“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İdmanxeber.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis komandasının Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksəlməsindən və avrokuboklardakı çıxışından danışıb.
Qurbanov həmçinin qarşıdakı “Elfsborq” matçına da toxunub:
– “Qəbələ”ni məğlub edərək ölkə kubokunda növbəti mərhələyə yüksəldiniz. Oyunu necə şərh edirsiniz?
Qalib gəlmək vacib idi. Çox şükür ki, sonda qalibiyyət bizim yanımızda oldu. Heç də asan olmadı. Yaxşı müdafiə olunan və gözəl əks hücumlar quran bir komanda var idi qarşımızda. Kaxaber Sxadadze və oyunçuları ilk dəqiqədən oyunun içində oldular və bizə boşluqlar vermirdilər. “Qəbələ”yə qarşıdakı oyunda uğurlar arzu edirəm. Futbolçularımı da növbəti mərhələyə yüksəlmələri münasibəti ilə təbrik edirəm.
– Adətən belə oyunlarda heyətdə rotasiya edirdiniz. Ancaq “Qəbələ”yə qarşı əsas heyəti buraxmışdınız…
Rotasiyanı düşünmək olardı. Ancaq “Neftçi” ilə görüşdə dəyişiklilər çox olmuşdu. Həmin görüşdə oynamayan futbolçulara əsas heyətdə şans verdik ki, oyun ritmindən düşməsinlər. Dəfələrlə demişəm ki, istənilən rəqibə qarşı öz proqramımızı tətbiq etməliyik. Ən vacib oyunumuz olsa belə, həmişə rotasiyalar edirik. “Qəbələ”yə qarşı da bunun şahidi olduq.
– Qarşıda “Sabah”la Premyer Liqa görüşü var. “Elfsborq” oyunu öncəsi belə çətin görüş komandanın yorulmaq baxımından əleyhinə deyil?
Daha çox özümüzü, futbolçuları düşünürük. Onların formalarını qoruyub saxlamalıyıq. Məşqçidən asılı olmayaraq, “Sabah”da həmişə istəkli komanda, heyət var. Hər zaman onlarla görüşümüz maraqlı alınır. Dinamik, sürətli oyun olur. Belə bir qarşılaşmaya hazırlaşırıq. “Sabah”ın yeni məşqçisinə uğurlar arzulayıram. Çalışacağıq ki, qələbə qazanaq.
– “Elfsborq” görüşü növbəti mərhələ üçün son şansımızdı. Bunu final oyunu adlandırmaq olar?
Yox, final oyunu kimi baxmırıq. Sadəcə vacib görüş kimi düşünürük. Hər oyun bizim üçün belədi. İstənilən turnirdə nəticə əldə etmək üçün qalib gəlmək lazımdı. Əvvəlki oyunlarda bu alınmadı. Çalışacağıq ki, bu matçda qələbə qazanaq. Amma qarşımızda yaxşı rəqib var. Onlar da bizim kimi düşünürlər. Hər qalibiyyət bizə əlavə təcrübə verir. Çox ciddi hazırlaşırıq.
– Bu mövsüm “Qarabağ”ın avrokubok çıxışı tam gözlənilən kimi olmadı. Bir çox insan komandanın səviyyəsinin bu olduğunu düşünür. Siz nə düşünürsünüz?
Bu suala cavab verməyim düzgün olmaz. İllər boyu bizim nəticələrimiz yaxşı olub. Bəli, bu il məğlubiyyətlərimiz var. Amma oyun baxımından ciddi problemimiz yoxdu. Ümumiyyətlə, məşqçinin komandanın səviyyəsi ilə bağlı fikir bildirməsi hazırda doğru olmaz. Sadəcə Avropa futbolu bizdən daha sürətli inkişaf edir.
– Siz hər avrokubok oyunundan sonra komandanın bir az daha böyüdüyünü deyirsiniz. Sizcə, “Qarabağ” yetərincə böyüməyib?
Yetərincə böyümüşük. Amma rəqiblərimiz daha çox böyüyür. Dayanmaq olmaz. İnkişafdan əl çəkməməliyik. Böyümək üçün bəzən məğlubiyyətlər qələbələrdən daha çox kömək olur.
– Qarşıdan transfer dönəmi gəlir. Hansı mövqelərə yeni oyunçular düşünürsünüz?
İmkan olsa, transfer bazarında iştirak edəcəyik. Hər xətt üçün futbolçu baxacağıq.
– Redon Cica müsahibəsində ayrılacağını istisna etməyib. Yəqin ki, ilk göndəriləcək futbolçu Cica olacaq.
Xeyr, belə bir şey yoxdu. Mən onu göndərmək barədə düşünmürəm.
Həsən Quluzadə