10 Yanvar 2025
Ölkə futbolu

Qurban Qurbanov: “İşimizin çox hissəsini transferlərə ayırmışıq”

“Qarabağ” yoxlama matçında “Kəpəz”i 5:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra açıqlamalar verib:

– Mövsümün ikinci yarısına hazırlıq necə gedir?

– Çox az vaxtdır ki, yığışmışıq. İstədik ki, futbolçular özlərini rəsmi oyundakı kimi hiss etsinlər. Hər oyunçuya 45 dəqiqə meydanda olmağa şərait yaratdıq. Onlara tapşırmışdıq ki, tələsməsinlər, ehtiyatlı olsunlar. Ayın 17-si çempionat başlayır, hazrılıq üçün vaxtımız azdır. Yüksək dinamikada oyunlar keçirmək o qədər də asan deyil. Bugünkü oyun futbolçular üçün faydalı oldu. Bizim təklifimizi qəbul etdikləri üçün “Kəpəz rəhbərliyinə və Azər Bağırova təşəkkür edirəm. Ayın 12-si “Zirə” ilə keçirəcəyimiz oyun daha aktiv ola bilər. Çalışacağıq ki, qarşıdakı rəsmi matçlara qədər komandanı normal səviyyəyə gətirib çıxaraq.

– Zədəli futbolçularla bağlı durum nə yerdədir?

– Bədavi Hüseynov hələ komanda ilə məşqlərə başlamayıb. Bəhlul Mustafazadə və Marko Veşoviçə bu gün 20-25 dəqiqə oynamağa şərait yaratdıq. Abdullah Zubirin neçə gündür qızdırması var idi. Ona görə komanda ilə məşqə çıxmayıb. Digərləri yavaş-yavaş tam bərpa olunurlar. Aleksey isayev əməliyyat olunmuşdu. İlk gündən komanda ilə məşqlərə başladı. Ona da ehtiyatlı olmağı tapşırmışdıq. Ayın sonuna kimi hər şey qaydasında olacaq.

– Yassin Benzia toplanışda niyə iştirak etmir?

– Benzianın anasının durumu bir az ağırdır. Ona görə Azərbaycana dönməyib. Ona heç nə demədik. Bir dəfə xəbər göndərdi. Biz də razılaşdıq ki, anası ilə daha çox bir yerdə olsun. Nə vaxt gələcəyini deyə bilmərəm.

– Bu gün gənc oyunçulara şans verdiniz. Onlarla bağlı fikriniz necədir?

– Bir neçə futbolçu bizimlə məşqlərdə daha çox iştirak edir. Amma hələ daha çox çalışmalıdırlar, əsas komandanın oyunçuları ilə məşqlərdə iştirak etməlidirlər. Ümumən istəkli, çalışqandırlar. Məncə, daha diqqətli olmalıdırlar.

– “Qarabağ”ın “Hermanştadt”da çıxış edən Yanis Stoyka ilə maraqlandığı barədə xəbərlər var. Bu barədə nə deyə bilərsiniz?

– Bizdə belə məlumat yoxdur.

– Qışda transfer gözlənilir?

– Düzünü desəm, çox istəyirik. Demək olar ki, işimizin çox hissəsini transferlərə ayırmışıq. Amma son günlərin danışıqlarına görə alınması tam real görünmür. Yenə də vaxtımız var. Nəsə etməyə çalışacağıq.

– Qarşıdakı FKSB və “Olompiakos”la oyunlar Juninyonun transferinə təsir edəcək? Yoxsa yaxşı təklif varsa, onu buraxacaqsız?

– Təklif zətən var. Burada bəzən futbolçuları da, təklif göndərən klubu da nəzərə almaq lazımdır. Həm “Sevilya”ya, həm “Flamenqo”ya “Qarabağ”dan transfer olunmaq bizim klubun böyüməsi, kluba daha çox diqqətin ayrılması deməkdir. Təsəvvür edin ki, son bir həftədə İspaniya, Braziliya mətbuatında “Qarabağ” haqda nə qədər xəbərlər yazıldı… Braziliyalı futbolçularımızdan Riçard Almeyda ilə bu haqda danışırdıq. Digər futbolçularımızı təhlil etməyə, onlarla maraqlanmağa başlayıblar. Böyük müzakirələr gedir. Ola bilər ki, oyunçumuzu itirəcəyik. Amma ümumən klub bu transferlə böyük bir uğur əldə edəcək. Ola bilər ki, gələcəkdə futbolçular “Qarabağ”a daha rahat gəlsinlər. Çünki buradan digər klublara yaxşı transferlər olur. Həm futbol, həm siyasi tərəfdən böyük bir addımdır.

– Redon Cica Avropa Liqası oyunları üçün sifariş olunmayıb, Juninyonun da gedişi gündəmdədir. Qarşıdakı iki avrokubok matçında hücum xəttini necə quracaqsız?

– Variantlarımız var, bir addım atmalıyıq. Dəfələrlə belə hallar olub və biz çıxış yolu tapmışıq. O mövqedə oynamağı bacaran futbolçular var.

– Sizin fikrinizcə, Juninyonun “Sevilya”ya, yoxsa “Flamenqo”ya keçməsi daha yaxşı olar?

– Əlbəttə ki, futbolçunun istəyi çox önəmlidir. Bəlkə bizim üçün “Sevilya”ya getməsi daha maraqlı olardı. Çünki Avropadır, bizə daha yaxındır, köklü klubdur. “Flamenqo”ya gəldikdə, Ronaldinyo kimi futbolçu oradan çıxıbsa, deməli bu klubunda çox yaxşı iş prinsipləri var. Əsas oyunçunun ürəyincə olsun. (sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43