“Qarabağ” Misli Premyer Liqasının 22-ci turunda öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məqşçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Rəqib yaxşı müdafiə olunurdu. İlk qoldan sonra oyun bir az dəyişdi. Bundan sonra rəqib riskə getdi. Boşluqlardan düzgün istifadə etdik. “Səbail”ə və Cavid Hüseynova uğurlar arzulayıram.
– Riçard Almeydanın ayrılığının səbəbi nədir?
– Bir az gözlənilməz oldu. İki gün əvvəl danışığımız olmuşdu. Dünən tam dəqiqləşdi. Ölkəsinə, keçmiş komandasına qayıtmaq istədi. Daha çox oynamaq istəyir. Biz belə oyunçulara həmişə hörmətlə yanaşmışıq. Rəhbərliklə danışdım və belə addım atdıq. Təki Riçard üçün, onun ailəsi üçün yaxşı olsun. Burada özünü rahat hiss edirdi. Amma yəqin karyerasını öz ölkəsində başa vurmaq istəyir. Kollektiv olaraq ona uğurlar arzuladıq. Hər zaman “Qarabağ”ın vacib fiqurlarından olub.
– Kadi Borgesin gəlişi ilə komandada hansı dəyişikliklər hiss edirsiz?
– İnşallah yaxşılığa doğru təsir edər. Dəyişikliklərə hər zaman hazır olmalıyıq. Kadi üçün uyğunlaşmaq çətin olmayacaq. Sadəcə olaraq bir az idman formasından uzaqdır. Daha aktiv, daha hərəkətli Kadi görmək istəyərəm. İnanıram ki, bir aya onu əvvəlki formasına qaytaracağıq.
– Aleksey Kaşukun performansını necə dəyərləndirirsiz?
– Ola bilər ki, hansısa oyunlarda bir az zəif təsir bağışlayır. Belə bir futbolçu üçün bir il kollektiv məşqlərdən uzaq qalması böyük müddətdir. Burada oynadığı matçlarda onun faydalı iş əmsalı heç də aşağı deyil. Hamı Kaşukun potensialını bildiyinə görə rəqib məşqçilər ona xüsusi diqqət ayırır. Mən ondan razıyam. Kollektivin lazımlı fiqurlarından biridir. Daha yaxşı olacaq.
– Qarşıda “Neftçi” ilə oyun gəlir. Bu matç barədə nə deyə bilərsiniz?
– “Neftçi”nin bəzi oyunları olub ki, məğlub olmalı deyildilər. Bizim “Neftçi” ilə matçlarda heç vaxt əvvəlki oyunların nəticələrinə baxılmayıb. Çünki bu, Azərbaycanda böyük derbidir. Nəticədən asılı olmayaraq, həm biz, həm də “Neftçi” oyuna hazırlaşır. Bu komandaya qarşı oynamaq həmişə futbolçular üçün xoş olub. O stadionda yaxşı futbol ab-havası var. İnanıram ki, azarkeşlər üçün baxımlı oyun olacaq.
– Kadi Borgesə meydanda yer tapmısız?
– Elə oyunçular var ki, onlara meydanda həmişə yer tapılır. Elə futbolçuların qabiliyyəti mənə rahatlıq. Rotasiyalar etmək istəsəm, bundan istifadə edə bilirəm. Güvəndiyim futbolçuların hazırlıq forması çox vacibdir. Gələcəkdə heyəti formalaşdırmaq üçün bəzi dəyişikliklər olacaq. (sportal.az)