“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer” qarşı keçiriləcək UEFA oyunu ərəfəsində mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çox ciddi komandaya qarşı oynayacağıq. İlk görüşdə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımız ruhdan düşməyiblər. Matça heç də pis hazırlamamışıq. Hazırda Avropanın ən dinamik komandalarından biridir. Çox yaxşı oyun fəlsəfələri və bunu düzgün icra edən futbolçuları var. Rəqiblə tam tanış olduq, futbolçulara lazım olduğu qədər izah etdik. Sabah doğma azarkeşlərimiz önündə mübariz oyun göstərmək istəyirik. Oyunçularımızın bunu bacaracaqlarına şübhə etmirəm”.
O, 8 Noyabr – Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib: “Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və “Bayer 04”ün üstün cəhətlərinin qarşısını almalıyıq”.
Q.Qurbanov Leverkuzendəki 1:5 hesablı məğlubiyyətlə müqayisədə bəzi dəyişikliklərin olacağını vurğulayıb: “Həmişə öz oyunumuzu yaxşılaşdırmağı düşünmüşük. Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar”.
Baş məşqçi mərhələ adlamaq üçün maksimum çalışacaqlarını deyib: “Ötən mövsüm Konfrans Liqasının pley-offuna adladıq. Bəzən istədiyimiz alınmaya bilir. Amma bu o demək deyil ki, ilk oyunlarla müqayisədə sonrakı matçlara yaxşı hazırlaşmırıq. Komandanın optimal formada olub-olmadığı vaxtlar olur. Bu gün “Bayer 04”ü saymasaq, digər üç komandanın hər birinin mərhələ adlamaq şansı var. Şansımız varsa, bunu düzgün təhlil edib, daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.