27 Dekabr 2024
Dünya futbolu

Qurban Qurbanov: “Bu gün milliyə dəvət olsa…” – MÜSAHİBƏ

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi ilə tanış edir:

"Bəzi detallar var ki, tək düşünməliyəm"

– Sizin üçün bu yeni il bayramıyla keçənilki arasında fərq oldumu?

– Yox.

– Amma olmalıydı. «Qarabağ» ötən ili «payız çempionu» kimi bitirməmişdi…

– Bu məsələyə o qədər də önəm vermirəm. Yeni illə işi yan-yana qoymuram.

– Keçən il ilin məşqçisi də seçilməmişdiz…

– Bilirəm.

– Amma deyirsiz fərqi yoxdu.

– İş elədi ki, uğursuzluq da olacaq, uğur da. Düşünsək ki, hansısa il uğurlu, hansısa il uğursuz oldu, yanıla bilərik. Ən vacib olanı «sezon»un sonu – may ayıdı.

– Deyəsən, bu il bütün «Qarabağ»lılar mayın sonuna köklənib…

– Ola bilər, hər il olduğu kimi. Çempionatımız mayda bitir.

– Dediz ki, uğursuzluq da olur, uğur da. Səhvlər üzərində çox düşünürsüz?

– Çox.

– Kimdənsə məsləhət alırsız?

– Məşqçi heyətimizlə yığışıb məsləhətləşdiyimiz də olur. Müzakirələr, təhlillər edirik. Açığı, daha çox özüm düşünürəm. Bəzi detallar var ki, tək düşünməliyəm.

– «Qarabağ» komanda olaraq necə idarə olunur? Məşqçi Qurban Qurbanov obrazını necə xarakterizə edə bilərsiz?

– Belə deyək, ildən-ilə daha yaxşı formalaşırıq, təcrübəmiz artır, ildən-ilə futbolçuların xarakterini daha tez öyrənirəm. Məşqçilərə gəlincə, onlarla neçə illərdi bir yerdəyik. Onları tanıyıram. Amma futbolçular tez-tez dəyişir. Fərqli futbolçular gəlir. Onlar fərqli xarakterlərə məxsus insanlardı. Komandanı idarə etmək, orda işləmək çox çətindi. Mən bunu həmişə demişəm: sən həmişə müxtəlif obrazlarda, xarakterlərdə olmalısan. Adi bir məşqin gedişində azı on dəfə obrazını dəyişirsən. Bu işlər get-gedə mənə daha asan olur.

– Məşqçi həm də diktator olmalıdımı?

– … (düşünür və sualı təkrar edirik).

– Bir az da olsa, diktatorluq olmalıdımı?

– Olmalıdı.

– Qurban Qurbanovu hansı Avropa məşqçisiylə müqayisə etsək, daha uğurlu olar?

– Məncə, müqayisə etmək düz olmaz. Hər bir avropalı məşqçi başqa mentalitetin insanıdı və başqa çempionatlarda çalışırlar. Avropalı futbolçuların mentalitetiylə bizim futbolçuların mentaliteti eyni deyil. Heç kimi heç kimlə yan-yana qoymaq olmaz. Düşünürəm ki, bu mənim tərəfimdən səhv olar. Kiməsə özümü bənzətsəm, kimləsə özümü müqayisə etsəm, bu mənim işimə mane ola bilər, işimlə uyğun gələ bilməz. Mən şəraitə baxıb, özümü idarə etməliyəm.

– Azərbaycanlı məşqçilərin 4:0, 3:0 hesabları ilə məğlub etdikləri komandanın məşqçisinə «çox yaxşı komandanız var» deməsi də mentalitetdən irəli gəlir? Bilirsiz, bəzən bu ikrah hissi doğurur…

– Biz hər məşqçiylə «kolleqa»yıq. Bunu deməyimiz mütləqdi. Mənim də 2:6 hesabı ilə məğlub olduğum vaxt olub. Ola bilər ki, bir oyunluq pis komanda olaq. Amma ümumilikdə baxanda, pis komanda deyilik, pis oynamırıq. Mən hansısa məşqçiyə komandası haqqında fikir bildirəndə, oyununa, komandasına görə fikir söyləyirəm. «Yaxşı komandanız var, yaxşı kollektiviniz var, yaxşı oynadız» və s. Onları işinə görə qiymətləndirirəm.

