09 Avqust 2022
Kateqoriyasız

Qurban Qurbanov: “İsti hava bizə daha çox təsir edir, nəinki kənardan gələnlərə”

“Qarabağ” Azərbaycan Premyer Liqasının birinci turunun oyununda öz meydanında “Səbail”i 3:1 hesabı ilə məğlub edib.

 

İdmanxeber.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

– Futbolçularımı təbrik edirəm. Həm sizin, həm bizim işimiz daha çox olacaq. Oyuna gəldikdə, çox vacib üç xalı qazandıq. Baxmayaraq ki, bir az narazılıq var idi. Rəqibi tam yaxından tanımırdıq, onların potensialını tam bilmirdik. Hər bir halda futbolçularım sona kimi çox əziyyət çəkdilər. İlk oyundan göründü ki, çempionat heç də asan olmayacaq. Bugünkü oyun göstərdi ki, bu çempionat ola bilər, keçən ilkindən daha maraqlı alınsın, çətin olsun. Futbolçularım hiss etdilər ki, hər oyuna ciddi yanaşmaq lazımdı. Mahmud Qurbanova, “Səbail”ə uğurlar arzulayıram. Daha məzmunlu oyun göstərəcəyik.

 

– Ötən ilki “Səbail”lə indiki “Səbail” arasında dəyişikliklər hiss olundu?

– Birinci oyundan fikir bildirmək çətin olar. Mahmud Qurbanov ola bilər düşüncələrini tam çatdıra bilməyib komandaya.. Ötən mövsüm “Səbail”ə uduzmuşduq. Aftandil Hacıyev fərqli futbol oynadırdı. Bu il hiss olunur ki, daha iddialıdılar, transferləri daha çoxdu. Ola bilər ki, bu il iddialı olsunlar. Hansısa ümumi fikir bildirmək asan deyil.

 

– Futbolçularınızın zədələnəcəyindən sanki ehtiyarlanırdınız…

– Ola bilər ki, ehtiyatlanırdım. Qoruyub-saxlamaq istəsəm, də alınmaz. Çünki futbolçu adi bir epizodda zədələnə bilər. Futbolçuların güclərini də bölüşdürdüm. Ona görə bəzi rotasiyalar etdik. Kimisə qoruyacağımdan narahat deyildim.

 

– “Ferentsvaroş”un futbolçusu Ender Botka Macarıstan mətbuatına açıqlamasında Tofiq Bəhramov adına Respublika Stadionundakı kabab tüstüsündən şikayətlənmişdi… 

– Hava hamımız üçün eynidi. Əgər fikirləşirlərsə ki, isti havada biz yaxşı oynayırıq, onlar zəif oynayır, belə düşüncə yoxdu. İsti hava bizə daha çox təsir edir, nəinki kənardan gələnlərə. Kabab tüstüsünə gəldikdə, hamımız azərbaycanlıyıq, hər bir millətin, xalqın öz adət-ənənəsi var. Kababımız məşhurdu, milli yeməyimizdi, bütün avropalılar gələndə kababın dadını görürlər, ondan arzu edirlər. Etirazım filan yoxdu. Belə oyunlarda bizdə kabab iyi gəlirsə, Avropada içki iyi gəlir, sosika iyi gəlir. Hər ölkənin öz adət-ənənəsi var. Əksinə belə şeylərə sevinirəm. Bizim kababımız haqda danışırlar. Kim o kababın dadına baxırsa, arzu edirsə, bir də Azərbaycana gəlmək istəyir. Tüstü 90 dəqiqə olmadı. Sevinirəm ki, bizim kabab haqda məlumatlanacaqlar ki, dad, ləzzət haradan gəlir?

 

– “Ferentasvaroş”un çempionat oyunu təxirə düşdü, “Qarabağ” isə oynadı. Bu haqda fikriniz necədi? 

– Fərqli yanaşmaq olar. Bundan əvvəlki turda rəqib də oynamışdı. Onlar da 1-2 oyunçularını rotasiya etmişdilər. Bəzi futbolçularım var idi ki, çox az oynayırdılar. İdman formaları yaxşı olmalıdı. Futbolçularıma güvəndim ki, 5-6 gün bəs edər. Futbolçularımın formadan uzaq düşməməsi haqda düşündüm. Məşqdə 20 eyni səviyyədə futbolçu olanda, kefiyfiyyət daha çox olur. Qarşıda hansısa vacib oyunlardan sonra bəlkə biz də müraciət edə bilərik. Amma hazırda belə planımız yoxdu. İnanıram ki, 3-4 günü düzgün götür-qoy edib, futbolçuları daha yaxşı hazırlayacağıq.

 

– Yeni transferlər gözlənilir?

– Ehtimal var. Dayanmamışıq, baxırıq, danışıqlar gedir.

– Azarkeşlərin komandaya inamı daha da artıb, uğurun davamını istəyirlər. Siz nə düşünürsüz?

– Bu fikirlər məni sevindirir. Həmişə futbolu azarkeşlər üçün oynamışıq. İstəyirik ki, azrkeşər stadiondan məyus getməsinlər. Yaxşı oyun görüb, yaxşı nəticəyə sevinirlər. İnanıb güvənirlərsə, mütləq çalışmalıyıq ki, daha yaxşı olaq, daha böyük işlər üçün çalışmalıyıq. Bizim də inamımız var, onları sevindirmək istəyirik. Çalışacağıq ki, səfərdə azarkeşlərin güvənini itirməyək. Yaxşı nəticə üçün sona kimi oynaycağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Mövsümün ikinci yarısına tam hazır olacağıq” – “Qəbələ”nin legioneri

admin

“Lex” – “Qarabağ” oyununa ən ucuz bilet 30 manatdan başlayır

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin