“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasını qrup mərhələsində “Monako” ilə keçiriləcək oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun çalışdırıcısı qrupdakı şanslarını da dəyərləndirib:
“Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdi. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. “Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindir. “Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib”.