"Bu gün milliyə dəvət olsa…

– Necə düşünürsüz, millinin «sükanı arxasında» ən yaxşı məşqçi olmalıdı?

 – İlin ən yaxşı məşqçisi?

– Yox, ümumiyyətlə, ən yaxşı məşqçi olmalıdı?

– Belə deyək … (fikirləşir). Olmaya da bilər.

– Amma olmalıdı. Axı söhbət ölkənin bir nömrəli komandasından gedir. Razı deyilsiz?

– Belə də, tam razı deyiləm (gülür).

– Mən bildim sualın cavabından niyə yayınırsız…

– (gülür) Sual mənə birbaşa çatdı. Bilirəm nə cavab gözləyirsiz.

– Son beş ildə dörd dəfə ilin məşqçisi seçilmisiz. Bu, təkcə bir qəzetin yox, bütün idman mətbuatının seçimidi. Ölkənin ən yaxşı məşqçisi Qurban Qurbanov nə vaxt millinin baş məşqçisi olacaq?

– Siz dəqiq nəsə bilirsiz (gülür)?

– Yox, sizdən soruşuram.

– Mən də nəsə bilmirəm. Fərqli qurumlardı. Yəni milli komanda birbaşa AFFA-ya aiddi. AFFA millini idarə edir. O cümlədən, klublar da başqa qurumlardı. Milliyə gedəcəyimi, «Qarabağ»dan ayrılacağımı və ya başqa kluba keçəcəyimi öncədən söyləmək mümkün deyil. Hər yerdə fərqli rəhbərlərdi. Məşqçi işi elədi ki, nəyisə gözləyib işləyəsi olsaq, öz işimizi işləyə bilmərik. Biz sadəcə çalışmalıyıq ki, düşündüyümüz kollektivi, oyunu yaradaq, səhvlərdən tez nəticə çıxaraq. Çalışaq ki, oyundan-oyuna səhvlərimizin sayı az olsun. Belə… Qismətdən asılıdı. Bəlkə orada olmaq qismətimizdə yoxdu. Ona görə də sualın dəqiq cavabı yoxdu.

– Ancaq özünüzü millidə işləməyə hazır sayırsız?

– Hazır deyəndə… Biri var təklif olur, oturub müzakirə edirsən. Eləcə də hansısa klubdan. Mən hansısa klubla oturub danışaram, razılaşaram, özümü hazır sayaram da. Amma orada elə şərtlər olar ki, özümü həmin şərtlərə hazır saya bilmərəm. Ona görə həmin komandaya «yox» deyə bilərəm. Bu gün milliyə dəvət olsa, ondan sonra bu barədə fikir bildirə bilərəm. Belə düşünürəm ki, təcrübəm az deyil. Təcrübəm gündən-günə çoxalır. Sadəcə, klubda iş rejimi daha çoxdu, üstündü. Çünki futbolun içində daha çox olursan. Oradakı xırdalıqları tez görürsən və aradan qaldıra bilirsən. Bu gün bu bizim işimizdi. Biz hansısa uğurdan, işdən, hansısa yükün altına girməkdən qorxsaq, qaçsaq, onda başımızı başqa cür fırlamalıyıq.

– Rövnəq Abdullayevin haqqınızda dediyi «o, hələ gəncdi» ifadəsi xətrinizə dəymişdi?

– Xatırlayıram, iki il əvvəl… Səmimi deyim, yox. Niyə? Hər bir insanın futbola baxışı başqadı. Mənim Rövnəq müəllimlə münasibətimi hamı bilir. O, futbola gəldiyi vaxtlarda ilk tanıdığı insanlardan biri də mən olmuşam. “Neftçi”də işlədiyi vaxtlarda mən komandanın kapitanı idim. O vaxtlar komandanın kapitanı ilə daha çox ünsiyyətdə olurdular. Ona görə də, düşünmürəm "gənc" dedikdə pis düşüncəylə desin. Hər bir insanın fikrinə hörmətlə yanaşmaq lazımdı. Rövnəq müəllim dediyinə görə xətrimə dəyməmişdi. Bəlkə də onu yaxşı tanıdığıma görə xətrimə dəymədi.

