Kateqoriyasız

Qurban Qurbanov: “Rəşadın məşqçi olmaq üçün böyük potensialı var”

FutbolPressAzərbaycan Premyer Liqasında XX turun “Keşlə” – “Qarabağ” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını  cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda mübarizə apardı. Get-gedə hər bir komandanın oyununu inkişaf etdirdiyini görürük. Bizim üçün asan olmadı. Vacib 3 xal qazandıq. Hər oyuna belə motivasiya, istəklə çıxmalıyıq.

– Son oyunlarda Ailton Silvanı əvəzləyir və Maksim Medvedevi sol cinaha keçirirsiz. Bu, onun gedişinə hazırlıq məqsədi daşıyır?
– İkinci oyundu belə edirik. Ailton bir matçı cəza səbəbindən buraxmışdı. Performansı 90 dəqiqə oynamağa çatmır. Ona görə ikinci hissədə çatdırmadığı hiss olundu. Maksim dəfələrlə orda oynayıb. Başqa bir səbəbi yoxdu.

– Bu gün Abdullah Zubiri hücumun arxasında oynadırdız. Bu eksperimentin effektiv alındığını düşünürsüz?
– Bu gün mövqe dəyişikliyi etmişdik. Əvvəl də bəzi matçlarda belə yerdəyişmə olub. Bu gün sırf rəqibə görə belə addım atdıq. Zubirə qarşı müdafiəçilər daha sərt, yaxın oynayırlar. Ona sərbəstlik vermək istəyirdik. Özünü pis göstərmədi.

– Bugünlərdə müzakirə olunur ki, adı milliyə sıx hallanan Rəşad Sadıqovla da bu məsələni danışmısız və mövsümün sonunda o, karyerasını başa vuraraq məşqçiliyə başlayacaq. Yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?
– Rəşad keçən il karyerasını bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif etdik. Özü razı olmadı. Bir il də oynayıb tamamlamaq isəyirdi. Qərara gəldik ki, bu mövsüm oynasın və karyerasını bitirəcək. Onu son ildə mən saxlamışam ki, davam etdirsin.

– Sualın milli ilə bağlı hissəsi…
– Bu fikirlər məni sevindirir. Futbolda böyük əziyyəti olan insana belə hörmət edilməsi və inanılması sevindiricidi. Onun böyük potensialı var. Bunu hamınız bilirsiz. Həm futbolçu kimi, həm məşqçi kimi belədi. Bizim futbolçularımızın və məşqçilərimizin yaxşı yerlərdə oynamasına ancaq sevinirik. Potensiallı insanlara güvənmək mənim üçün xoşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43