik səviyyəsində idarəetmə sistemi bizdəki kimi peşəkar deyil. Mövsüm ərzində bir komandada 4 məşqçi dəyişikliyi olursa, deməli, problemlər var. Dediyiniz kimi, dekabr mənim üçün uğurlu oldu. Ümumiyyətlə, oktyabr-dekabr ayları komanda üçün də yaxşı keçdi. Ondan sonra özüm də hiss etdim ki, performansımda eniş var. Sentyabrda baş məşqçi təyin olunan Mustafa Gürsel həyatımda çalışdığım ən ideal məşqçidir. O, futbolçu ilə məşqçi yox, dost idi. Ona görə də meydanda əlimdən gələni edirdim. Çünki mənə özünəinam vermişdi. Gəldiyi ilk gündən mənə komandada lazımlı olduğumu hiss etdirmişdi. O gələndən penaltiləri mənə həvalə etməyə başladı. Aut atışından başqa, demək olar ki, hər şeyi – künc zərbəsi, cərimə zərbəsini mənə etibar etmişdi. Mən də onun qarşılığını verməyə çalışırdım. İndi də onunla münasibətim var. Açığı, indi çalışdığı “Bandırmaspor” üçün ilk zəng etdiyi futbolçu da mənəm. Onunla birgə yenidən çalışmaq istərdim. O, “Ümraniyəspor”dan gedəndən sonra (fevralın 3-də Diniyevin oynamadığı “Bodrum”a ev məğlubiyyətdən sonra istefa verib – S.M.) məndə psixoloji çöküş oldu. Bundan sonra komandaya baş məşqçi gətirmədilər. İdman direktoru (İbrahim Dağaşanı nəzərdə tutur – S.M.) məşqçilik etməyə başladı. Martın sonlarında onu göndərib klubun 19 yaşadək komandasının baş məşqçisini təyin etdilər. Çətin dönəm oldu.

– Sizin qol vurmağınız da komanda üçün düşərli olub. Həmin oyunlarda komandanız qol buraxmayıb. “Altay” və “Kocaelispor”a 3:0, “Ankara Keçiörəngücü”nə 2:0 qalib gəlmisiniz…
– Açığı, bu statistikaya fikir verməmişdim. Amma bizim ən uğurlu çıxışımız Mustafa Gürselin vaxtında oldu. Çox heyf ki, onunla yollar ayrıldı. Mən daxil, bütün futbolçular o məşqçinin rəhbərliyi altında Super Liqaya çıxacağımızı düşünürdük. Ancaq gözlənilmədən onunla yollar ayrıldı.

– 2 assist də etmisiniz. Hansı oyunlarda etdiyiniz yadınızdadır?
– “Manisa” (cərimə zərbəsindən bolqar müdafiəçi Straxil Popova məhsuldar ötürmə verib – S.M.) və “Gənclərbirliyi” (künc zərbəsindən müdafiəçi Mustafa Əsərə assist edib – S.M.) ilə oyunlarda. Əslində Türkiyə Kubokunda da 2 assist etmişəm, ancaq onlar sayılmayıb.

– Kubokdan söz düşmüşkən, yanvarın 18-də “Qalatasaray”a qarşı 90 dəqiqə meydanda oldunuz. Bildiyim qədəri ilə “Qalatasaray” azarkeşisiniz…
– Düzdür. 6-7 yaşımdan “Qalatasaray” azarkeşiyəm. Bu komandaya görə qardaşımla dava etmişəm, ondan yumruq da yemişəm… Meydana girəndən çıxanadək nələr baş verdiyi ağlımda qalmayıb. “Qalatasaray”ın stadionunda 40-50 min azarkeşin önündə oynamaq dəhşət bir şeydir. Həyatımın ən ududulmaz oyunu mənim üçün bu matç idi. Meydana girdim, sanki həyat mənim üçün 90 dəqiqə dayanmışdı. Sevincimin hədd-hüdudu yox idi. 1:4 uduzsaq da, düşünürəm ki, oyunum yaxşı alındı. Bu səbəbdən də əvəz olunmadım. İlk qolu biz vurduq, onlar bir az panikaya düşdü. Ancaq Çempionlar Liqasının qrupunda oynayan komanda ilə bizimki arasında fərq vardı. Əlimizdən gələni etsək də, sonda səviyyə fərqi öz sözünü dedi. Oyundan sonra da “Qalatasaray”ın baş məşqçisi Okan Buruk paltardəyişmə otağından keçərkən təkcə mənə əl verib, başımı sığalladı. 

– Qardaşınız Kərim Türkiyədə hansı kluba azarkeşlik edir ki?
– Yumruq yediyimə görə, yəqin ki, “Fənərbağça”ya (gülür).

– Hər adama sevimli komandasına qarşı oynamaq qismət olmur. Siz hansısa “Qalatasaray”lı futbolçu ilə forma dəyişdirdiniz?
– Mən əslində özümü göylə aparan adam deyiləm. Amma xasiyyətim elədir ki, “yox” cavabı alaram deyə forma istəməkdən çəkinmişəm. Amma qızımı da doğuşdan “Qalatasaray”lı etmişəm. Oyundan qabaq “Qalatasaray”ın formasını istəyirdi deyə, ona görə kiməsə ağız açmağın vaxtı idi (gülür). Ona görə də oyundan sonra Tonqi Endombellə (Tanguy Ndombele) formamızı dəyişdik.

– Bildiyimizə görə, karyeranızı Türkiyədə davam etdirmək istəyirsiniz…
– Real götürsək, Azərbaycana qayıtmaq fikrim yoxdur. Ancaq sabah-birisigün maddi cəhətdən elə təklif gələr ki, ona “yox” deyə bilməzsən, sözüm yalançı çıxar. Ona görə də belə deyim: hazırkı durumda Türkiyə variantı daha realdır.

– “Bandırmaspor”dan başqa, hansı kluba keçmək ehtimalınız var?
– 2 komanda ilə real danışıqlar gedir. Biri “Bandırmaspor”dur. Digəri isə sirr qalsın. O da I Liqa klubudur. Həmin komandaya keçmək ehtimalım daha çoxdur. (Prosport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43