– Başqası desəydi, xətrinizə dəyərdi?

– Bəlkə də.

 

"Elə bil məndən küsüb"

 

– Mətbuatın sizi tez-tez Berti Foqtsla üz-üzə qoymasından bezmirsiz?

– Daha yox.

– Öyrəşmisiz?

– Daha bir o qədər də önəm vermirəm.

– Yadımdadı, «Neftçi»də işlədiyiniz vaxtlarda daha aqressiv idiz. Hər şeyə tez reaksiya verirdiz. Amma indi görürəm ki, həmin Qurban Qurbanov deyilsiz.

– Həmin Qurban Qurbanovam, amma iş prinsiplərim dəyişib. İndi fikirləri daha tez qəbul edirəm və tez müddətdə nəticə çıxara bilirəm. Buna görə də fərq böyükdü. Mətbuatda haqqımda yazılar olur. Ola bilər ki, hansısa oyunda aqressiv olum. Onda yazırlar ki, Qurban Qurbanova bu hərəkət yaraşmır, gözlənilməz hərəkət oldu. İndi futbol elədi ki, bir gün həddindən artıq sakit ola, o biri gün həddindən artıq əsəbi ola bilərsən. Bunları futbol tələb edir. Ona görə də, o vaxtdan bu vaxta kimi iş prinsiplərimdə çox dəyişiklik var. Futbolda rəqabət get-gedə artır. Həm meydanda, həm də meydandan kənarda mübarizə gedir. Bu səbəbdən reaksiya kəskinləşə və arta bilər.

– Mətbuatı izləyirsizmi? Saytları, qəzetləri oxuyursuzmu?

– Oxuyuram.

– Verilişlərə necə, baxırsız?

– Belə də.

– Erkin İbrahimovla nə bölünməyən malınız var?

– Mənim?

– Bəli.

– Erkin İbrahimovun mənimlə problemi var deyəsən. Mənim onunla problemim yoxdu (gülümsəyir).

– Bəs niyə sizə qarşı aqressivdi?

– Bu barədə nəsə deyə bilmərəm. Demişəm ki, ümumiyyətlə, onun barəsində heç nə danışmayacam. Arada bir dəfə yüngül cavab vermişdim. Verilişində məndən danışırdı, ya da nəsə fikirlər bildirirdi. Erkin üçün bunu normal sayıram. Daim ondan sərt nəsə gözləmək lazımdı. Yəqin ki, olacaq da. O verilişdə təkrara yol verilir. Belə desək, orada son vaxtlar şablon veriliş gedir deyə, baxmıram. Bir neçə dəfə baxmaq istədim. Həmin vaxtda da Erkin danışmağa başlayanda, gözləyirdim ki, yenə məndən danışacaq (gülür). «Qarabağ»ın adı gələndə birinci məndən danışmağa başlayır. Elə bil o verilişin keyfiyyəti aşağı düşüb. Bunu təkcə mən demirəm. Kimlərsə oturub bu barədə danışanda, onların fikrindən bilinir ki, razı deyillər. Ona görə də, önəm vermirəm. Həyatdı. O da insandı. Zaman keçdikcə dəyişəcək. Onun futbola, dünyaya baxışı başqadı. Mümkün olduğu qədər o verilişə baxmıram. Kimsə deyir ki, Erkin yenə səndən danışdı, onda bilirəm.

– Onun danışdıqlarında qərəz hiss edirsiz?

– Məncə, qərəz deyil. Mənə qarşı hirslidi. Elə bil məndən küsüb (gülür). Qərəz olanda olur. Hər kəsin öz fikri var. Qərəzli sözlə kiməsə mane olmaq mümkün deyil. Mən onu millidə oynadığım vaxtlardan tanıyıram. Torresin vaxtından.

