UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.
İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclas videokonfrans formatında təşkil olunub. UEFA Avropa Konfrans Liqasında fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda (0:3) qeydə alınmış fair play hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.