Azərbaycan Premyer Liqasının XXXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, mövsümdə son oyununu keçirən Ağdam təmsilçisinin çalışdırıcısı məşqçi kimi ölkə çempionatlarında 250-ci matçına çıxıb.
Bu oyunadək çempion titulunu qazanan və qarşılaşmadan sonra mükafatlanan “Qarabağ”a qədər “Neftçi”nin də baş məşqçisi olan Qurbanov yubiley görüşündə 1:2 hesablı məğlubiyyətə üzülüb.
Baş məşqçi kimi 9 il əvvəl “Neftçi”də debüt edən 43 yaşlı mütəxəssis paytaxt təmsilçisində 28, əyalət klubunda 222 matç keçirib. O, ölkə çempionatlarında baş məşqçi kimi ən çox oyun keçirən 6-cı mütəxəssisdir.
Qeyd edək ki, Q.Qurbanov Qəhrəman Əliyev (381), Ağasəlim Mircavadov (343), Əsgər Abdullayev (305), Kazbek Tuayev (287) və Mehman Allahverdiyevdən (271) geri qalır.