 

"Qaranı oynada bilməyəcəm"

 

– Erkin də mətbuat işçisi sayılır. Azərbaycanın idman mətbuatına münasibətiniz necədi?

– Normal.

– Amma çoxları deyir ki, idman mətbuatı da pis gündədi, həddən artıq saytlar, jurnalistlər…

– Mən normal baxıram. Niyə? Çünki bu bir başlanğıcdı. Necə ki, bizim çempionatımızda tez-tez reqlament dəyişikliyi oldu və digər hadisələr baş verdi, idman mətbuatı da axtarışdadı. Çalışırlar ki, hərə öz yolunu, məqsədini tapsın. Ola bilər ki, beş il sonra jurnalistikaya aid hansısa bir fikir bildirim. Düşünürəm ki, o vaxta kimi futbolda hər şey yoluna düşəcək. Ondan sonra bu barədə fikir bildirmək olar. Amma bu gün normal baxıram. Futbola uşaq gətirirlər, deyirlər ki, bu uşaq futbol oynamaq istəyir, gecə-gündüz çalışır, topla yatır. Lakin görürsən ki, bir o qədər də perspektiv vəd etmir. Futbolun inkişaf etdiyi dövrdə hamı istəyir ki, nəsə etsin. Hərə öz tanışının yanına aparır ki, baxın, bu necə futbolçudu. Hər şey yoluna düşdükdən sonra heç kim bizə yaxınlaşmayacaq ki, nə edək, necə olsun. Müəyyən yer olacaq, ora gedib, hər şey haqqında məlumatlanacaqlar. Jurnalistikada da elədi. Hərə özünə yol, peşə seçmək istəyir. Düşünürəm ki, bu ikisi bir yerdə düzələcək. Futbolla jurnalistika arasında paralellik var və onlar öz rejimini tapacaqlar.

– Çempionatdan danışdız. Növbəti mövsümdən yeni limit tətbiq olunacaq. Hardan tapacaqsız 21 yaşına kimi gənc oyunçuları?

– Tapa bilməyinə tapacağıq, məcburuq. Limit olduqdan sonra həmin oyunçu layiq olmasa belə, ora salmalıyıq. İki nəfər 20 yaşlı olmalıdı. Mart ayında deyəsən, bu qərara yenidən baxılmalıdı.

– Belə başa düşdüm ki, limitə qarşısız, istəmirsiz. Niyə etirazınızı bildirmirsiz? Ramin Musayevlə əla münasibətiniz var. Ona demisiz?

– Məncə, bu tək Ramin Musayevlik deyil. «İspalkom» yığışır, bu qərarı qəbul edir. Onluq deyil bu. «İspalkom»un deyəsən, 12 üzvü var. Onların hərəsi öz fikrini bildirməli, təklifini etməlidi. Və o cümlədən Elxan müəllimlə (Elxan Məmmədov), Ramin müəllimlə görüşəndə fikrimi bildirmişəm. Onlar da bizim fikirlərimizi öyrənirlər. Mən bu gün buna «yox» deyəcəm, fikrimi bildirəcəm, ola bilsin ki, azarkeşlər və mətbuat tərəfdən fikrim xoş qəbul olunmasın. İlk dəfə yerli oyunçulara ən çox üstünlük verən mən olmuşam. Həmişə çalışmışam ki, yerli oyunçuların sayı çox olsun. Amma bu gün hər şeyə real baxsaq, çempionatın səviyyəsinin qalxdığını görərik. Rəşad, sən və çoxları düşünür ki, çempionatın səviyyəsi qalxmayıb. Ancaq mən deyirəm ki, çempionatın səviyyəsi qalxıb. Çünki işin içindəyəm və bunu hiss edirəm. Əvvəlki illərdə hansısa rəqibə qarşı oyun qurmaq daha asan idi, nəinki indi. Demək olar ki, fərqli çempionat keçirilir. Mənim təcrübəm artdığı kimi, digər məşqçilərin də, futbolçuların da təcrübəsi artır. Futbolumuzda inkişaf varsa, bunu saxlamamaq lazımdı. Mən də istəyərəm ki, bütün futbolçularım yerli olsun. Hətta 17, 18, 19 yaşlı. Hazırda o qədər potensiallı oyunçu yoxdu. Dörd-beş il əvvəl olsaydı, hə, oynadardıq.

