26 Noyabr 2024
Ölkə futbolu

“Qruplara düşmək üçün daha səviyyəli qapıçı olsa, yaxşı olar”

“Bütün qarşılaşma boyu “Qarabağ” rəqibə qarşı üstünlük qurmağa çalışdı. İlk hissədə də oyun təmsilçimizin istədiyi kimi keçdi. Hər şey “Qarabağ”ın planına uyğun idi. Rəqibi öz qapısına yaxın yüksək təzyiqdə saxlayıb, hücuma tez keçidlər etmək istəyirdik. Müdafiədəki fərdi səhvləri nəzərə almasaq, “Qarabağ” ümumən yaxşı təsir bağışladı”.

Bu sözləri idmanxeber.az saytına azərbaycanlı məşqçi Zaur Həşimov Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində keçirilən “Rakuv” – “Qarabağ” görüşü barədə danışarkən deyib. O, matçın ikinci hissəsində rəqibin oyun üslubunu dəyişdiyini bildirib:

“İkinc yarının əvvəlində rəqib bir az daha fərqli çıxış etməyə başladı. Əvəzetmələri də uğurlu alındı. Təəssüf ki, “Qarabağ” iki kuryoz qol buraxdı. Buna baxmayaraq, yenə də komandamız özünü toparlaya bildi. Hətta hesabda önə də çıxa bilərdik. Ancaq “Rakuv” gözlənilmədən üçüncü qolu vuraraq görüşdən qalib ayrıldı”.

Həşimov Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin performansından da danışıb:

“Bu cür səhvləri bütün qapıçılar edə bilər. Sadəcə, belə qarşılaşmalarda daha həlledici rol oynayır. Qruplara düşmək üçün daha səviyyəli qapıçının olması yaxşı olar. Ancaq indiki vəziyyətdə Şahruddini də qorumaq lazımdır. Çünki növbəti həftə komandanın cavab oyunu var. Bakıda “Qarabağ”ın daha inamlı, istəkli mübarizə aparacağını düşünürəm. Səfərdə məğlub olsaq belə, “Rakuv” keçə biləcəyimiz rəqibdir. İndi artıq Polşa klubunu daha yaxşı tanıdıq. Cavab oyunu üçün rəqibi analiz etmək asan olacaq. “Qarabağ”ın turu keçəcəyinə inanıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43