Layihə

Qurban Qurbanov milli komandamız üçün necə bir seçim oldu? – LAYİHƏ

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 8-cı yazı.

Futbol üzrə milli komandamızın geridə qalan seçmə mərhələlərdəki çıxışını və sərgilədiyi oyunları təhlil etmişik. Robert Prosineçkinin yerinə təyin olunan yeni baş məşqçi Qurban Qurbanovun milli komandamızın sükanı arxasında hansı uğurları qazanacağını isə sadəcə zaman göstərə bilər. Qurban Qurbanova qədər sonuncu dəfə 9 il əvvəl yerli mütəxəssisin (Şahin Diniyev) rəhbərliyi altında olan yığmamız, yenidən azərbaycanlı məşqçinin ümidinə qalıb. Hələ ötən aylarda, Robert Prosineçkinin “kreslo”sunun silkələndiyi vaxtlarda böyük ictimaiyyət Qurban Qurbanovun millimizin sükanı arxasına keçməsini istəyirdi. Təbii ki,  təsadüfü deyildi. 2008-ci ildən bu yana “Qarabağ”ı çalışdıran, addım-addım, mərhələ-mərhələ komandasına uğur qazandıran, Azəraycan futbolunun hardan-hara gəldiyini göstərən Qurbanovdan başqa ikinci bir mükəmməl örnək ola bilməzdi. Son olaraq cari mövsüm Ağdam təmsilçisini Çempionlar Liqasının qrup mərhələsinə daşımaqla adını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdıran 45 yaşlı mütəxəssis,milli komandaya baş məşqçi təyin olunacaq ən böyük və rəqibsiz namizəd ola biləcəyini sübuta yetirdi. Bu barədə bir qədər sonra daha ətraflı danışacağıq.

Məşqçinin uğurlarına biganə qalmayan AFFA rəhbərliyi nəhayət ki, noyabrın 3-ü Qurban Qurbanovu rəsmən milli komandanın sükanı arxasına keçirdi. Yekdil qərarla Azərbaycan millisinə çalışdırıcı təyin olunan Qurbanovun yığmadan gələn təklifi geri çevirəcəyi gözlənilsə də, məsələ müsbət sonluqla başa çatdı.

Niyə Qurbanov?
Yazının əvvəlində də qeyd etdiyimiz kimi “Qarabağ”dakı uğurları Qurbanovun milli komandamıza baş məşqçi təyin olunmasına zəmin yaratdı. Qurban bəy 2008-ci ildə “köhlən atlar”la  bir illik müqavilə bağlayıb. O, baş məşqçi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib. 2008-ci ilin sonunda müqaviləsinin başa çatmasına iki ay qalmış, rəhbərlik Qurbanovla 2009-cu ilin fevral ayını gözləmədən 3 illik müqavilə bağlamaq qərarına gəlib. Çalışdırıcı Ağdam təmsilçisində ilk uğurunu da elə həmin il qazanıb.  2009-cu ildə Azərbaycan kubokunun həlledici matçında”İnter”i minimal hesabla üstələyən “Qarabağ” öz tarixi ərzində 3-cü, Qurban Qurbanovun rəhbərliyi altında isə ilk Azərbaycan kubokuna yiyələnib. Bununla da Qurban Qurbanov Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub: 2004-cü ildə “Neftçi”də komandanın kapitanı kimi və 2009-cu ildə “Qarabağ”da baş məşqçi kimi. Müqavilə müddətinin uzadıldığı il Qurbanov Ağdam təmsilçisini UEFA Avropa Liqasının pley-off mərhələsinə qədər daşıyıb. Həmin ildən sonra daha üç dəfə – 2015, 2016 və 2017-ci illərdə Azərbaycan kuboku qazanılıb, 2014, 2015, 2016 və 2017-ci illərdə isə ardıcıl 4 dəfə Premyer Liqanın qalibi adına layiq görülüb.

Qurbanovdan nə gözləyək?
Milli komandamız Avrokuboklarda kifayət qədər təcrübəsi olan məşqçimizin təcrübəsindən gələcək “tsıkl”larda yararlanacaq. Təbii ki, bunun üçün rahat şəkildə vaxt verilməlidi. Necə ki, Berti Foqts və Robert Prosineçkiyə lazımı qədər vaxt verildi. Halbuki hərəsi gələcəkdən danışsalar da, gedəcəklərinin planlarını qurdular. İnkişafdan danışarkən ağızlarına çullu dovşan sığmayan, ancaq nəticədə 2-3 xallıq fərqdən başqa ortaya heçnə qoya bilməyən əcnəbilərə, yaradılan imkan artıqlaması ilə Qurbanova da təşkil olunmalıdı. Yalnız o zaman Qurbanovdan nəsə gözləməyə dəyər. Kiçik bir xatırlatma: 2009-2010-ci il mövsümünün 23-cü turu çərçivəsində “Qarabağ” “Bakı”ya 1:4 hesabı ilə uduzur və həmin matçdan sonra bir qrup azarkeş Qurbanovu istefaya səsləyir. Elə həmin il komanda ölkə çempionatında bürünc medala sahib çıxır. 1 il sonra komandanın başında yenidən qara buludlar yer alır və komanda ardıcıl 3 matçda meydanı xalsız və qol vurmadan tərk edir. Məlum hadisələrdən sonra Qurban Qurbanovun getmə ehtimalı olduqca yüksəlir. Lakin bu dəfə də səbrli davranan rəhbərlik onunla yola davam etməyi düşünür, nəticədə komanda həmin il növbəti dəfə Avroliqanın pley-offuna qədər irəliləyir və ölkə çempionatında “bürünc”lə kifayətlənir. 2012-2013 mövsümünün V turunda AZAL -“Qarabağ” oyununda 6-2 hesabı ilə uduzduqdan sonra Qurbanov komandadan gedə biləcəyi ilə bağlı açıqlama verir. Lakin klub rəhbərliyi növbəti dəfə onunla yola davam edəcəklərini bildirir.  Həmin mövsümün sonunda Qurban Qurbanovun başçılıq etdiyi komanda Azərbaycan Premyer Liqasının gümüş medalını qazanır və UEFA Avropa Liqasında pley-off mərhələsinədək irəliləyir. Sonrakı qaznaılan nəaliyyətlər isə hər kəsə bəllidi.