– Ümumiyyətlə, Azərbaycanda yerli futbolçu qıtlığı var.

– Qıtlıq var. Ancaq potensiallı uşaqlar da var.

– Qurban bəy, gəlin konkretləşdirək: 21 yaşlı futbolçularla bağlı qərar yersiz qərardımı?

– İki nəfərlik limitdəki gənc futbolçular fiziki baxımdan bütün çempionatı çatdırmayacaqlar. Gərək azı iki nəfər də ehtiyatda olsun, həmin mövqeyə də əlavə iki nəfər olsun. Belə olan halda bütün komandanın sistemi pozulur. Bir nəfər olsa, yenə yola vermək olar. İki nəfəri tam qəbul etmirəm, bir nəfəri isə 50-50-yə.

– Deyirsiz ki, bu, İcraiyyə Komitəsinin qərarıdı. Amma İK-nın oyuncaq bir qurum olduğu çoxdan məlumdu. Bu qərar daha çox Foqtsun beyninin məhsuluna oxşayır.

– Ümumiyyətlə, bir çox ölkələrdə – MDB ölkələrində belə təcrübə olub. Hətta sovet dönəmində belə. Məqsəd perspektivli oyunçunu ortaya çıxarmaq olub. Dəfələrlə bildirmişəm ki, Qara Qarayevi üç il əvvəl «Brügge»yə qarşı oynadanda heç bir limit yox idi. Mən onda  perspektiv görüb, meydana buraxmışdım. Limit sonradan tətbiq olunmuşdu. Eləcə də yeni gəldiyim dönəmdə Maksimin, Əfranın, Raufun hamısında perspektivi görmüşdüm. Qorxan yer nədi? Həmin oyunçuları itirmək. Bu il limitlə bağlı kimisə oynatmalıyamsa, Qaranı oynada bilməyəcəm. Yeni oyunçu layiq olmasa belə, oynatmağa məcburam. Oyunçunun yaşla bağlı oynamaq vaxtı bitdikdən sonra isə onu itirəcəyik.

– Futbolçu güclüdüsə, oynamalıdı. İstər yerli olsun, istərsə də legioner. Axı «Qarabağ» yayda avrokuboklarda məhz legionerlərin sayəsində uğurlu çıxış etdi…

– Yerli oyunçuları oynatmaq lazımdı. Dörd oyunçu limiti normaldı. Beş də etmək olar. Amma yaş limiti olmadan. Bəzən elə olur ki, bir yaş hansısa oyunçuya mane olur. Qaranın yerinə Hacını hazırlayırdım. Limit dəyişsə, mən onu itirirəm. Bu limitlə oyunçunu formalaşdırmaq olar. Yeni limitlə oyunçu itirə bilərik.

 

"Rəhbərlik istəyir ki, məbləği aşağı salsın"

 

– Aleks Ferqyuson 27 il «Mançester Yunayted»də baş məşqçi oldu. Siz isə artıq altı ildi “Qarabağ”dasız. Qurban Qurbanov “Qarabağ”ın Ferqyusonu ola bilər?

