“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lent.az-a müsahibə verib. O, müsahibəsində millinin son oyunu, yığmanın baş məşqçisi postuna namizədliyi və digər məsələlərlə bağlı danışıb.
– Millinin son məğlubiyyətlərindən sonra sabiq baş məşqçi Berti Foqts futbolçuların fiziki hazırlığından narazı qalıb və buna görə klubları günahlandırmışdı. Xorvatiya ilə görüşdə “Qarabağ”ın 4 futbolçusu əsas heyətdə yer almışdı. Həqiqətənmi, onların fiziki hazırlığı yerində deyildi? Ümumiyyətlə, Foqtsun bu fikrinə münasibətiniz necədir?
– Kollektiv idman növləri fərdi idman növləri ilə müqayisədə daha çətindir. Biz indi-indi istəyirik ki, Avropa səviyyəsində futbol oynayaq. Avropa klubları, yığmaları bizim indi keçdiyimiz yolu 30-40 il əvvəl keçiblər. Onlar daima yenilik axtarırlar və irəliləyirlər. Biz isə, demək olar ki, sıfırdan başlamışıq. Hələ də stadionlarımıza azarkeş yığa bilmirik. Hələ də hər klubun öz stadionu, bazası yoxdur. Bunlar yoxdursa, biz nə tələb edə bilərik? Son illərdə futbolumuza qayğı və diqqət artırılıb. Ölkə başçısının 10 illik proqramından sonra inkişaf başlayıb. Biz də başa düşürük ki, çatışmazlıqları düzəltmək, uşaq futbolunu inkişaf etdirmək lazımdır. Bunların hamısını formalaşdırmaq üçün aşağıdan başlamalıyıq. Bir qədər də dərinə getsək, görərik ki, bizim öz idman həkimlərimiz, fizioterapevtlərimiz yoxdur. Bunların hamısı futbolun inkişafı üçün vacibdir. Azarkeşlərimiz stadionları doldurmalıdırlar ki, bizim aramızda daha da yaxın münasibət olsun. Ən asan yoldur çıxıb demək ki, bizim futbolumuz yoxdur, stadionlara getmirik. Futbol mövzusu son vaxtlar çayxana söhbətinə çevrilib. Hara gedirsən gah hakimi, gah da başqalarını günahlandırırlar. Mən boynuma alıram ki, çatışmayan cəhətlərimiz çoxdur. Bəzən biz uğur əldə etmək üçün tələsirik. Hansısa futbolçu hazır deyil və ya digər tipli sözlərə ciddi baxmıram. Hər kəs öz fikrini bildirir, məğlub olanda nəsə deməlidir. Mən isə çalışıram ki, daim günahı, səhvi özümdə axtarım. Futbolçuma iradım olanda belə, bunu ona ancaq öz kollektivimizin içində deyirəm. Azərbaycan futbolu indi-indi Avropada tanınmağa başlayıb. Hələ görüləsi işimiz çoxdur.
– Foqtsun istefasından sonra adınız yenidən milli ilə birgə hallanmağa başlayıb. Sosial şəbəkədə xeyli insan yığmanın baş məşqçisi postunda sizi görmək istədiyini bildirir. İndiki məqamda belə bir təklif gəlsə, qəbul edərsiniz?
– Dünya futbolunda da belədir ki, azarkeşin hansısa futbolçuya və ya məşqçiyə simpatiyası var. Ola bilsin, azarkeşlər mənim gördüyüm işi bəyənirlər. Amma milliyə tam başqa cavabdeh şəxslər var. Yığma komanda tam başqa qurumdur. Klub başqadır, milli başqa. Yığmaya cavabdeh insanlar var ki, onlardan nəticə tələb olunur. Bilirəm ki, sosial şəbəkələrdə mənim adımı yığma ilə birgə çəkirlər. Amma indiki halda, bu cür söz-söhbət mənim işimə ancaq mane ola bilər. Qarşıda oyunlar var. İndidən durub fikirləşsəm ki, millidən təklif gəlsə, nə edəcəm, bu düz çıxmaz. Kənardan elə başa düşərlər ki, mən yığmanın məğlubiyyətinə sevinmişəm, təklif gözləyirəm. Böyük hesablı məğlubiyyətlə hər komanda üzləşə bilər. İkincisi də indiki məqamda AFFA-dan mənə təklif gəlməyib. Gələndən sonra cavab vermək olar.
– Bəlkə sizin adınızı milli ilə bilərəkdən hallandırırlar. Yəni hansı cavab verəcəyinizi öyrənmək üçün…
– Mən belə düşünmürəm. Uğursuzluğumuz həmişə olub. Foqtsun seçmə mərhələnin sonuna qədər müqaviləsi var. Bir də son oyunlarımızı çox güclü iki komandaya qarşı keçirmişik.
– Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra belə bir fikir də ortaya atıldı ki, futbolçular Foqtsun torbasını tikdilər. Sizcə, belə bir şey mümkündürmü?
– Mənim oynadığım vaxtlarda da bu söhbətlər olub. Həmin fikri səsləndirənlər futbolumuzu istəməyənlərdir. Bu cür fikir yürütmək ümumiyyətlə düzgün deyil.
– Rəşad Sadıqovun avtoqol müəllifi olması həmin söhbətlərin yayılmasına təkan verdi…
– Bu, kiçik düşüncəsi olan insanların fikridir. Onda Kyellini də bizimlə oyunda öz qapısına qol vurdu ki, Antonio Konteni yola salsın? Düzdür, sonradan 2-ci qolu da vuraraq, komandasına qələbə qazandırdı. Belə fikirlərə reaksiya versək, düzgün işləyə də bilmərik. Oynadığım vaxt mənim özümə də belə şeylər deyiblər. Hamısı boş fikirlərdir. Rəşada özümdən çox inanıram. Bəlkə də o, məndən daha möhkəm, daha təmizdir. Məncə, həmin fikri ortaya atanlar da Rəşadı yaxşı tanıyırlar. Onlar bilirlər ki, Rəşad belə şeylərə getməz. Sadəcə, onu nüfuzdan salmaq üçün bu cür söz-söhbət ortaya atırlar.
– Rəşadın son vaxtlar formadan düşdüyü deyilir. Siz bu fikirlə razısınızmı?
– Klubun içində nələr olur, futbolçu nə cür hazırlaşır, bunu azarkeş görmür. Rəşad yığmanın ABŞ-la oyunu öncəsi zədələnmişdi. Demək olar ki, 2 ay bu insan zədəsini sağaltmaqla məşğul oldu. İndi-indi öz formasını yığmağa başlayır. Rəşad kimi futbolçuya həmişə ehtiyac var. Öz oyun bacarığı, təcrübəsi ilə komandaya çox kömək edir. Rəşad bundan sonra 5 il də yaxşı oynasa, yenə o cür fikirlər olacaq.
– Xorvatiya ilə oyunun birinci hissəsindəcə Qara Qarayev əvəzləndi. Sizcə, bu nə ilə bağlı oldu? Qara ilə bu barədə söhbət etdinizmi?
– Açığı, onunla bu barədə danışmamışam. Yəqin baş məşqçi oyunda dəyişiklik etmək istədi. Foqts ilk hissənin ortalarında taktiki dəyişiklilərə al atdı. Görünür, bununla bağlı olub.
– Bəs avtoqolla bağlı Rəşadla danışdınızmı?
– Bu barədə ümumiyyətlə danışmaq lazım deyil. Hətta dünyanın bir nömrəli futbolçuları da öz qapılarına qol vurublar. Hansı futbolçu istəyər ki, meydanı böyük hesablı məğlubiyyətlə tərk etsin?
– Haqqınızda gəzən söz-söhbətlər, müsbət və ya mənfi fikirlər sizə necə təsir edir?
– İnsanların yanaşması fərqlidir. Təcrübəm artdıqca adi yanaşıram bu fikirlərə. Amma məşqçiliyə təzə-təzə başlayanda əsəbiləşirdim. İndinin özündə də bəzi şəxslər olur ki, onların fikirləri adama təsir edir.
– Avropadan fərqli olaraq, bizdə azarkeş mədəniyyəti formalaşmayıb. Məğlub vəziyyətə düşəndə insanlar stadionu tez tərk edirlər. Bu sizə necə təsir edir?
– Həqiqətən də, pis təsir edir. Biz “Visla”nı Bakıda məğlub edəndə stadiona 30 min azarkeş toplaşmışdı, boş yer, demək olar ki, yox idi. 3 gün sonra çempionatda “Neftçi” ilə oyuna çıxdıq. Fikirləşdim ki, aşağısı 10 min adam həmin oyuna baxmağa gələcək. Amma 2 komandanın birlikdə 300 azarkeşi var idi. Futbolçular meydana çıxanda birdən-birə həvəsdən düşdülər. Azarkeşlərin daim stadionda olması futbolun inkişafı üçün lazım olan şərtlərdəndir. Bizim futbolu bilən azarkeşlərimiz də çoxdur. Amma sizin də qeyd etdiyiniz kimi, bizdə hələ azarkeş mentaliteti formalaşmayıb. Nalayiq ifadələr, istefa şüarları və s. Hərə öz boynuna düşən vəzifəni bilməli, yerinə yetirməlidir. Məncə, bu halda biz daha güclü olarıq.