Burdan o aydın olur ki, milli komandada da qazanılan istənilən nəticədən sonra Qurbanova dəstək olunmalı, güvənilməlidi. İlk öncə unutmayaq ki, milli komandanı bu günə salan o deyil. Müqavilə bağlandığı 6 il ərzində belə hansısa uğur qazanılmasa belə, onunla yola davam edilməlidi. Ən azından yuxarıda sadaladığımız faktlar beləd eməyə əsas verir.

Futbolumuzda bir ilk – bacaracaqmı?

Dünya futbolunda tez-tez rast gəlinsə də, Qurban Qurbanovun eyni anda iki postda – həm “Qarabağ” həm də, milli komandanın sükanı arxasında çalışması futbolumuz üçün bir ilk olacaq. Bəs görəsən Azərbaycan futbolunun qazandığı uğurlarda ən böyük pay sahibi olan birisi bu çətin vəzifənin öhtəsindən gələ biləcəkmi? Bu məsələdə mütəxəssislərin fikirlərinə yer verdik. “Futbol +” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin düşüncələrini dinləyək: 


Qurban Qurbanov futbola dünən, srağagün gəlməyib. Təbii ki, “Qarabağ”da qalmaqla yığmanın “sükanı arxaslna” keçməklə hansı böyük yükün altına çiyin verdiyini yaxşı dərk edir. Qurban bəy enerjili, böyük potensiala malik, özü də bütövlükdə müstəqil futbolumuzun yetirməsi olan dəyərli mütəxəssisdi. Açığı, onun son mətbuat konfransında dediklərini oxuyandan sonra belə başa düşdüm ki, öhdəsinə götürdüyü işin həcmi daha böyükdü. Hətta mənə elə gəldi ki, son 25 ildə futbolda yığılıb-qalan bütün problemləri həll edəsi adam, xilaskar kimi AFFA məhz Qurban bəyi görür. Mən isə belə düşünürəm ki, futbol ictimaiyyəti Qurbanova ciddi, sözdə yox, əməldə dəstək verərsə, hansısa nəticələrə nail olmaq mümkündü. Onu da istisna etmirəm ki, müəyyən mərhələdə Qurban bəy iki işin öhdəsindən eyni uğurla gəlməkdə çətinlik çəkə bilər. Təbii ki, belədə prioritet ölkənin əsas komandası olacaq”.


“Futbolpress.az” saytının redaktoru Elçin Cəlilovun məsələyə münasibəti isə belə oldu:
“Qurban Qurbanovun həm milli komandanın baş məşqçisi, həm “Qarabağ”ın çalışdırıcısı vəzifəsini icra etməsi  onunçün yük hesab eləmirəm. Əvvəla, o, özü bu yükün altına girməyə razılıq veribsə, deməli, əminliyi var. Bundan başqa, oun xarakterinə bələd olduğum qədər belə qənaətə gəlmişəm ki, inadkar şəxsdir. Daha çox çalışmaqdan həzz alır. Həm də fikrimcə, artıq özü də anladı ki, ona ciddi ehtiyac var. İmtina etmək istəmədi. 

Fikrimcə, Azərbaycan futbolu üçün hələ bu qədər əhəmiyyətli qərar qəbul edilməmişdi. 6 il vaxt verilib. Müsbət addımdır. Buna görə Rövnəq Abdullayevə alqış düşür.  Bu müddətdə tədricən işləri sistemə salıb 2-3 ildən sonra ilki cücərtilərin əlamətlərini görmək mümkün olacaq. Təbii ki, hamımızın daha da diqqətlə izləyəcəyi bu prosesə şəxsi maraqlardan ibarət müdaxilələr olmasa. Ən azı, media buna imkan verməyəcək. Hər belə cəhdə anında reaksiya verib, ifşa eləmək lazımdır. “Qarabağ” artıq müəyyən sistemə oturdulmuş bir klubdur.  Hesab edirəm ki, artıq aşağı yaşlara diqqət daha çox ayrılmalıdır.  Məncə, Qurbanovdan milli komanda baxımdan nəticəni yaxın 2-3 ildə gözləməyə dəyməz. Əvvəlcə sürətli islahatlar aparılmalıdır. Kadr dəyişiklikləri olmalıdır. Yerində olmayan adamlar bu sahədən uzaqlaşdırılmalı, iş başına peşəkarlar, təcrübəlilər və ən əsası, dürüts tiplər gətirilməlidir.Bu islahat xətti doğru aparılsa, ölkə futbolunun gələcəyinə inam bəsləmək olar”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43