– (fikirləşir). Futbolumuzdan da çox şey asılıdı. İşlər necə gedəcək, necə inkişaf edəcəyik, onlardan asılıdı. Rəhbərlik indi məndən razıdı. Sabah hər şey dəyişə bilər. Bir «stul» insan üçün ömrünün axırına qədər getmir. Ola bilər ki, rəhbərlik dəyişsin, mənim işlərim uğurlu getməsin. Amma belə, uzun müddət bir klubda çalışmaq, düşündüklərini etmək çox yaxşı haldı. Futbol elə bir şeydi ki, düşündüyün alınmaya bilər. Düşündüklərini yoxlamalısan. Ola bilər, hansısa oyunçunu gətirim ki, bu sistemə uyğun olacaq, amma alınmasın. Bu sistemi qurmaq üçün aşağı yaş qruplarından başlamaq lazımdı. Bunun üçün vaxt da lazımdı. Hər bir klub istəyər ki, öz oyunçuları olsun. Boşluqları aradan qaldırmaq üçün kənardan oyunçu gətirməyə məcburuq. Mən deyə bilmərəm ki, burda neçə il olacam. Sabah nə olacağını bilmirik. Futbolumuzda isə perspektiv var. Çünki bu sahəyə ölkə başçısı tərəfindən qayğı, diqqət var. Olmasaydı, şübhəli danışardıq.

– Deyirlər ki, Qurban Qurbanov olmasa, «Qarabağ» «Qarabağ» olmaz…

– Mən bu haqda nəsə deyə bilmərəm.

– Çox şişirdirlər?

– Məncə, hə. Ümumiyyətlə, bu uğurlara baxıb, başımızı dik tutmalı deyilik. Hələ başlanğıcdayıq. Komandamızı stimullaşdırmalıyıq ki, Avropada normal oyunlar keçirək, «sezon»boyu eyni səviyyədə qalaq. “Qarabağ”ın bazası bir-iki aya hazır olacaq. Komanda kimi qurulsaq da, hələ bazamız yoxdu. Baza olandan sonra hər şey fərqli olacaq. Klub kimi hələ formalaşmamışıq, hansısa kiçik uğurla fərəhlənməməliyik. Klub kimi tam formalaşandan sonra gördüyüm hansısa bir işi əsas gətirə bilərəm. Bu gün uduza bilərik, əsas odu sabah uduzmayaq.

– Hər halda, «Qarabağ» peşəkar klub sayılır. Və sizin də «Qarabağ»la peşəkar müqaviləniz var, düzdü?

– Var, düzdü.

– Altı ildi klubdasız. Hər dəfə müqaviləni yeniləyəndə maddi məsələləri gözdən keçirirsiz? Bu altı ildə məvacibinizdə artımlar olub?

– Olub, çox olub. Onu mən özüm deməmişəm, rəhbərlik artırıb (gülür).

– Futbolçulara mükafat veriləndə müdaxilə edirsiz?

– Buna «sezon»un əvvəlində qarışıram. O sistem mənim tərəfimdən tətbiq edilir. Yazılı formada bonusları qeyd edirəm. «Plyus-minuslar» danışılır. Əlbəttə, rəhbərlik istəyir ki, məbləği aşağı salsın (gülür). Ortaq məxrəcə gəlirik, ondan sonra sənəd imzalanır.

– Çempionluğa görə fantastik məbləğ olmalıdı…

– Deməzdim. Normal məbləğdi. Hər oyun üçün bonus verilir. Bu, əlavə bonusdu. Narazı qalası bir şey yoxdu.

 

"Mən işin içindəyəm, sən düşündüyün kimi deyil heç də"

 

– “Neftçi”nin Avropa Liqasındakı çıxışını nəzərə almasaq, avrokuboklarda ən uğurlu komandasız, kubok qazanmısız, ikinci, üçüncü olmusuz. Niyə çempion ola bilmirsiz? Həmişə çempionluğa əlinizi sürtüb, geri qayıdırsız.

– Bəlkə qismətimizdə yoxdu.

– Bəlkə imkan vermirlər?

– İmkan verməsələr, hər oyunda imkan verməzlər. Desəm ki, imkan vermirlər, düz çıxmaz.

– Əslində, «hər oyunda imkan verməzlər» ifadəsi düz çıxmır. Bir oyunla çempionluğun taleyini müəyyənləşdirmək olar…

– Bu il oyunlarımıza baxsaq, görərik ki, imkan verməkdən və ya verməməkdən irəli gələn bir şey yoxdu.

– Söhbət hazırki çempionatdan gedir?

– Hə. Bu il itirdiyimiz xallardan.

– Hansı mövsümdə daha çox hiss etmisiz ki, bu il çempion ola bilərik?

