09 Noyabr 2024
Milli komanda

Qurban Qurbanov: “Futbolçuların üstünə çox getməyək”

Millətlər Liqasının son qrup matçında Kosovoya səfərdə 0:4 hesabı ilə məğlub olan yığma komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Sport24.az-ın Priştinaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

– Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Kosovonun gücünü bilirdik. Bu gün məğlubiyyət gözləyirdim. Əfsuslar olsun ki, erkən qol futbolçulara böyük zərbə oldu. İlk yarıda qapımıza cəmi bir zərbə oldu. O da qolla nəticələndi. Fasilədən sonra da eyni ssenari təkrarlandı. Futbolçuların üstünə çox getməyək. Bu gün rəqibin əsl gücü tam bilindi. Kosovo millisinin oyunçularının fərdi ustalığı göz oxşayırdı. Kosovo millisinə uğurlar arzulayıram.

 

– Məğlubiyyəti yorğunluqla əlaqələndirərsiniz, yoxsa psixoloji problemlə?
– Bunların heç birini misal gətirmək istəməzdim. Rəqibin gücü həqiqətən üstün idi. Psixoloji cəhətdən də üstün idilər. Rəqibin ustalıq səviyyəsi bizdən üstün idi. Qalib gəlmək lazım idi. Fərqli istəklə çıxmışdıq. Ancaq erkən qol planlarımızı pozdu. Yorğunluq da olur, psixoloji təzyiq də. Ancaq ilk növbədə rəqibin ustalıq səviyyəsini göstərərdim.

 

– Qeyd etdiniz ki, buraxılan qol planları pozdu. Ancaq qələbə arxasınca gəldiyinizi bildirdiniz. Komandanın “B” planı yox idi ki, qol buraxılsa necə oynayacasınız? Axı, fasilədən sonra da futbolçular oyunda dönüş yarada bilmədilər.
– Sadəcə, 3 oyunçu dəyişmək imkanımız var idi. Qollar elə vuruldu ki, bu barədə düşünməyə imkanımız da olmadı. Qeyd etdiyim kimi, rəqib bizdən üstün idi və hər hansısa dəyişiklik fayda verməyəcəkdi.

 

– Millətlər Liqası bitdi. Bizi, millimizi nə gözləyir? Qeyd etdiniz ki, millimizin potensialı budu. Millətlər Liqasında belə oynadıqsa, seçmə mərhələdə bizi nə gözləyir?
– Bunu deyə bilmərik. Dəfələrlə demişəm ki, həm çempionatımızın səviyyəsini, həm də oyunçularımızın potensialını yaxşılaşdırmalıyıq. Məncə, bu suala müəyytən zamandan sonra cavab vermək olar. (sport24.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43