– Deyəsən, “Rusenborq”u məğlub etdiyimiz «sezon» idi. “Neftçi”ylə bərabərə qaldıq. Qalib gəlsəydik, “İnter”lə «qızıl oyun» olacaqdı. Bərabərə qaldıq, “İnter” çempion oldu. Çempionluq ağır tituldu.

– Azərbaycan futbolunda bütün oyunlar meydanda həll olunur?

– Mən sənin fikirlərini bir o qədər də oxumuram. Amma az da olsa,  oxuyuram. Səndə ümumiyyətlə, Azərbaycan futboluna inamsızlıq var, özü də həddindən artıq. Elə bir ölkə yoxdu ki, orda hansısa haqsızlıqlar, narazılıqlar olmasın. Təbii ki, biz futboldan danışırıq. Beş il əvvələ qayıtsaq, indiki futbolla yan-yana qoysaq, indiki futbol daha üstündü. Həm sizin, həm futbolçular, həm də məşqçilər üçün iş çoxdu. Əvvəllər çempion olmaq üçün bir komanda ilə oyunlara hazırlaşırdılar. Ya “Qarabağ” rəqib olurdu, ya da “Şəmkir”. Qalan oyunları rahatlıqla udurduq. Zəif rəqiblər çox idi. Amma indi hansı komandaya qarşı rahat oynaya bilərik? Ən sonda gedən komandalar liderlərdən xal alır. Futbolumuz sən düşündüyün qədər çirkaba batmayıb, elə də aciz deyil. Mən işin içindəyəm, sən düşündüyün kimi deyil heç də. Sənin kimi jurnalistlər futbolumuza daha çox fayda verə bilər. Ayrı-ayrı adamlar birləşib, hansısa çatışmazlıqları aradan qaldıra bilər. Bu gün işimizin öhdəsindən gəlməyə çalışmalıyıq. Bəzi nöqsanları müəyyən yollarla aradan qaldırmaq olar. Yazmaqlamı, etiraz etməkləmi, işimizləmi – bu, nöqsandan asılıdı.

– Qurban bəy, inamsızlığı nə siz yaratmırsız, nə də mən. Azərbaycan futboluna inamsızlığı bərbad idarəçilik, hakim qalmaqalları, rüşvət olayları yaradır və hər şey başdan – AFFA-dan qaynaqlanır. Amma gəlin mövzunu dəyişək. Çempionata xeyli tanınmış məşqçilər gəlir. Syomin, Dənizli… Nəsə götürürsüzmü onlardan?

– Ən azından tanınmış simalardı. İstər-istəməz maraq artır. Həqiqətən də istənilir ki, futbolumuz inkişaf etsin. Onların indi gəlmələri daha xeyirlidi. Bir çox klublarımızın rəhbərləri yaşda yox, futbolda gəncdilər. Təcrübə, idarəçilik baxımından. Gələn məşqçilərdən nəsə öyrənmək olur. Eyni zamanda onların tələbləri də böyük olur. Hansı ki, o tələbləri yerinə yetirmək üçün bizə daha çox vaxt lazım idi. Onların istəyi, göstərişləri futbolumuzun xeyrinədi. Bu hal işimizi daha da sürətləndirəcək.

– Amma Con Toşak kimi birinin qovulması da Azərbaycan futboluna başucalığı gətirmir…

– Hansısa məşqçinin kluba gedib, qısa müddətdən sonra qovulması mənə də xoş gəlmir.

– Onda Şahin Diniyevlə bağlı məsələ ürəyinizi ağrıtmış olar.

– Bu, bizim işimizdi. Təbii ki, yaxşı hal deyil. Xeyli vaxt işsiz idi. Qısa müddət işləyib getməsi mənim üçün də qaranlıq qaldı. Rəhbərlər də bilməlidi ki, komanda beş oyun məğlub olar, amma sonda ilk üçlükdə qərarlaşa bilər. Mənim də başıma gəlib, dörd oyun ardıcıl uduzmuşam, sonda isə 3-cü oldum. “Rəvan” da seçilən komanda idi. Orda nə söhbət olub, bilmirik. Amma yaxşı olmadı. Məşqçiylə rəhbərlik ilk gündən, əvvəlcədən hər şeyi danışmalıdı. Nəzərə alınmalıdı ki, uğur da olar bilər, uğursuzluq da.

 

"Dördüncü variantı «Qarabağ»da qalmaq elə"

 

– Oyuna hazırlaşanda kimi «oxumaq» daha asandı? Yerli, yoxsa əcnəbi məşqçiləri?

– Hazırda əcnəbi məşqçisi olan klublar daha çox iddialıdı. Onlar ilk üçlükdə qərarlaşıb, ən pis halda avrokuboklarda iştirak etmək istəyirlər. Onların oyunu daha maraqlı olur. Bizə tanış olmayan məşqçilərin nə edəcəyini bilmirik. Onlardan hansısa sürpriz gözləmək olar. Oyun vaxtı onların hansısa gedişlərinə diqqət yetirməlisən. Yerli və burda əvvəlcədən işləmiş əcnəbi məşqçiləri «oxumaq» daha rahatdı. Yenilərə qarşı isə oyunun gedişatında problem ola bilər.

– Əvvəllər Raykard, Yürgen Klopp kimi məşqçilərin yanında təcrübə keçirdiz. İndi həmin təcrübələrə ehtiyac duymursuz?

– Vaxtım olsa, hər ay gedərəm. Nə qədər desək də ki, nəsə bilirik, əslində çox az – cüzi bilirik. Çünki futbol daim yenilənir. Bizdə futbol yeni inkişaf edir. Bizim indi bildiklərimizi Avropada 50 il əvvəl bilirdilər. Avropada hər dəfə yenilik axtarırlar. Biz də yenilikləri öyrənməliyik. İmkanım olduqca təcrübə qazanmağa gedərəm.

– Həmişə Avropa Liqasının qrup mərhələsinin və çempionluğun bir addımlığından qayıdırsız. Bəlkə nəhayət, “Qarabağ” azarkeşlərinə söz verəsiz…

– (bir az tərəddüd içində fikirləşir). İdman prinsipləri elədi ki, nəticəyə söz vermək düzgün deyil. Söz verə bilərik ki, daha çox çalışacaq, daha istəkli olacağıq. Amma Azərbaycanda nəticəyə söz vermək mümkün deyil. Mən də istəyirəm ki, komandam uğur qazansın, adı yüksəklərdə olsun, oyunumuzla, əxlaqımızla özümüzü yaxşı tərəfdən göstərə bilək. Çalışırıq ki, oyundan-oyuna daha yaxşı oynayaq. Bunu bacarsaq, istəyimizə çatarıq. Hər klubda ən çətin iş oyun tempini qorumaqdı.

– Heyətə yeni oyunçular cəlb etməyi düşünürsüz?

– Düşünürəm. Amma nə dərəcədə alınacaq, bilmirəm.

– Konkret mövqelər var?

– Hər mövqeyə oyunçu düşünürəm. Düşüncəmdə hər mövqeyə bir neçə oyunçu gətirmək var.

– Məncə, Qurban Qurbanovun «Qarabağ»dan sonra üç seçimi olacaq: millidə baş məşqçi, xaricdə işləmək və ya «Neftçi»yə qayıdış. Bunlardan hansı daha realdı?

– Burda qalmaq variantı yoxdu (gülür)? Dördüncü variantı “Qarabağ”da qalmaq elə (yenə gülür).

– Məncə, birinci variant daha realdı.

– Mən heç nə bilmirəm, deyə də bilmərəm. Hələ ki, burdayam. Burdayamsa, ancaq bu komandanın uğurları haqqında düşünürəm. Burda qalmaq, inkişaf etmək, daha da yaxşı məşqçi olmaq şansım varsa, niyə gedim? Niyə başqasını düşünüm? Ola bilər ki, burdan ayrılım. Ondan sonra təkliflər olacaq, oturub danışarıq (gülür).

 

Mənbə: "Komanda" qəzeti

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43